İradə Aytel – İntihar edən Qazi… (tək şeir)

29683183_2078690365477964_8525770261511745029_nDöyüşdə tək qalan əsgərin sonuncu ümidi,

Sonuncu gülləsidi

İntihar edən Qazi.

O son güllə

Əvvəl əsgərin arzularına,

Sonra alnına,

Sonra anasının ürəyinə sıxıldı…

Oğula dəyən güllənin atəşi ananın sinəsindən çıxdıqca

İsindi oğlunu döyüşdən gizlədən məmurun sarayı.

 

Kasıb komalardakı Şəhid övladlarının

İsti paltarıdı

Intihar edən Qazi.

Qazinin sinəsinə od düşdükcə

Şəhid gödəkçələrinin

güllə yerindən tüstü qalxdı…

Şəhid balalarının gözləri acışdı

Və o gözlərdə qorunan ata silueti də boğuldu…

Üşüdü Şəhid balaları…

 

“Ya Qarabağ, ya ölüm” – deyə ölümə yollanan

Oğulların alnına düşən qırış,

Ümidinə çökən axşamdır

İntihar edən Qazi!

Bir gün

Qolunu mənə,

Gözünü sənə,

Ayağını ona,

Ürəyini vətənə verənlərin

Qolları, ayaqları gözləri, ürəkləri quruyacaq,

“Ya Qarabağ, ya ölüm” – deyə ölümə yollanan

Oğulların alnına düşən qırışın,

Ümidinə çökən axşamın qaranlığında boğulacağıq!

Bir daha gün doğmayacaq üzümüzə,

Allah da rəhm etməyəcək bizə!

 

Bakı-2024

 

Yazıya 74 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.