Ötən il dekabr ayından Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən “Palitra” Ədəbi Klubunun yanvar ayının 28-də keçirilən ikinci yaradıcılıq günü görkəmli Azərbaycan şairi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr edilmişdir. Tədbiri klubun ümumi rəhbəri yazıçı-publisist, Mingəçevir Bələdiyyəsinin üzvü Zahid Qasımlı giriş sözüylə açaraq, sənətkarın Azərbaycan xalqı və ədəbiyyatı qarşısındakı xidmətlərini dəyərləndirəndən sonra AYB-nin üzvü yazıçı-publisist Yusif Ələkbərov şairin keşməkəşli həyat yolundan və bənzərsiz ədəbi yaradıcılığdan bəhs edən məruzə ilə çıxış etmişdir. Ötən yüzilliyin otuzuncu illərində təqib, şantaj və amansız iftiralara məruz qalan Mikayıl Müşfiqin nakam ömür yoluna ayna tutan məruzədə sənətkarın vətən, xalq sevgisini və ülvi məhəbbəti vəsf edən əsərlərindən söz açan məruzəçi, onun 1935-ci ildə qələmə aldığı “Mingəçevir həsrəti” poemasında bu günümüzlə səsləşən şair uzaqgörənliyini əks etdirən misraların təsir gücününün yenilməz olduğunu da vurğulamışdır.
“Palitra” Ədəbi Klubunun həmsədri yazıçı-esseist Eyyub Cabbaroğlu şairin həyat eşqini əks etdirən şeirlərinin insanlara nəcib hisslər aşıladığından söz aşmış, qaynar təbli və fenomen yaddaşlı bir insan olduğunu vurğulamış, sonda isə Mikayıl Müşfiqin böyüdülən iri portretini bölməyə hədiyyə etmişdir.
Tədbirə qatılan yazarlardan Mirsədi Daşdəmirov, Məmməd Mərzili, Səxavət Kəlbəcərli, Bəhman Gülövşəli, Mehman Rəsulov, Əbülfət Həsənoğlu, ədəbiyyatsevərlərdən Məhəmməd Fərzəliyev, Cəlal Həsənov və Sahib Məmmədov Mikayıl Müşfiqə yönəlik xalq sevgisini dönə-dönə vurğulamış, dövlət başçısının sərəncamı ilə ötən ildən bəri bütün bölgələrdə şairin 110 illik yubileyinin keçirildiyini məmnunluq hissi ilə vurğulamışlar. Klubun üzvü Mahir Musa sənətkara həsr etdiyi şeirini oxumuş, uzun illər boyu məlahətli səsiylə hamını valeh edən veteran mədəniyyət xadimi, qocaman müğənni Ağagül Əliyev isə görkəmli bəstəkarlar tərəfindən Mikayıl Müşfiqin şeirlərinə bəstələnmiş mahnılardan nümunələr oxuyaraq məclisə əlvan çalarlar qatmışdır.
Sonda AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə Mikayıl Müşfiqin söz işığına yığışan klub üzvlərinin sənətkarla bağlı addımlarını yüksək dəyərləndirmiş və “Palitra” Ədəbi Klubunun fevral ayının 28-də, saat 15-00-da keçiriləcək növbəti məşğələsinin yetmiş yaşlı Mingəçevirin musiqi aləminə həsr ediləcəyini bildirmişdir.
Vahid Qafarlı
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Yazıya 596 dəfə baxılıb