(Alın yazısı)
“Divarın üzərindəki bu sözü cızmış adam neçə əsrlər bundan əvvəl yer üzündə yaşayanlar arasından çıxıb getmiş və cızdığı bu söz məbədin divarından yox olmuşdu. Az sonra bu məbədin özü də yür üzündən yox olub gedəcək” (V.Hüqo/ Paris Notr-Dam Kiləsi)
Tanrının evi də yanarmış demək,
Onu biz yandırdıq?! Tanrı, de bilək.
Yoxsa ki Hüqonun ruhundan qisas
aldı illər sonra naxələf firəng
O gecə aləmi bürüdü zülmət,
Susdu hayqırışlı haqq və həqiqət
Yağışlı səma da kəsdi suyunu,
Şərin qarşısında çökdü ədalət
Notre Dam alovu, cəhənnəm olub,
Müqəddəs Məryəmin evinə düşdü,
Olmaya Frollodan ehtiras uçub,
Kvazimodonun qəlbinə düşdü.
Daha Mari zəngi çalır yanıqlı,
Qozbel zəngçalan da deyil oyanıq,
duyulur sədası, Paris göyündən,
Hava da tüstüdü səma bulanıq.
Ürəyimdən tellər qırılıb düşdü,
Yadıma gör nələr, gör nələr düşdü.
Qaraçı rəqqasə Esmiraldanın,
Susqun heykəl təki dondu baxışı,
Çağırdı səmaya, “hardasan Hüqo?!”,
Qurtarsın kilsəni, yoxdur naxışı.
Sena da tamaşa etdi o gecə,
Zülmət qaranlıqda susdu da baxdı,
“Dəyişər məcrasın”, düşündü hamı,
Dəyişməz yolunda axdı, hey axdı.
Yadıma dəhşətli günlərim düşdü,
Od tutub kül olan güllərim düşdü.
Tanrının evi də yanarmış demək,
Biz onu Şuşada yıxılan gördük,
Ağdamda uçulan, Laçında sınan,
Şamaxı məscidin yaxılan görüdük.
Bir üfüq boyandı qırmızı rəngə,
İlahi çağırış susdu o gecə,
Alovun rəngiylə gələnlər təngə,
Düşmən yuva salıb pusdu o gecə.
Arzular ölməzdir, xəyallar gerçək,
Bəşər intizarda, bitməsin istər,
Qara kol, xar çiçək, zəhərli dibçək,
Gülüstan içində itməsin istər.
Mari zəngi ilə çəkilən azan,
Qovuşar səmada, qol boyun olar,
Bircə din yaşayar, “Qardaşlıq dini”,
Firqələr, bölüklər bir oyun olar.
Əli Rzazadə
Yazıya 604 dəfə baxılıb