İ.Nəsimin 650 illiyinə və onun unudulmaz xatirəsinə
Kamil insan
Mənəviyyat dənizinin
Bir sədəfi, bir incisi.
Kamilliyin sən ən bariz nümunəsi,
Kamilliyə yetişənlər sırasının birincisi.
Sən insanın dəyərini dildə şüar edən insan.
Başladığın ulu yolda
Cəsarətlə gedən insan.
Sən insanı həqqə gəlsin, həqqi desin,
Həqq olduğun bilsin deyə haray çəkdin.
Sən bəşəri özündəki gözəlliyi görsün deyə,
Bu bəşərin gözlərindən
cahilliyin pərdəsini cırıb-sökdün.
Sən insanın daxilində gözəlliyi duya bildin.
Sən insanı layiq olan zirvəsinə qoya bildin.
Sən bizlərə göstərdin ki,
Ruhən təmiz, ruhən saflıq
Kamilliyin ən birinci zərurəti.
İnam, iman, elm, istək
Bir-biri ilə vəhdəti.
Bütün bunlar varsa əgər,
Sonda insan tapacaqdır
Rahatlığı, səadəti.
Sən bizlərə anlatdın ki,
Özünü dərk etməyən kəs,
Allahı dərk edə bilməz.
Sən qorxmadın, əyilmədin.
Sən “Ənəlhəqq” söyləyərək,
İnsanların öz haqqını
Salıb yerdə əzənlərə üsyan etdin.
Öz əqlinlə, öz zəkanla
O zamanın yenilməyən cahangiri
Bir əlində qılınc tutan,
Bir əlində Quran tutan hökmdarı heyran etdin.
Səs-sorağın ölkələri aşıb-daşdı
Şeirlərin dil-dodaqda əzbər oldu,
Könüllərdə yuva saldı.
Tərəfdarların artdıqca,
Düşmənlərin də çoxaldı.
“Gərçi mühiti-əzəməm,
adım Adəmdir, Adəməm”
misrasının mənasını bilməyənlər
“Allahsızdır” damğasını vurdu sənə.
“Gərçi bu gün Nəsimiyəm,
haşimiyəm, qüreyşiyəm” misrasında
incəliyi görməyənlər
Səni edam etmək üçün
Onda divan qurdu sənə.
Nadanların, cahillərin
Bu halını seyr etdikcə öz içindən oyuldun sən.
Bu dünyadan qafil olan insanların əlləriylə
Öz dərindən soyuldun sən.
Zaman ötmüş, illər keçmiş
Bu torpaqda göz açsan da,
Uyuyursan yad torpaqda.
Düşünmə ki, unuduldun.
Yox, əsla yox! Yaşayırsan qəlbimizdə.
Günü-gündən gözəl sözlər,
Xoş kəlmələr söylənilir sənin haqda.
Əbədiyyət üfüqünün günəşisən
Yenə sənin şüaların
Doğma vətən torpağına işıq salır.
Yenə sənə nəğməkarlar nəğmə qoşur,
Yenə neçə-neçə şair
Hikmət dolu söz dünyandan ilham alır.
Bir bax, daha planet var sən adında.
Bu cahana sığmaz idin, sığmadın da.
Dolaşırsan fəzaları addım-addım
Yeriyirsən kəhkəşanların üstündə.
Onda da əzəmətliydin,
Əzəmətlisən bu gün də.
Bu vətənin, bu torpağın şairisən.
Əzəmətli heykəlin də,
Vətəninin şairlərə ucaltdığı heykəllərin
Sırasında durur, şair.
Rahat uyu məzarında, rahat uyu
Cəsur insan, cəsur şair!
Yazıya 698 dəfə baxılıb