BEC İctimai Birliyi hüquqlarının bərpası tələbi ilə etiraz sərgisinə hazırlaşır

Bildiririk ki, Bakı şəhəri Nizami rayonu, Ş. Mirzəyev-34 ünvanında yerləşən şəxsi mülkümüzdə uzun illər “Beynəlxalq Əlillər Cəmiyyəti”, “Türk Dünyası Turan Düşüncə Mərkəzi”, “Aztəminatlı, Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək”, “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” ictimai birlikləri və “Əlillər Dünyası” qəzetinin ofisi yerləşirdi. Hazırda həmin yerdə dövlətin pilot layihəsi ilə “Vesta Construction” şirkət tərəfindən 16 mərtəbəli bina ucaldılmışdır.

2016-cı ilin avqust ayının 18-də Nizami RİH nümayəndələrinin iştirakı ilə Bakı şəhəri 15 saylı Dövlət Notariat kontorunda imzalanmış müqaviləyə əsasən 2 il müddətinə ikinci mərtəbədə 90.3 kv.m ümumi sahəsi olan A-2.6. saylı tam təmirli mənzil, onun altında yerləşən 1-B-1 saylı 100.4 kv.m ümumi sahəsi olan tam təmirli qeyri-yaşayış sahəsi və bir avtomaşın üçün dayanacaq bizə təhvil verilməli idi. Lakin həmin yerlər şirkət tərəfindən dələduzluq edilərək satılmışdır. Son səkkiz ildə bununla bağlı aidiyyəti üzrə bütün dövlət qurumlarına, eləcə də hüquq–mühafizə orqanlarına mütəmadi olaraq şikayət məktubları ünvanlamışıq. Lakin heç bir köməklik olunmayıb.

Həmin bu Ş.Mirzəyev-34 ünvanında yaxın günlərdə çadır quraraq həm təşkilatların ofisi kimi istifadə etmək, həm də yaşayış yerimiz olmadığından, yaşamaq məcburiyyətindəyik. Eyni zamanda burada təşkilatların istedadlı üzvlərinin rəsm əsərləri və digər əl işlərinin möhtəşəm xüsusi sərgisi də keçiriləcəkdir. Bu sərgiyə hər bir Azərbaycan vətəndaşı, bütün KİV-lər rəsmi dəvətlidir. Giriş sərbəstdir.

Məqsədimiz “Vesta Construction“ şirkətini dəstəkləyən bəzi dövlət məmurları tərəfindən bizim başımıza gətirilən zülmü möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının, Birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın, Azərbaycandakı yerli və beynəlxalq təşkilatların, eləcə də bütün ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Sərginin keçiriləcəyi tarix və vaxt barədə əlavə məlumat veriləcəkdir.

 

BEC Mətbuat Xidməti

Yazıya 7 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.