Yollarına boylanıram.
Kölgən olub dolanıram.
Tənhalığa bağlanıram.
Sənin üçün darıxıram.
Yoxluğunla barışıram.
Unutmağa çalışıram.
Həsrətinlə alışıram .
Sənin üçün darıxıram.
Keçsə də, aradan illər,
Duyğular silinməzdilər.
Ay köhnəlmiş xatirələr,
Sənin üçün darıxıram.
Darıxmağa səbəbim çox,
Hər səbəbin çarəsi yox,
Ay qəlbimə sancılan ox,
Sənin üçün darıxıram.
İntizarda qoyan məni,
Qara saça saldın dəni.
Yenə sevir bu can səni.
Sənin üçün darıxıram.
Söylə, məni unutmusan?
Sevməkdənmi yorulmusan?
Niyə uzaqda durmusan?
Sənin üçün darıxıram.
Daş olasan, ay qəlbi daş.
Necə qıydın bu gözə yaş?
Geri dönüb deyeydin kaş,
Sənin üçün darıxıram.
İnsaf eylə, qayıt geri.
Qoyma əssin, hicran yeli.
Uzat mənə sevgi əli.
Sənin üçün darıxıram.
Yazıya 1131 dəfə baxılıb