Milli Qəhrəman Mirələkbər İbrahimovun anım günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Mirələkbər Mirələsgər oğlu İbrahimovun şəhid olduğu gündür.

Mirələkbər İbrahimov 30 sentyabr 1961-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində anadan olub. İlk təhsilinə doğma kəndində başlayıb, daha sonra ailəsi ilə birlikdə Bakıya köçüb. 1978-ci ildə Bakı şəhərindəki 158 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmət keçib. Sonralar 153 saylı orta məktəbdə ibtidai hərbi hazırlıq müəllimi kimi çalışıb.

Qarabağda baş verən hadisələr Mirələkbər İbrahimovu da narahat edir və o, könüllü olaraq cəbhəyə göndərilməsini istəyir. 1993-cü ildə yeni yaradılmış Yasamal taboruna komandir təyin olunur.

Mirələkbər İbrahimov rəhbərlik etdiyi taborla Füzuli rayonunun Kürdmahmudlu və Aşağı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 5 mart 1994-cü ildə həmin ərazilərin azad edilməsi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə kapitan Mirələkbər Mirələsgər oğlu İbrahimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Milli Qəhrəman Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Vaxtilə müəllim kimi çalışdığı 153 saylı orta məktəb hazırda onun adını daşıyır.

Mirələkbər İbrahimov ailəli olub, bir övladı yadigar qalıb.

Milli Qəhrəmanın xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.

Yazıya 8 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.