21 oktyabr 2025-ci il tarixində saat 12:00-da Özbəkistan Fotoqraflar İttifaqının (Toshkent Fotosuratlar Uyi) sərgi salonunda “Rənglərin Qardaşlığı” adlı beynəlxalq rəsm sərgisinin açılışı keçiriləcək.
Sərgi “Dünyanı Sənət Qurtaracaq” devizi altında Uluslararası Aktivist Sanatçılar Birliyi (UASB), Azərbaycan Rəssamlar İttifaqı, Özbəkistan və Qazaxıstan sənət qurumlarının dəstəyi ilə təşkil olunur. Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan və Azərbaycan rəssamlarının plener zamanı yaratdıqları əsərlər nümayiş etdiriləcək.
Sərginin əsas məqsədi qardaş xalqlar arasında mədəni və bədii əlaqələri möhkəmləndirmək, sülh, dostluq və insanlıq dəyərlərini sənətin dili ilə ifadə etməkdir.
Bu layihə sənətin birləşdirici gücünü ön plana çəkərək, “Savaşlara inad, barış üçün, insanlıq üçün sənət!” şüarı ilə region xalqlarının ortaq mədəni irsini və yaradıcı ruhunu təcəssüm etdirir.
Açılış mərasimində iştirak edən rəssamlar arasında tanınmış sənətkarlar və gənc istedadlar da yer alır. Tədbir çərçivəsində iştirakçılar üçün mədəni mübadilə və sənət əlaqələrinin inkişafı məqsədilə görüşlər də keçiriləcək.
Yazıya 3 dəfə baxılıb











