Saday Şəkərli – Mən haqqın yanından kölə dönmüşəm

sadayGötür gözlərini apar özünnən,
qara gilənarım sulanmasın qoy,
gur sellər yuduqca al yanaqları,
yazdı, axar sular bulanmasın qoy.

Şərab iç, görməyim nəm bənövşəni,
həm səni sevirdim, həm bənövşəni,
gör necə böyüdür qəm, bənövşəni,
bu sular, o cana calanmasın qoy.

Mən haqqın yanından kölə dönmüşəm,
gah suya, gah da ki, gülə dönmüşəm,
gözündə çox yanıb külə dönmüşəm,
bu ürək odlara qalanmasın qoy.

Hörümçək torumu tozlu yolların,
üzü bircə kərəm gülür qulların,
hər gün bədənindən ayrı qolların,
bu sınmış boynuma dolanmasın qoy.

Gecindən gələndə sevgi sərt gəlir,
dalınca min ağrı, min illət gəlir,
İmarət dağılıb… qiyamət gəlir,
barı, könül mülküm talanmasın qoy.

Yazıya 863 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.