börü1 tanımadı nəşimi
bu köhnə cübbədən, bu quşburun çarıqdan
alaca buludlu bu gözlərdən tanımalıydı
tanımadı ancaq
bu qızılı yaradan, bu qurumuş
qara qandan
əlimdən düşmüş bir əlcə əppəkdən
əppəkdəki acizanə diş yerindən
tanımalıydı tanımalıydı börü
izinə baxdım iz onun deyil
imsinmək onunku deyil gördüm
börü cildində iblis olurmu görən
üzümü yalayan nəfəs onun deyil axı
onun deyil gördüm
iştahından bildim o börü deyil
dişləri altında sümüklərimin
xırçıltısından bildim
nəfsindən anladım aldanmağımı
ağzının suyundan
dodaqlarının marçıltısından bildim
ulamaq yerinə mırıltısından duydum
üstümə tökülən
göyün qurd düşmüş qaranlığından
yanıq qoxulu üzgün rənglərin
bir-birinə dolaşmağından
bildim yanıldığımı
hər nəsənsə dedim halal etmirəm sənə
haram xoşun olsun bu gəliş-gediş
cəsədimi hallara buraxıb getdin, börü, hallara
məni hallar sürüyür indi nəşəli-nəşəli
sənsə öz adını qoru görək nə olacaq
adını sürü Çöllərə… börü…
qaç, bəlkə qurtuldun, ayrı zamandı,
qaç, amandı, qaç… yürü…
qəbrimiz üstə ulamağa bir səs olsun barı
börü… börü…
yoxsa ki içiylə sürünhasürün
qurtarmaq bilmir bu qaranlıq boru
amma unutma
bir “huu-u-u!” eşidincə yenə dön bəri… bəri…
börü…
Aşdıq dağın o üzünə
aşdıq dağın o üzünə
gedirik üstən aşağı
elə bil ki bu yol bizi
aparır qəsdən aşağı
boş-boşuna sürünür yol
haqqa sarı ərinir yol
gözümüzə dirənir yol
yol yoxmu gözdən aşağı
dil nə deyirsə asidi
susmaq ölüm həvəsidi
səbir sevgidə qazidi
şikəstdi dizdən aşağı
ömür sevgiylə yarıdı
sevgi haqqın buxarıdı
hamı bizdən yuxarıdı
kimsə yox bizdən aşağı
Söz öndədi biz geriyik
biz tək Onun əsgəriyik
hər cürə Səsdən diriyik
ölüyük Sözdən aşağı
1 börü – canavar
Yazıya 1441 dəfə baxılıb