Məlumat verdiyimiz kimi “Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏCİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qayıdışa aparan yol” adlı layihəsini icra edir.
Bu gün ictimai birliyin nümayəndələri layihə çərçivəsində nəzərdə tutulan növbəti tədbiri həyata keçirib – Qaradağ rayonunda məcbuir köçkünlərin müvəqqəti məskunlasdığı Qobu Park-2 Yaşayış Komleksində onlarla görüş keçirib. Tədbirin əvvəlində bütün şəhidlərimiz ruhu 1 dəqiqəlik sükutla yad edilib.
İctimai Birliyin sədri Tahir Xudiyev layihə barədə məlumat vermiş və görüşün məqsədini bildirmişdir. O qeyd etmişdir ki, Qarabağa qayıdış azadlığa və sülhə gedən yoldur.
Tədbirdə məcburi köçkünlərdən-Elxan Ağayev, şair-publisist, şəhid atası Əkbər Rüstəmov, Vəsilə Məhərrəmova, Sənubər Aslanova, Ruhiyyə Quliyeva, Bahar Mamedova, İlhamə Orucova söz alaraq problemlərini bildirmişlər. BƏCİB tərəfindən hər birinin probleminin aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırılması və həlli üçün qeydiyyatı aparılmışdır. Tədbirin sonuna yaxın Ağdam rayonundan məcburi köçkün, ağır onkoloji xəstə olan Vəsilə Məhərrəmovanın vəziyyəti pisləşdiyi üçün Təcili Tibbi Yardım briqadası çağrıldı, ona yerindəcə lazımi tibbi yardım göstərildi. Vəsilə xanımın oğlu Emin Məhərrəmov anasının ağır əməliyyat keçirdiyindən belə halların tez-tez baş verdiyini bildirdi.
Qaradağ Rayonu İcra Hakimyyətinin şöbə müdiri Həsrət Almasov və BƏCİB-in İdarə Heyəti üzvü, şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası çıxışlarında maarifləndirmə məqsədi ilə təşkil olunan belə layihələrin və tədbirilərin qayıdışa aparan yolda müharibə əlilləri və müxtəlif kateqoriyalı əlilliyi olan şəxslərin, şəhid ailələri üzvlərinin, digər imtiyazlı şəxslərin sosial həyata inteqrasiya olunmalarına, yaşayış səviyyələrinin artırılmasına mənəvi köməklik və ictimai dəstək olacağına əmin olduqlarını bildirmişlər. Qaradağ Rayonu İcra Hakimiyyətinin şöbə müdiri Şamama Ağamirova da tədbirdə iştirak edirdi.
Tədbirin sonunda xatirə şəkli çəkildi.
Məlahət Abdullayeva
Mətbuat Xidmətindən
02.06.2026
Yazıya 6 dəfə baxılıb











