Şəhid baş leytenant Mahir Qərib oğlu Dadaşzadənin doğum günü ilə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin doğmaları və rayon sakinləri onun Beyləqan rayonu Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər. Ziyarət zamanı məzar önünə gül dəstələri düzülüb, şəhidin əziz xatirəsi ehtiramla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, Mahir Dadaşzadə kimi Vətən uğrunda canından keçən qəhrəmanların şərəfli həyat və döyüş yolu hər bir azərbaycanlı üçün qürur və örnəkdir. Qeyd olunub ki, şəhidlərimizin Vətənə bağlılığı, milli ruhu və fədakarlığı daim ehtiramla yad edilir.
Rayon İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbə şəhidlərimizin canı, qanı, qəhrəmanlığı və fədakarlığı bahasına əldə olunub. Bildirib ki, şəhid ailələrinə, müharibə veteranlarına və müharibə əlillərinə göstərilən dövlət diqqəti və qayğısı bundan sonra da davam etdiriləcək.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Mahir Dadaşzadə 1993-cü il sentyabrın 1-də Beyləqan rayonunun Allahyarlı kəndində anadan olub. Ailəli idi.
O, 2016-cı il aprelin 2–5-də baş verən Aprel döyüşlərində, eləcə də 2020-ci il iyulun 12–16-da baş verən Tovuz döyüşlərində iştirak edib.
Azərbaycan Ordusunun baş leytenantı Mahir Dadaşzadə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüşlər zamanı 20-dən çox yaralı hərbçini döyüş meydanından çıxarıb.
Mahir Dadaşzadə 2020-ci il oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. O, Beyləqan rayonu Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Mahir Dadaşzadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
Yazıya 5 dəfə baxılıb








