ABŞ – İsrail – İran münaqişəsi, kim qalib gəldi, kim uddu, kim uduzdu?

Elman Bağırov,
Ədalət Partiyasının sədr müavini

ABŞ–İsrail–İran qarşıdurması “klassik müharibə” deyil, İran məğlub olmayıb, daha çox uzunmüddətli geosiyasi, hərbi və psixoloji rəqabətdir. Ona görə də “kim qalib gəldi?” sualının cavabı qısa və birmənalı deyil — amma mövcud mərhələdə nisbi qazananlar və uduzanlar üzrə qiymətləndirmə aparmaq olar.

Bu qarşıdurmada “Kim uddu, kim uduzdu” sualına həm qısa, həm də detallı cavablar tapmağa çalışaq:

     Hərbi baxımdan – ABŞ və İsrail üstünlük əldə edib

Hərbi nəticələrə baxsaq ABŞ və İsraili taktiki qalib saymaq olar. İranın raket sistemləri, hərbi bazaları, donanmasının böyük hissəsi məhv edilib, hücum qabiliyyəti ciddi azalıb. Nüvə infrastrukturu yenidən ciddi zərbə alıb, hərbi sənayesi neçə onilliklər geri atılıb. ABŞ – İsrail hava üstünlüyünü tam təmin edib. ABŞ regionda müvcudluğunu və təsirini qoruyur, Körfəz ölkələrini öz təhlükəsizlik orbitində saxlayır.

ABŞ və İsrailin hərbi üstünlüklərinə baxmayaraq, İran hələ də tutarlı cavab zərbələri endirir. Hörmüz boğazını nəzarətdə saxlaya bilir.

      Strateji və siyasi baxımdan – ABŞ strateji üstünlük qazansa da tam qələbə qazana bilməyib. İran məğlub olmayıb, ABŞ – ın əsas məqsədlərindən biri olan “Rejimin devrilməsi” baş tutmayıb, İranın nüvə və raket proqramını tam dayandıra bilməyib.

Yaxın Şərqdə sabitliyi təmin edə bilməyib. Çin və Rusiya kimi rəqiblərin regiona daxil olması artıb. ABŞ hələ də əsas gücdür, amma əvvəlki kimi “tam dominant” deyil.

– İran regionda öz təsirini saxlayır, “Müqavimət oxu” (İraq, Suriya, Livan və Yəməndəki proksi qüvvələr) zəifləsə də tam yox olmayıb, nüvə proqramını məhv olmaqdan qoruyub saxlaya bilib. Beynəlxalq təcrid, daxili narazılıqlarla üzləşən İran “Proksi müharibə” strategiyası ilə birbaşa toqquşmadan qaçır, ən çox zərər görsə də “oyunu pozma” qabiliyyətini saxlayır.

İran hərbi-siyasi baxımdan mövqeyini qoruyub, amma iqtisadi baxımdan ciddi uduzur.

– İsrail bu münaqişədə taktiki uğurlar qazandığı qədər strateji risklərə getmişdir. İranın Suriyadakı və regiondakı bəzi mövqelərinə zərbələr endirib, kəşfiyyat və texnoloji üstünlüyünü qoruyur, ABŞ-la hərbi-siyasi ittifaqı güclüdür. İranın ətrafında “müttəfiq halqası” (Hizbullah, HƏMAS və s.) qalır, regionda uzunmüddətli təhlükəsizlik riski yüksəkdir. Daimi müharibə vəziyyəti iqtisadi və sosial yük yaradır, siyasi liderlik (Netanyahu) ciddi tənqid olunur.

İsrail qısa müddətdə güclüdür, amma uzunmüddətli təhlükəsizlik problemi qalır.

       İqtisadi baxımdan –  Demək olar ki hamı uduzub (xüsusilə dünya iqtisadiyyatı, Avropa İttifaqı). Hörmüz boğazının bağlanması nəticəsində neft qiymətlərinin kəskin artması dünya üzrə enerji böhranı riski yaratdı, beynəlxalq logistika və ticarət pozuldu, qlobal “Domino effekti” yarandı. Bu böhrandan milyonlarla insan yoxsulluğa düşə bilər.

Ən ciddi iqtisadi zərbə alan ölkə İrandır. Ölkədə infrastruktur ciddi dağıntılara məruz qaldı. Sanksiyalar və müharibə ciddi iqtisadi kollaps riski yaratmışdır ki, İranı qarşıda daha ciddi iqtisadi böhranın gözlədiyini demək olar.

ABŞ bu münaqişədə iqtisadi cəhətdən qismən uduzan tərəfdir. Yanacaq qiymətlərinin artımı daxili siyasi təzyiqin artmasına səbəb oldu, Bahalı raketlər və resurslar sürətlə xərcləndi, bu da digər regionlarda (Çin, Rusiya istiqaməti) zəifləmə riski yaratdı.

ABŞ – ən böyük iqtisadi qazananlardan biridir.

Silah ixracı kəskin artdı (xüsusilə İsrail və Körfəz ölkələrinə)

Enerji bazarında təsiri gücləndi (LNG – mayeləşdirilmiş təbii qaz ixracı Avropa və Asiyaya)

Dolların qlobal dominantlığı qorundu

ABŞ üçün münaqişə həm hərbi, həm iqtisadi baxımdan “idarə olunan gəlir mənbəyi”dir.

DOLAYI QAZANANLAR

Bu münaqişədən ən çox fayda götürənlər bəzən birbaşa tərəflər deyil:

Rusiya – regionda təsir imkanlarını artırır. Neft və qaz qiymətlərinin artmasından böyük gəlir əldə etdi. Qərbin diqqəti Ukraynadan bir qədər yayındı, İranla əməkdaşlıq genişləndi

Çin – enerji və iqtisadi əlaqələrini genişləndirir. Çin – səssiz iqtisadi qalib. Ucuz İran nefti almağa davam etdi, regionda iqtisadi təsirini artırdı (İpək yolu layihələri)

ABŞ zəiflədikcə Çin üçün geosiyasi boşluq yarandı. Çin açıq iştirak etmədən maksimum iqtisadi fayda götürür.

Səudiyyə Ərəbistanı və Körfəz ölkələri

Neft qiymətlərinin qalxması ilə böyük gəlir əldə etdilər

ABŞ-dan təhlükəsizlik müqabilində siyasi və iqtisadi güzəştlər qazandılar

 

YEKUN QİYMƏTLƏNDİRMƏ

ABŞ → hələ liderdir, amma zəifləyən dominantlıq

İsrail → güclü, amma daimi risk altında

İran → regional oyunçu kimi güclənib, iqtisadi cəhətdən zəif

Bu qarşıdurmada heç kim tam qalib deyil, amma hər tərəf müəyyən sahədə qazanır və digər sahədə uduzur.

Bu münaqişəyə iqtisadi prizmadan baxanda maraqlı bir mənzərə ortaya çıxır: birbaşa tərəflərdən çox, dolayı iştirakçılar daha çox pul qazanır.

Bu münaqişənin iqtisadi mahiyyəti belədir:

Müharibə və gərginlik yaradanlar yox, onu “idarə edənlər” və “kənardan istifadə edənlər” daha çox pul qazanır.

Yazıya 19 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.