Akif ABBASOV – “MƏNİSƏYƏ GÖNDƏRİLƏN ÇAPARLAR”

akif abbasov (“Fateh Sultan Mehmət” romanından

Üç süvari çapar atlara dinclik vermədən onları qovur, mənzil başına tez çatmağa tələsirdi. Yollarda rast gəldikləri karvansaralarda ayaq üstə Allahın verdiyindən aşırır, atlarını dəyişir, sonra onları çaparaq, göz işlədikcə uzanıb gedən tozlu yolların bağrını sökürdülər. Hərdən yağış yağırdı. Bu zaman yol getmək çətinləşirdi. Yağış toz-torpağı isladır, yolları palçıq edirdi. İndi bu palçıqda at sür görüm, necə sürürsən!

         1451-ci ilin fevral ayı təzəcə girmişdi. Hava dəhşətli dərəcədə soyuq idi. Şaxta həm atları, həm də süvariləri kəsirdi. Buna baxmayaraq,  gecəni gündüzə qatmışdılar, Yuxuları da sanki ərşə çəkilmişdi. Gecənin zil qaranlığında yol getməyin çətinliyini görüb özlərini karvansaraya verir, paltarlı-paltarlı uzanıb gözlərinin acısını alır, biz az qızınır, çox keçmədən ayağa durur, atlarına sıçrayırdılar.

         Beləcə xeyli yol getdilər. Karvansarada olanda, ötüb-keçdikləri kənd-kəsəkdə su içmək, qarınlarını doldurmaq üçün dayananda çalışırdılar ki, çox diqqəti cəlb etməsinlər, sorğu-suala tutulmasınlar. Onlardan nə isə soruşulanda “bəli-xeyr”lə cavab verirdilər.

         Qaraqabaqlı və dinməz idilər. Atlıların geyimləri nimdaş idi. Adi libasdaydılar. Onlara sadə geyinməyi tapşırmışdılar ki, diqqəti  cəlb etməsinlər, heç kim onlarla maraqlanmasın. Hətta onlardan bəzilərinin paltarı yamaqlıydı.  Qabaqcadan tapşırmışdılar ki,  nə sarayın, nə Sultan Murad xanın, nə də Şahzadə Mehmətin adlarını dillərinə gətirməsinlər.  Soruşub eləyəndə bir şey uydursunlar, lap desinlər ki, yol admlarıdırlar. Qohumlarından yası düşən var. Hətta kasıb, əyin-başlarından cin hürkən bu adamlara karvansarada yer vermək belə istəmirdilər ki, pulunu ödəyə bilməzlər, yaxud oğurluq edərlər. Belə məqamlarda onlar çıxarıb qabaqcadan mehmanxananın və yeyəcəklərinin pulunu dərhal ödəyirdilər, atlarını dəyişmək üçün qədərincə pul da verirdilər.

          Hava gündüzlər soyuq, axşamlar ayazlı olurdu. Çaparların əyin-başları tozlu, yağış yağanda isə yaş olurdu.

         Artıq üçüncü gün idi yol gedirdilər. O qədər qaradinməz və əsəbi olmuşdular ki, bir-birləri ilə də danışmırdılar. Həm də hər biri dilini dinc saxlayırdı ki, yorğunluqdan, yuxusuzluqdan təngə gəlib birdən ağızlarından yersiz söz çıxarar, buna görə kəlləsi gedər.

         Heç kimə bel bağlamalı deyildi. Yoldaşa, dosta , qardaşa da, hətta arvada da! Zəmanə belə idi. Hərə özünü düşünürdü. Hamı öz canının hayında idi.

         Qarşıda çox da hündür olmayan bir təpə vardı. Onu aşıb yollarına davam edəcəkdilər. Atlar da yorulmuşdu, özləri də. Atların cilovlarını çəkib yavaş-yavaş təpəni çıxmağa başladılar. Yağış yağdığından yer sürüşkən idi.  Birdən atlardan birinin ayağı qaçdı. Heyvan büdrədi, ləngər vurub yerə gəldi. Yıxılanda üstündəki çaparı da başı üstündən yerə atdı. Abdullah:

         -Vay dədə! – deyə bağırıb yerə sərildi.

         Onun ayağı atın altında qalmışdı. Nə qədər əlləşdisə ayağını üzəngidən çıxara və atın altından çıxa bilmirdi. Yoldaşları dayanıb baxırdılar. Abdullah onların etinasızlığına dözə bilməyib daha bərkdən çığırdı:

         -Ay uşaq! Ay İsfəndiyar, ay Hüseyn, insafınız olsun! Nəfəsim kəsildi axı! Niyə durub baxırsınız? Nə qədər at canını tapşırmayıb məni bir kənara çəkin. Ölüb eləsə, onu qaldırmaq müşkülə düşəcək. 

İsfəndiyarla Hüseyn yaxın gəldilər.  Abdullah zarıldamaqda idi:

-Əclaflar! İt uşağı! Ölməyimi istəyirsiniz? Deyəsən unutmusunuz. Şahzadə Mehmətə yazılan məktub məndədir. Mən qurtulmasam, vəliəhdə nə aparacaqsınız? Məktub içəridən mənim köynəyimə tikilib. Özü də kürək hissədən.

Çaparlar  sıçrayıb atlardan düşdülər. Onların da taqətləri kəsilmişdi. Soyuq dizlərini keyitmişdi. Addım ata bilmirdilər. Qıçları yatmışdı.

Atın ürəyi çatlamamışdı. Sağ idi. Susuzluq və yorğunluqdan taqəti qırılmışdı. Atı qırmaclayıb güc-bəla ilə ayağa qaldırdılar. Qollarından yapışıb Abdullahı da qaldırdılar. Paytaxtda, sarayda nə baş verdiyindən, məktubda nə yazıldığından xəbərsiz idilər. Onlar buyruq qulları idilər. Əmr almışdılar ki, məktub təcili Şahzadə Mehmətə çatdırılsın. 

Abdullahın sol qıçı möhkəm əzilmişdi və bərk ağrıyırdı. Bu çölün düzündə qalacağından qorxurdu. Həm də özünü aciz göstərsəydi, yola rəvan ola bilməyəcəkdi. Onu burada atıb gedə bilərdilər. Bəlkə heç sağ da qoymadılar ki, sirri ondan ala bilməsinlər. Onların nə vecinə?! Məktubu götürüb gedəcəkdilər. Abdullahı özlərinə niyə yük eləməli idilər? Tapşırıq mümkün qədər tez yerinə yetirilməliydi. Abdullahın atı sıradan çıxdığından heç kim onu tərkinə almayacaqdı.  Atlar onların özlərini güc-bəla ilə aparırdı.

Qıçı ağrısa da, canını dişinə tutub  yeridi. Atına sarı gedib onun yalını tumarladı. At başını qaldırıb məlul-məlul baxdı. O, göz qapaqlarını zorla aralamışdı. Abdullah yalvarıcı və qüssəli baxışlarını neçə illərin dostuna – kəhər ata zilləmişdi. Heyvan  heç zaman onu darda qoymamışdı. At onu başa düşdü və yerində qımıldandı, qabaq və arxa ayaqlarını geniş açdı. Abdullah  sevindi. Atın öz canını tapşırmaq fikri yox idi. At onun əhvalının dəyişdiyini gördü və onu pis vəziyyətdə qoymağı özünə ar bildi. O, ötən 30-40 dəqiqə ərzində güc toplamış, özünə gəlmişdi.

İsgəndərin səsi gəldi:

-Hə, nə fikirləşirsən? Gedirsən, qalırsan?

Abdullah dönüb baxdı. Onlar atlanmışdılar. Bunu görüb təəssüflə geri döndü və zaman sanki dünyanı ona bağışladılar. At ayaq üstə idi. Sahibinin əmrini gözləyirdi. Hətta kişnəyib, ayaqlarını yerə də döydü.

Abdullah ata mindi. Yola düşdülər. Yolda qeyri-adi hadisə baş vermədi. Axır ki, gəlib Mənisəyə çatdılar. Şahzadə buradakı sarayda idi. Tez ona xəbər aparıldı:

-Şahzadəm sağ olsun! Paytaxtdan gələnlər var. Məktub gətiriblər.

II Mehmət Sitti xanımdan ayrılıb bağçaya düşdü. Yaşıllıq hər tərəfi almışdı. Güllərin ətri ətrafdakı gözəlliyə xüsusi nəfəs verirdi.

Yazıya 436 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.