Azərbaycan şairi, dramaturq və ictimai xadim Süleyman Rüstəmin 120 illik yubileyinə həsr olunmuş musiqili poeziya gecəsi keçirilib. Azərbaycan Yazıçılar Birliyi və Rəşid Behbudov adına Mahnı Teatrının birgə layihəsi olan yubiley mərasimi tanınmış ziyalıları, ədəbiyyat və musiqi xadimlərini, müğənniləri, qiraətçiləri və ədəbiyyatsevərləri bir araya gətirib.
Tədbirin əsas məqsədi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Süleyman Rüstəmin zəngin ədəbi irsini yad etmək, onun yaradıcılığının milli-mənəvi dəyərlərimizin qorunmasında və gələcək nəsillərə çatdırılmasında əhəmiyyətini vurğulamaq olub.
Yubiley mərasimini giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açıb. O, çıxışında Süleyman Rüstəmin Azərbaycan ədəbiyyatındakı mövqeyindən, şairin milli poeziyamızın inkişafındakı rolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb. Anar Süleyman Rüstəmin ədəbi irsinin xalqımızın mənəvi yaddaşında mühüm yer tutduğunu vurğulayaraq, şairin yaradıcılığının öz dövrünün ictimai-mədəni həyatını, insan duyğularını və milli düşüncəni əks etdirən dəyərli sənət nümunələri ilə zəngin olduğunu qeyd edib.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbiyyatşünas Əsəd Cahangir Süleyman Rüstəmin yaradıcılığı haqqında məruzə ilə çıxış edib. O, şairin poetik dünyasına, yaradıcılığının səciyyəvi xüsusiyyətlərinə və Azərbaycan ədəbiyyatında tutduğu mövqeyə nəzər salıb. Ədəbiyyatşünas Süleyman Rüstəmin poeziyasının bədii-estetik məziyyətlərindən, söz sənətinə gətirdiyi yeniliklərdən və ədəbi irsinin ədəbiyyat tariximizdəki əhəmiyyətindən bəhs edib.
Rəsmi çıxışlardan sonra yubiley gecəsi konsert proqramı ilə davam edib. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının İnstrumental Ansamblının müşayiəti ilə təqdim olunan musiqi nömrələri gecəyə xüsusi rəng qatıb. Bədii proqram çərçivəsində Süleyman Rüstəmin şeirləri qiraət olunub, şairin sözlərinə bəstələnmiş mahnılar tanınmış müğənnilərin ifasında səsləndirilib.
Yubiley mərasimində Süleyman Rüstəmin nəvəsi Günəş Rüstəmzadə də çıxış edib. O, babasının ədəbi irsinə göstərilən diqqətə, xatirəsinin ehtiramla yad edilməsinə və yubiley tədbirinin təşkilinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, Rəşid Behbudov adına Mahnı Teatrına, təşkilatçılara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Tədbir iştirakçıları Süleyman Rüstəmin zəngin yaradıcılıq irsini ədəbiyyat və musiqinin vəhdətində təqdim edən yubiley proqramını Azərbaycan söz sənətinə ehtiramın ifadəsi kimi dəyərləndiriblər.
Səmimi və ədəbi-bədii ovqatda keçən gecə xatirə fotolarının çəkilməsi ilə başa çatıb.
Yazıya 12 dəfə baxılıb











