Güney Azərbaycandan Əzizə Cəfərzadəyə… – Gecikmiş məktub

78852962_3276808675682061_3883127408882089984_oGüney Azərbaycanın tanınmış şairi, dostumuz Sönməzin Quzey Azərbaycana görkəmli araşdırmaçı-alim və yazıçı Əzizə Cəfərzadəyə yazdığı bu məktubun mənim arxivimə nə vaxt və necə düşdüyünü xatırlamıram. Bilmirəm bu məktub Əzizə Cəfərzadənin özünə çatmışdı ya yox. Onu da bilmirəm ki, Sönməzin bəhs etdiyi o qadın poeziyası toplusunu Əzizə xanım tamamlayıb nəşr etdirdimi. Sönməzin ruhu qarşısında borclu qalmamaq üçün onun xalası haqqında Əzizə xanıma göndərdiyi məktubu Ədəbiyyat qəzetimizə təqdim edirəm.
Düzünü deyim ki, ömrü boyu ərəb əlifbası ilə yazmış Sönməzin, kiril əlifbasıyla bu qədər səliqəli və təmiz yazmasına heyrətləndim. Bu məktub da mənəvi birliyimizin kiçik bir nişanəsidir.
Sabir Rüstəmxanlı.

Hörmətli alim bacımız Əzizə Cəfərzadə!
Səmimi salamlarla!
Bildiyimizə görə, Siz, Azərbaycan savadsız şairələrini xalqımıza tanıtdırmaq fikrindəsiniz. Bu, ən gözəl, nəcib işlərdəndir. Axı Siz hansı bir işə əl vurmusunuz ki, nəcib olmasın? Qadınlarımız tarix boyu ağır çətinliklərə, zülmə, işgəncəyə məruz qalmış, Allahın bəxş etdiyi təbii hüquqdan belə məhrum olmuşlar. Bu məhrum qadınların sırasında, şeirlə, sənətlə maraqlanan, şairlik istedadına malik olanı az olmamışdır. Lakin təəssüflər olsun ki, savadsızlıq onların inkişafına, istedadlarının çiçəklənməsinə mane olmuş, qoşduqlarını bir yerdə qeyd edən, onlara qayğı göstərən olmamış, qoşduqlarını unutmuşlar.
Bunların birisini mən Sizə tanıtdırmaq istərdim.
Zəhra Sultan Pursənəti Əliəkbər qızı 1289-hicri ilində, qurban bayramı günü Təbrizdə anadan olmuş, ona görə də, sonralar onu Haciyə adıyla çağırarmışlar. Elə indi də ona Haciyə xanım deyirlər.
Atası Ələkbərin növhəxan olub, ehkamçılığa qapıldığına görə, onu təhsil almağa qoymamışlar.
Haciyə xanımın qüdrətli hafizəsi, iti huşu var. Lakin, indiyədək hər nə şeir, bayatı qoşub, bir yerdə yazdırmayıb, qoşduqlarının 70 faizi yadından çıxmışdır.
Haciyənin atası, onu Həsən Kərbaci adlı bir zalım kişiylə evlənməyə məğbur edir. Bəlkə də o, öncə razıymış, lakin qara taleyindən xəbərsiz rizayət veribmiş. Həsən (indi olub Hacı Həsən) evləndiyinə baxmayaraq, başqa həyasız qadınlarla da əlaqəsini saxlamış, iki dəfə Haciyənin üstünə arvad almış, evdə də mütləq ədalətsiz davranmışdır. Deynən məgər iki arvadlı evdə ədalətlə tərpənmək olar?!
Haciyənin günüsü, həyasız olduğuna görə, qohumlar, dostlar Hacı Həsəni, onu boşamağa məcbur edirlər. O bir daha evlənir, təzə arvadı, yenə də Hacıyə xanımla bir evdə saxlayır. Hacıyənin iki oğlu olduğuna görə, evi tərk edə bilmir, dözür.
Bir neçə kərə, dözümsüzlük hiss edərkən, küsüb, bacısıgilə sığınır. Lakin, uşaqlarının qarşısında daşıdığı məsuliyyət hissi onu evinə qayıtmağa məcbur edir.
İşaqlar 5-6 yaşlarındaykən Hacı Həsən Təbrizi tərk edir, Tehrana köçür, Haciyə kimi Təbrizdə öz bacısının evində, tək bir otaqda keçinməyə məcbur edir. Sonra onları da Tehrana istəyir Cavidiyyə məhəlləsində hər iki arvadı bir evdə saxlayır.
Haciyənin uşaqları azca böyüdükdə, öz ağır həyat şəraitlərini düşünür, müstəqil həyat və dirilik qurmaq fikrinə düşürlər. Haciyə xanım da xəyyatlıq-dərzilik öyrənir, öz uşaqlarını ayrı saxlamağı, oradakı ağır, dözülməz həyata tərcih edir.
Indi Haciyənin iki oğlu var. Hər ikisinin də rahat evi, ailəsi, şəxsi həyəti, yüksək təhsil almaqda olan bir-iki nəvəsi, ədəbli-kamallı ailəsi var.
Məni təəssüfləndirən budur ki, o, şeir istedadına malik olduğunu başqalarından gizlədir, qoşduğunu bir kimsəyə oxumurmuş. Uşaqları da Tehranda, fars uşaqlarıyla dostluq etdikləri, yalnız farsca da dərs aldıqlarına görə, analarının az-çox onlara oxuduqlarını qeydə almağa düşünmür, təqdirlə, onun qoşduqları yadından çıxar.
Yadında qalan şeirlərdən mənə oxuduğu bir neçə parça onun, savadsızlığına rəğmən, şeir istedadına malik olduğunu göstərməkdədir.
Əri Hacı Həsənin, onun üstünə evləndiyi vaxt :

Dedim rəhmin gəlsin bir cüt balama
Təzə yara vurma köhnə yarama!
Dərdimi deyərdim yazıq xalama
Xalam mənim oduma su səpərdi
Ağlaya-ağlaya məni öpərdi.

Rəhmsiz Hacı Həsən uzun gecələri hansı işrətxanalarda sərxoş keçirəndən sonra, səhərə yaxın evə gələndə də Haciyə xanım onun üzünə qapını bir dəqiqə gec açsaydı, onu rəhmsizcə döyərdi.
Haciyə xanımın üstünə günü gələn vaxtlarda qoşduğu şerlərdən iki parçasın xatırlayır:
Axşam oldu, gözüm qaldı yollarda
Gecə keçdi, bilmədim qaldı harda.
Bir bala sağımda, biri solumda
Dedim bala, sübhə kimi yatmaram
Bu zülmə dözərəm, sizi atmaram.
Sizə xatir mən hər zülmə dözərəm
Ölənəcən özüm sizə nökərəm.

Sübhə yaxın birdən qapı döyüldü
Uşaqlar oyandı, baxdı söyündü.
Bilmədilər yatmış qəlbim döyündü.
Yatmış qəlbim yatmayıbdır, oyaqdır
Uşaqlarım yatmış qəlbə dayaqdır.

O, uşaqlarının dilindən qoşduğu şerlərdən də mənə oxudu:

Bizdən ötrü sən özünü yandırma
Heyifdi, o gül rəngini soldurma.
Ağlayıb, gözlərin elə doldurma
Sən ağlarsan göz yaşını silən yox
Heyif, Ana, qədrini bilən yox.

Bizim ana bizə nağıl deyərdi
Ürəyinin dərdin özü bilərdi
Heç kəsə deməzdi ürək dərdini
Kim bilərdi o yazığın qədrini?

Əri Hacı həsən ikinci dəfə Haciyyənin üstünə evlənəndə nələr çəkdiyini xatırlarkn bir-iki parça şer oxudu:
Familləri yığışdı, toy tutdular
Min arzuyla əyləşdilər, otdular
Mənim ürəyimə bir ax atdılar
O oxdan bir əsər qaldı canımda
Tapılmadı bir kəs qalsın yanımda.

Mən o gecə sübhə təkin yatmadım
Dərdimi deməyə bir kəs tapmadım
Sübhə yaxın yuxu gəldi gözümə
Bir az yatdım huşum gəldi özümə.
Haciyə xanım, ürəyini boşaltsın deyə, dərdini, kədərini ancaq xalası və o öləndən sonra bacısı Fatma xanıma açarmış:

Mənim bacım dünyada birdanadı
Mənə bacı deyil, sanki anadı
Ürəyimin dərdin-odun alandı
Deyər: qüssə etmə, mən tək bacın var
Qolun- budağın var, ağacın var.

Dedi bacı, genə niyə solmusan?
Bulud kimi yağmamısan, dolmusan
Mən bilirəm cüt balandan olmusan
Neynim bacı, yoxdur əlimdə çarə
Sanma oda özün bir də dübarə.
Haciyə xanımın keçmişlərdə qoşduğu şerlər ümumiyyətlə, yadından çıxsa da son zamanlarda İran-İraq müharibəsində, cəbhəyə gedən nəvəsi haqqda qoşduğu qoşmasını bütünlüklə oxuya bilir.

Hüseyni xatırlarkən.
Bahar olar, əsər yellər
Əsər yellər, açar güllər
“Əhvaz” da çox qərib ellər
Allah qaytarsın elləri
Xoşhal eləsin elləri.

“Əhvaz”ın yolları dağda
Qərib ellər nadiganda 2
Anaların gözü yolda
Allah, göndər balaları
Xoşhal elə anaları!

Əhvazın yolları üzüm
Sənə qurban nacis gözüm

.
1- Nadigan. Əskərlərin yaşadığı, xidmət etdiyi yer.

Iki il mən necə dözüm
Verdim Allaha əmanət
Versin əlimə səlamət.

Post gəldi, qapıda düşdü
Kağızın gəldi yetişdi
Kağızın bağrıma basım
Oxusunlar qulaq asım
Kağızına mən dözərəm
Çöhrəsinə gül düzərəm.

Əhvazın yolları yaşdı
Mənim balam qələmqaşdı.
Dörd dövrəsi yar-yoldaşdı
Qurbanam yoldaşlarına
Çevrəndə tay-tuşlarına.

Ey Əhvazın ağacları
Başının göyçək quşları,
Hüseynimin tay-tuşları
Tapşırdım sizi Allaha
Allah səlamət qurtara.

Bunu da demək istəyirəm ki, Haciyəxanım mənim xalamdır.
Dərin hörmətlə:Sönməz

Yazıya 448 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.