“Səni sevdim qar üstündə yem axtaran quş kimi“
Ramiz Rövşən
Bilirsənmi, Onu necə sevirdim,
Ananın balanı sevdiyi kimi.
Sərçənin qar üstdə dəni sevdiyi,
Arının balını sevdiyi kimi.
Bilirsənmi, O, gizlinim, o sirrim,
O sirri tutmaqdan qala olmuşam.
Elə gözdən düşüb, təklənmişəm ki,
Lalası sovrulan tala olmuşam.
Bilirsənmi, Ona necə həsrətəm,
Yad eldə evini özləyən kimi.
Oğulları döyüş aparan gündən,
Gəlinlər yolları gözləyən kimi.
Bilirsənmi, onsuz necə yanıram,
O gecə Xocalım yandığı kimi.
Adını çəkəndə qançır geyinən,
Diş altındakı dilim yandığı kimi.
Bilirsənmi, bağban necə qovrulur,
Gülü bağda suya həsrət qalanda.
Bilirsənmi, insan necə qıvrılır,
Tellərinə yad nəfəsi dolanda.
Bilirsənmi, Ondan necə qopmuşam,
O gecə balamdan qopduğum kimi.
Bilirsənmi, Ona necə hopmuşam,
Laylam torpaqlara hopduğu kimi.
Bilirsənmi, Onu necə sevirdim,
Ananın balanı sevdiyi kimi.
Sərçənin qar üstdə dəni sevdiyi,
Arının balını sevdiyi kimi.
Bilirsənmi, Onu necə sevirəm…
Yazıya 1642 dəfə baxılıb