Mirzə Ələkbər Sabirin xatirəsi yad olundu (fotolar+video)

Böyük Azərbaycan şairi, satirik poeziyanın görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirin doğum günü münasibətilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar və bir qrup ədəbiyyat nümayəndəsi şairin heykəlini ziyarət edib.

Tədbir iştirakçıları heykəl önünə gül dəstələri düzərək Sabirin əziz xatirəsini ehtiramla yad ediblər.

Çıxış edən AYB sədri Anar Mirzə Ələkbər Sabirin Azərbaycan ədəbiyyatının inkişafındakı müstəsna xidmətlərindən danışıb. O qeyd edib ki, Sabir xalqın dərdini, sosial problemləri və cəmiyyətin nöqsanlarını yüksək sənətkarlıqla qələmə alan böyük söz ustası olub. Anar bildirib ki, bu anım tədbiri hər il şairin Şamaxıdakı məzarı önündə də keçirilir və onun zəngin irsinin yaşadılmasına xidmət edir.

Tədbirdə AYB katibləri Səlim Babullaoğlu və Elçin Hüseynbəyli, sədrin baş müşaviri Rauf Aslanoğlu, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, şairlər Damət Salmanoğlu, Vəli Qaraçaylı, Mətanət Ulu Şirvanlı, Şəfəq Sahibli və digər ədəbiyyat adamları çıxış edərək Mirzə Ələkbər Sabirin Azərbaycan ədəbiyyatına, maarifçilik ideyalarının yayılmasına və milli ictimai fikrin formalaşmasına verdiyi mühüm töhfələrdən söz açıblar.

Çıxışlarda vurğulanıb ki, Sabirin yaradıcılığı bu gün də öz aktuallığını qoruyur, onun irsi yeni nəsillərin mənəvi tərbiyəsində mühüm rol oynayır. Daha sonra böyük şairin ruhuna dualar oxunub.

Anım mərasimi Mirzə Ələkbər Sabirin doğum gününə həsr olunmuş ehtiram tədbiri kimi başa çatıb.

Yazıya 21 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.