Tovuz rayon Nizami adına mədəniyyət evində Aşıq Əkbər Cəfərovun 90 illiyi və Aşıq Əlixan Niftəliyevin 80 illiyinə həsr olunmuş “Sənətə bağlı ömür” adlı yubiley tədbiri keçirildi.
Azərbaycan Aşıqlar Birliyinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin və “Tovuz Xeyriyyə Cəmiyyəti”nin təşkilatçılığı ilə həyata keçirilən tədbirin aparıcısı Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı idi.
Saz-söz mərasimində Azərbaycanın müxtəlif bölgələrinin və Tovuz rayonunun ziyalıları, elm adamları – dosent Mayıl Məhərrəmov, Tovuz Xeyriyyə Cəmiyyətinin sədri Musa Süleymanov, TXC-nin müavinləri Çingiz Abbasov, Namazalı Məmmədov, TXC-nin üzvü Vidadi Əhmədov, TXC-nin mətbuat katibi Ramiz Hümmətov və aşıq-ozan sənəti sevənlər iştirak edirdi.
Məhərrəm Qasımlı ustad aşıqların həyat və yaradıcılığı barədə məlumat verdikdən sonra sözü çıxışçılara verdi. Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Arzu Nağıyev, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, xanəndə, Əməkdar mədəniyyət işçisi Əvəzxan Xankişiyev, Əməkdar mədəniyyət işçisi Aşıq Urfan Əli, Aşıq Mikayıl Bozalqanlı, şairlərdən Əlivahid Çaylı, Musa Ələkbərli, Ramiz Qusarçaylı, İnqilab İsaq Aşıq Əkbər Cəfərovun və Əlixan Niftəliyevin sənət yoluna işıq tutaraq, hər iki sənətkarın Azərbaycan mədəniyyəti və incəsənətində, Azərbaycan aşıq sənətində böyük yeri olduğunu qeyd etdilər.
Aşıq Şöhrət, Aşıq Babək Şakirli, Aşıq İntizam Qobustanlı, Aşıq Kərəm, Aşıq Eldar, Aşıq Nəbi, Aşıq Nazim, Aşıq Vüqar, Aşıq Mirəli, Aşıq İsmayıl Bozalqanlı, Aşıq Şəmşəd Elmanoğlu, Aşıq Roman Azaflı, Aşıq Qurban, Aşıq Nazim, Aşıq Samir və Aşıq Raufun ifası mərasimə bayram ovqatı qatdı. Rəssam Fərman Hüseynovun Aşıq Əkbər Cəfərovun ailəsinə təqdim etdiyi “Aşıq Əkbər” portreti tamaşaçıların sürəkli alqışlarıyla qarşılandı.
Tədbirin sonunda Aşıq Əkbər Cəfərovun və Əlixan Niftəliyevin ailə üzvləri ölkə rəhbərliyinə, tədbirin təşkilatçılarına, iştirakçılara minnətdarlıqlarını bildirdilər.
Yazıya 158 dəfə baxılıb