Həsrətini çox çəkmişdim. Ona görə də görüşünə yaman tələsirdim.
Baxışlarınla həsrətimi yumaq istəyirdim. Bu istək, bu arzu məni sənin görüşünə tələsdirirdi.
Sənin iş yerinə çatdım. Binaları nəzərdən keçirtdim. Otaqlarda sənin kiminləsə görüşün gözüm önündə canlandı. İlk dəfə içimdə nəsə qırıldı. Geri qayıtmaq istədim, amma özümlə bacara bilmədim.
İş yoldaşlarından səni soruşdum. «Burdayam» deyib təbəssüm dolu sifətinlə mənə tərəf gəldin.
Hər şeyi unutdum. Artıq dünya mənim idi.
Əl verib görüşdük. Səni qucaqlayıb bağrıma basmaqdan özümü güclə saxladım. Sənin iş otağına keçdik. Hal-əhvaldan sonra, gəlişimin məqsədini soruşdun. Dedim sənin üçün məhəbbət nəğməsi yazmışam, onu sənə oxumaq istəyirəm.
Güldün. “Oxu”, dedin.
Oxudum. Bir gözüm vərəqdə, bir gözüm isə səndə idi. Utanaraq başını aşağı salıb qulaq asırdın. Saçların allanmış sifətini məndən gizlədərək, özü öpürdü. Qısqanırdım saçlarını. Arabir kirpiklərini qaldıraraq qara gözlərinlə xəlvəti süzürdün məni. Hava isti olduğu üçün pəncərəni açıq qoymuşdun.
Pəncərənin qarşısından keçənlərə qısqandım səni. Sənin üçün oxuduğum nəğməni eşitməsinlər deyə pəncərəni «ört» dedim.
Ayağa durdun, saçlarını əlin ilə geri darayaraq, pəncərəni örtdün, dodaqlarında mənalı təbəssüm «içəri isti deyilmi?» dedin.
Qısqanıram, sənə oxuduğum nəğməni başqası eşitməsin, nəfəsinin ətrini başqası udmasın.
Qarşımda dayandın. Əynindəki qara don sinəni necə qucmuşdu. Dondan yaxana elə bil quzey qarı sürüşüb düşmüşdü. Qara rənglə bəyaz sinənin ağla gəlməz təzadında ilahi bir gözəllik baxışlarımı çaşdırdı. Qısqanclıq bir anlığa içimi doğradı, şüurumu kütləşdirdi. Donu cırıb əynindən çıxartmaq istədim. Elə bil bu qara don ağ sinəni, qoşa narı qucmaqla mənə meydan oxuyaraq deyirdi: «Həsrəti sən çəkirsən, ləzzəti isə mən görürəm».
Oxudum nəğməmi sənə, ürəyimdən keçən hisslərdi. Bilmirəm tam ifadə edə bilmişəmmi? – dedim.
«Çox tərifləmisən məni. Belə gözəl olduğumu bilmirdim» – gülümsündün.
Mənim gözümlə baxanda dünyanın ən gözəli sənsən, – dedim.
Qapı açıldı. «İclasa çağırırlar səni» – dedi kimsə. Gözlərim dodaqlarında qaldı «Səni sevirəm» sözü üçün.
Yenə həmin sözün həsrətində qoydun məni. Ayağa durduq.
Əl verdin, görüşüb ayrılmaq üçün. «Tez-tez gəlin» dedin.
– Sağ olun, daha mənim bura gəlməyimə ehtiyac yoxdu, – dedim və içimi doğrayan bir qısqanclıqla sənin iş otağından çıxdım. Yol boyu bir fikirdən yaxa qurtara bilmirdim:
– Mən səni niyə, nə üçün qısqanıram?
Yazıya 574 dəfə baxılıb