Məşhur “Necəsən” şeirinin əsil müəllifi kimdir? (video)

Şair Bəhlul Ataxallı “Necəsən” şeirinin ona məxsus olduğu iddiası ilə özünün “Facebook” səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “2005-ci ildə dərc edilən “Məhəbbətin söz heykəli” kitabımda “Necəsən” adlı şeirim işıq üzü gördü. Həmin şeir “İncəsənət” jurnalının 5-ci nömrəsində də dərc edildi və bundan sonra müxtəlif mətbu orqanlarda və poeziyasevərlər tərəfindən kifayət qədər yayıldı. Şair, Əli Kərim adına Sumqayıt Poeziya Evinin rəhbərli İbrahim İlyaslının 2011-ci ildə çap olunmuş “Yuxuma söykənmiş adam” kitabında eyni mövzulu, eyni rədifli, eyni qafiyəli, hətta mənim şeirimlə eyni adı, eyni ovqatı əks etdirən şeirini oxudum.  Şeir tamamilə mənim şeirimin variantı idi. Bu məsələylə bağlı təxminən iki il əvvəl İbrahim İlyaslının “Facebook” sosial şəbəkəsindəki səhifəsinə yazsam da mənə cavab vermədi və hətta yazdığımı sildi. Az zaman içərisində əsli mənə aid olan “Necəsən” şeiri İbrahim İlyaslı adına kütləvi şəkildə yayınlandı. 29 yanvar 2025-ci ildə İbrahim İlyaslıya telefon açdım, “Necəsən” şeirini ilk dəfə nə vaxt çap etdirdiyini soruşdum və bu şeirin mənə məxsus olduğunu bildirdim. O isə məni böyük aqressiya ilə qarşıladı, hətta adına, imzasına, statusuna yaraşmayan tərzdə, küçə söyüşləri ilə mənə cavab qaytardı”.

Bəhlul Ataxallı videoçıxışında məsələnin araşdırılması, hüquqi qiymət alması və özünün müəllif hüququnun, şərəf və ləyaqətinin müdafiəsi üçün aidiyyatı orqanlara müraciət etdiyini də qeyd edir.

Hər iki müəllifin şeirlərini bura əlavə edirik.

Oxuculardan da məsələyə münasibət bildirmələrini xahiş edirik.

Bu barədə şair İbrahim İlyaslının da fikrini yayınlamağa hazırıq.

 

 

Necəsən – Bəhlul Ataxallı

 

Soran varmi əhvalini

Ay müşkül halim,necəsən?

Ay gözümdən daşan qəmim,

Artan məlalim,necəsən?

 

Bu eşq səni yora-yora,

Öz səbrimdən çəkdi dara.

Ay dəymişi dura-dura,

Tökülən kalim,necəsən?

 

Ayaz oldu qara düşdün,

İsti gəldi,qora düşdün!

Səkə-səkə tora düşdün

Kəklik amalim,necəsən?

 

Şırım köksüm bənzər şuma,

Söz mənzilim uçuq koma.

Ay məni döndərən muma

Pətəyim,balim necəsən?

 

Püskürərdin odlu-odlu,

Dillənərdin dadli-dadli.

Sinəm altda ilham adli,

Olub-qalanim necəsən?

 

Ağayana ola-ola,

Eşq önündə döndü qula.

Hamidan doğma Bəhlula

Hamidan zalim,necəsən?

***

 

Necəsən – İbrahim İlyaslı

 

Mənim səndən uzaqlarda

Yamandı halım, necəsən?

Özgəsinə qismət olan

Cahı-cəlalım, necəsən?

 

Yalana döndü gerçəyim,

Ay gözəlim, ay göyçəyim.

Çəmənim, çölüm, çiçəyim,

Pətəyim, balım, necəsən?

 

Daşam yolun üstə bitən,

Nə sirdi anlamaz yetən.

Gözü, könlü dil-dil ötən,

Dilləri lalım, necəsən?

 

Zər-zibam, ləlim, gövhərim,

Yaqut-yəmən, simu-zərim,

Barmaqları bəxtəvərim,

Başı bəlalım, necəsən?

 

Üzün dönməz mənə sarı,

Yarı öz ömründən, yarı.

İbrahimin sitəmkarı,

Necəsən, zalım, necəsən?

 

 

Yazıya 546 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.