Gözüm çəni gördü, yolum bürkünü,
Tapmadım yandıram bir qu tükünü.
İstədim çəkməyəm bu qəm yükünü.
Ürək—qaravaşım, köləm qoymadı.
.
Qəlbimə ələnir göylərin qarı,
Üşüdüm, ahıma bürünüm barı.
Yeriyə bilmədim sevincə sarı,
Neyləyim, dərd adlı şələm qoymadı.
.
Batmır gül ətrinə hər əl, hər ətək,
Sevənlər içində bircə mənəm tək.
Ha qaçdım oduna yanım Kərəmtək,
O—həsrət dediyim Lələm qoymadı.
.
Bəxtim boyun büküb üzümə baxdı,
Lalənin göz yaşı ovcuma axdı.
Can verib ölməyin ən şirin vaxtı,
Qoymadı dərdindən öləm, qoymadı.
.
Nə könlüm söz açır, nə dilim-ağzım,
Dəyməyin, bir dadlı xəyalda azım.
Dedim, o gözlərə bir şeir yazım,
Qısqandı əlimdə qələm, qoymadı.
Yazıya 39 dəfə baxılıb