Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin layihəsi əsasında misirli yazıçı Əşrəf Dalinin “Şəmaus” romanı Azərbaycan dilində nəşr olunub.
Ərəb dilindən Azərbaycan dilinə tərcümə Təranə Məmmədə, kitabın redaktorluğu və ön sözün müəllifliyi isə Adilə Nəzərə məxsusdur.
Müasir Misir cəmiyyətinin sosial təbəqələşməsini və mənəvi aşınmasını əks etdirən roman cəmiyyətin ağrılı problemlərinə, insan talelərinə və ədalət axtarışına diqqət çəkir. Əsərin süjet xəttinin mərkəzində kəndli qızı Nərgizin faciəvi ölümü və bu hadisədən sonra başlayan ədalət axtarışı dayanır. Müəllif bu faciə vasitəsilə cəmiyyətdəki sosial ziddiyyətləri, mənəvi böhranı və insanın haqq uğrunda mübarizəsini bədii şəkildə təqdim edir.
Qeyd edək ki, kitabın təqdimat mərasimi 20 oktyabr 2026-cı il tarixində saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında keçiriləcək.
Kitab Evi İctimai Birliyi və Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq tədbirin məqsədi ədəbiyyatsevərləri misirli yazıçının yaradıcılığı ilə tanış etmək, yeni nəşri oxuculara təqdim etmək, eləcə də Azərbaycan və ərəb ədəbiyyatları arasında ədəbi əlaqələrin inkişafına töhfə verməkdir.

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin layihəsi əsasında, son zamanalr, nəşr edilmiş kitablar
Yazıya 7 dəfə baxılıb










