Məryəm Əliyeva – MƏNİM GÖZÜM HƏYAT ADLI BİR KİTAB…

46301135_2004622019584631_5160043459683287040_o*
Mən elə bir Günəşəm,
Odum səni yandırır.
Uçur qığılcımları-
Ağ kəfəni yandırır.

İllərinin kəməndi,
Düyünündən əmindi.
Elə bilmə qəm indi,
Bircə məni yandırır.

Gördüyün dərd dəstəsi,
Boz buludun bəstəsi.
Damcıların istisi,
Çökür, çəni yandırır.

*
Gözüm üstə olanlarım,
Gözümdə əsdi bilmədim!
Bağlamadı kipriyimi,
Nə idi qəsdi, bilmədim!

Bir ümiddən fərəhlənən,
Sevdasıyla yəhərlənən.
Bilə-bilə qəhərlənən,
Yaşımı kəsdi, bilmədim!

Önü bağlı arzularım,
Yarı, bütöv duyğularım.
Quş qanadlı xəyallarım,
Bəxtimə küsdü, bilmədim!

Duman çökdü tellərimə,
Külüng çaldı illərimə,
Danışmadı dil yerimə,
Sədaydı, səsdi, bilmədim!

Kiçik, böyük qırışlarım,
Ağ-qaralı naxışlarım.
Ölüm-qalım yarışlarım,
Söylədi, bəsdi, bilmədim!

*
Saçlarımın qoxusunu köksünə,
Çəkə-çəkə çağlayasan, daşasan.
Bircə-bircə yığa bilsən dənlərin,
Ürəyinlə bağlayasan, yaşasam.

Köklənəsən birdəfəlik ömrümə,
Qoymayasan illərimi laxlaya.
Budaqlarım silkələsə bəxtimi,
Qismətinə “güllərimi” saxlaya.

Qatar-qatar arzularım yol gedə,
Körpü ola ürəyimə gözlərin.
Yüz ümiddən bircəsinin dalınca,
Çata bilə köməyinə sözlərin.

İnsaf edə dil vüsalın cəhdinə,
Çəkə bilə kəlmə-kəlmə qəhərin.
Bəlkə onda danışmaya hicranım,
İçə bilə qurtum-qurtum zəhərin.

Mənim gözüm həyat adlı bir kitab,
Ürəklənib oxuyasan halımı.
Kipriyinlə hana qurub gözümdə,
Baxışınla toxuyasan xalımı.

Yazıya 579 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.