8 aprel tarixində Azərbaycan Auditorlar Palatasında qurumun yaradılmasının 30 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Palatanın rəhbərliyi və üzvləri, tanınmış ziyalılar, fəxri qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təşkilatçılar Palatanın ötən 30 il ərzində keçdiyi inkişaf yolundan, ölkədə audit xidmətinin formalaşması və təkmilləşdirilməsi istiqamətində gördüyü mühüm işlərdən danışıblar. Bildirilib ki, Auditorlar Palatası yarandığı gündən etibarən Azərbaycan iqtisadiyyatında şəffaflığın təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi və peşəkar audit xidmətlərinin inkişafı istiqamətində əhəmiyyətli rol oynayıb.
Tədbirdə çıxış edən Palatanın Ağsaqqallar Şurasının sədri, “Tərəqqi” medallı auditor Çingiz Abbasov yubiley münasibətilə iştirakçıları təbrik edərək bildirib: “Azərbaycan Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə başda Palatanın qurucusu, professor Vahid Tapdıq oğlu Novruzovu, Palatanın üzvlərini və xalqımızı səmimi-qəlbdən təbrik edirəm. Vahid müəllimin uzunillik və səmərəli fəaliyyəti, iqtisad elminin inkişafına verdiyi dəyərli töhfələr, auditor xidmətinin formalaşması və inkişafındakı müstəsna rolu böyük hörmət və ehtiram doğurur.
Onun rəhbərliyi dövründə Auditorlar Palatasının qazandığı uğurlar, həyata keçirilən mühüm islahatlar, beynəlxalq standartların tətbiqi istiqamətində atılan addımlar və peşəkar auditor kadrlarının hazırlanması sahəsində görülən işlər Vahid müəllimin yüksək peşəkarlığının, zəhmətinin və prinsipial mövqeyinin parlaq göstəricisidir. Bu uğurlar təkcə Palatanın deyil, ümumilikdə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verib, maliyyə şəffaflığının və hesabatlılığın güclənməsində xüsusi rol oynayıb.
Bu gün Auditorlar Palatası öz nüfuzu, fəaliyyəti və qazandığı təcrübə ilə regionda seçilən qurumlardan birinə çevrilib. Bu isə, şübhəsiz ki, möhkəm təməl üzərində qurulmuş strateji idarəetmənin və uzaqgörən yanaşmanın nəticəsidir.
Mən xüsusilə gənc auditorlara müraciət edərək bildirmək istəyirəm ki, onlar bu şərəfli peşəni layiqincə davam etdirməli, Vahid müəllimin əsasını qoyduğu şəffaflıq, dürüstlük və peşəkarlıq prinsiplərinə sadiq qalmalıdırlar. İnanıram ki, gənclər bu yolu uğurla davam etdirərək Auditorlar Palatasının gələcək nailiyyətlərinə öz töhfələrini verəcəklər.
Bir daha yubiley münasibətilə hər birinizi təbrik edir, Auditorlar Palatasına gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.”
Daha sonra Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov çıxış edərək qurumun ölkə iqtisadiyyatındakı rolundan geniş bəhs edib. O vurğulayıb ki, Palata fəaliyyət göstərdiyi müddət ərzində audit sahəsində beynəlxalq standartların tətbiqi, peşəkar kadrların hazırlanması və maliyyə intizamının möhkəmləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirib. Onun sözlərinə görə, qurum gələcəkdə də iqtisadi inkişafın dəstəklənməsi və şəffaflığın artırılması məqsədilə fəaliyyətini daha da genişləndirəcək.
Tədbir çərçivəsində Respublikanın Əməkdar artisti Ağalar Bayramovun fəxri qonaq qismində çıxışı yubiley mərasiminə xüsusi rəng qatıb. Sənətkarın səhnəyə dəvəti iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Ağalar Bayramov çıxışına Azərbaycan Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə səmimi təbriklərini çatdırmaqla başlayıb. O, təbrikini adi nitq formasında deyil, poetik üslubda – duyğulu və məna yüklü misralar üzərində quraraq təqdim edib. Onun səsləndirdiyi şeirlərdə zəhmətə, dürüstlüyə, peşəkarlığa və dövlətə xidmətə verilən yüksək dəyər xüsusi vurğulanıb. Sənətkar, eyni zamanda, auditor peşəsinin məsuliyyətini, cəmiyyət üçün əhəmiyyətini və bu sahədə çalışan insanların daşıdığı mənəvi yükü bədii ifadələrlə diqqətə çatdırıb.
Digər çıxış edənlər də Palatanın keçdiyi uğurlu inkişaf yolundan söz açaraq, əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər. Natiqlər gənc auditorlara peşəkarlıq, dürüstlük və məsuliyyət prinsiplərinə sadiq qalmağı tövsiyə edərək, onların bu sahənin gələcək inkişafında mühüm rol oynayacaqlarını qeyd ediblər. Eyni zamanda, Auditorlar Palatasının gələcək perspektivləri, qarşıda duran vəzifələr və yeni hədəflər barədə fikirlər səsləndirilib.
Tədbirin sonunda iştirakçılar xatirə şəkilləri çəkdirib, yubiley münasibətilə bir daha təbriklərini ifadə ediblər.
Yazıya 17 dəfə baxılıb






















