İradə Aytel – Bilsəm…

aytel

Bilsəm, bir axşam çağı
Qayıdacaqsan mənə
Acıq verib ömrümün
Səni məndən qoparan
Baharına, qışına
Sevincimi şərabtək
Qaldıraram başıma
Dolanaram başına!

Bilsəm, bir axşam çağı
Qayıdacaqsan mənə
Səni
“Vaktinden çok sonra gelen
Sevdalı yağmur kibi”
Sıxaram ürəyimə,
Ay könlümün Sən yeri
Yanmaram diri-diri!
Barmaqlarım titrəyər
saçında dilim-dilim
Kösöy(v) olar ağzımda,
Kösöy olar lal dilim.
Bircə kəlmə “ah”çıxar
Sinəmdən
Yeni doğan səs kimi
Rəqs edərik durmadan
Rəqs edərik
Can geyər
“Pəncərələr önünde
Kurumuş çiçekler de”
Yeni bir nəfəs kimi.

Bilsəm, bir axşam çağı
Qayıdacaqsan mənə
Gözlərimin nurunu
Düzərəm yollarına
Süfrəmdəki şam kimi.
Bilsəm, bir axşam çağı
Qayıdacaqsan mənə
Geyərəm sevincimi
O gecə geyindiyim
O bəmbəyaz don kimi.

Bilsən…
Bilsən, necə həsrətəm
Necə həsrətəm sənə.

Yazıya 1192 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.