Gəncə AYB – in üzvləri VII “ Elat ” bayramında iştirak ediblər
Gürcüstanın Borçalı mahalının Dmanisi rayonunda Borçalı İctimai Cəmiyyətinin təşəbbüsü ilə sayca VII Elat Mədəniyyəti Günü keçirilib. 2009-cu ildən Armudlu yaylasında keçirilən bu bayrama ilk dəfə olaraq, Gürcüstanın siyasi hakimiyyət təmsilçiləri də qatılıb. Bayram tədbirində Gəncə şəhərini Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, uşaq yazarı Aləmzər Əlizadə, şairlər Sahib İbrahimli, Ramiz Təmkin, İradə Aytel və Ceyhunə Mehmanqızı təmsil ediblər.
Tədbirin əvvəlində bayramın Təşkilat Komitəsinin Gürcüstan təmsilçisi İsrafil Bayramov qonaqları salamlayaraq “ Elat ” bayramı haqda qısa məlumat verib. Çıxışından sonra səhnəyə Kvemo-Kartlinin qubernatoru Pata Xizanişvilini dəvət edib. Qubernator gürcü dilində və Azərbaycan türkcəsində iştirakçılara xoş gəldin deyib. “Elat” bayramının önəmi haqda danışıb.
Türkiyədən bayrama qatılan geniş heyət adından Sərhəd Boyları Dərnəyinin sədri Muhərrəm Yıldız, Dünya Qarapapaq Türkləri Birliyi TK-nin sədri Seyfullah Türksoy, İstanbul Azərbaycan Kültür Evi başqanı Hikmət Elp, EkoAvrasiya Birliyinin sədri Hikmət Eren, iş adamları Zəkəriyyə Kutlucan, Ziya Kılıc,Bursa Bələdiyyəsinin təmsilçisi Selattin Turanın çıxışları böyük coşqu ilə qarşılanıb. Fransadan “Elat”a qatılan Dünya Axıska Türkləri Birliyi sədrinin müavini Burhan Özkoşar da bayram şənliyində təbrik nitqi söyləyib.
Qars aşıqlarının çıxışından sonra Güney Azərbaycan Konqresinin VII Elat Mədəniyyəti Günü münasibəti ilə ünvanladığı təbrik mesajı oxunub. Tədbir Azərbaycandan gələn incəsənət ustalarının çıxışları ilə davam edib.
Daha sonra ilin “El Adamı” mükafatı qaliblərə təqdim olunub. Tanınmış alimlər Nəsib Nəsibli, Tapdıq Həsənov, Borçalı Cəmiyyətinin üzvləri Salman Murğuzlu, Əhməd Məmmədov , Sabir Aşurov, şair Dünyamalı Kərəm, Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, Dmanisi Aşağı Qruzman məktəbinin direktoru İslam Məmmədov, jurnalist Alxan Binnətoğlu və Saqareco Bələdiyyəsinin üzvü Qəzənfər Məmmədov ilin “El Adamı”mükafatı ilə təltif olunublar. Ümumilikdə 4 saatdan artıq davam edən bayram mərasimi Borçalıdan olan sənət adamlarının, o cümlədən folklor qrupları, aşıqlar, gənc istedadların, habelə idmançıların çıxışları ilə davam edib. Elat Bayramının axşamı isə Türkiyə və Azərbaycandan gələn qonaqlar üçün Tiflisdə ziyafət mərasimi təşkil olunub.
Samirə Süleymanlı GanjaNews.az saytının redaktor müavini
Yazıya 700 dəfə baxılıb