Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycanın Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının təşəbbüsü və təşkilatçılığı ilə dünyadan vaxtsız köçmüş, sevimli şairimiz, ssenarist, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı Rəfiq Zəka Xəndanın anım gününə həsr edilmiş tədbir keçirildi.
Mərasimi açıq elan edən Sabir Rüstəmxanlı dostu Rəfiq Zəkanın yaradıcılıq yolundan və çox maraqlı, zəngin şəxsi keyfiyyətlərindən söhbət açaraq ilk çıxışı AYB-nin sədri, Xalq yazıçısı Anara verdi. Anar müəllim mərhum şairin nikbin xarakterindən, yumorla cilalanmış işləklərindən, şən, zarafatcıl olaylarından, şairin ədəbiyyatdakı mövqeyindən, dünya xalqlarının, xüsusən də, türk xalqlarının poeziya incilərinin dərinliklərinə bələd olduğundan danışdı.
Çıxışçılar – AYB-nin sədr müavini Rəşad Məcid, Xalq şairi Vahid Əziz, yazıçı Seyran Səxavət, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, şair Musa Ələkbərli və başqaları Rəfiq Zəka ilə bağlı xatirələrindən, mərhum şairin xeyirxahlığından söz açdılar, şeirlərindən nümunələr səsləndirdilər.
Sonda böyük tənqidçi-alimimiz Cəfər Xəndanın yadigarı Rəfiq Zəka Xəndanın ailə üzvlərinə söz verildi. Qızı, filologiya elmləri doktoru Aydan Xəndan atası haqqında həm tənqidçi, həm də onun ədəbi varisi kimi təkrarsız duyğularını dilə gətirdi.
Yazıya 51 dəfə baxılıb