Tariximizin ən şanlı səhifələrindən birini — 8 Noyabr – Zəfər Gününün 5 illiyini xalqımız bu gün böyük qürur və iftixarla qeyd edir.
2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ və ətraf ərazilərimiz Ermənistanın 30 illik işğalından azad edildi. Bu qələbə təkcə hərbi uğur deyil, həm də ədalətin bərpası və Azərbaycanın torpaq bütövlüyünün beynəlxalq hüquq çərçivəsində bərpasıdır.
Azərbaycan torpaqlarını illərlə zəbt edən separatçılar və onların havadarları qarşısında xalqımızın sarsılmaz iradəsi, Ordumuzun qəhrəmanlığı, siyasi qüvvələrin həmrəyliyi və Prezident İlham Əliyevin prinsipial mövqeyi sayəsində ədalət bərpa olundu, milli qürurumuz ucaldı.
Ədalət Partiyası Qarabağın azadlığı uğrunda mübarizədə həmişə prinsipial mövqe nümayiş etdirmiş, hərbi yolun qaçılmaz olduğunu dəfələrlə bəyan etmişdir. Çünki ədalət yalnız güc və qərarlılıqla qoruna bilərdi.
İkinci Qarabağ müharibəsi dövründə isə Ədalət Partiyası milli həmrəyliyin qorunması istiqamətində fəal mövqe tutaraq, bütün siyasi qüvvələri və vətəndaşları birlik nümayiş etdirməyə çağırmışdır.
Zəfər Günü bir daha bütün dünyaya göstərdi ki, Azərbaycanın ərazi bütövlüyü qırmızı xətdir. Hər hansı revanşist cəhd və ya separatçı təxribat xalqımız və dövlətimiz tərəfindən eyni qətiyyət və iradə ilə cavablandırılacaqdır.
Ədalət Partiyası bu möhtəşəm gün münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edir, qazilərimizə can sağlığı, şəhidlərimizə isə Allahdan rəhmət diləyir.
Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və əsgərlərimizin igidliyi bu zəfərin əbədi simvolu, müstəqil Azərbaycanın qürur rəmzidir.
Yazıya 24 dəfə baxılıb









