Bu gün Leytenant Aqil Məcidovun şəhid olduğu gündür

Bu gün Vətən müharibəsi şəhidi, leytenant Aqil Aydın oğlu Məcidovun şəhid olduğu gündür.

Aqil Məcidov 2020-ci il sentyabrın 28-də Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən Vətən müharibəsində, Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. O, doğulub boya-başa çatdığı Tovuz şəhərində dəfn edilib.

Aqil Aydın oğlu Məcidov 1998-ci il aprelin 3-də Tovuz şəhərində anadan olub. Uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayan Aqil öz istəyi ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Hərbi təhsilini başa vurduqdan sonra leytenant rütbəsi alaraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb.

Onun böyük arzularından biri düşmənlə üz-üzə xidmət etmək və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparmaq olub.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində leytenant Aqil Məcidov Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşlər zamanı düşmənin birinci müdafiə xəttinin yarılmasında, istehkamlarının məhv edilməsində və düşmənə ağır zərbələr endirilməsində iştirak edib.

Aqil Məcidov müharibə başlamazdan əvvəl sosial şəbəkələrdə tez-tez torpaqlarımızın azad olunması ilə bağlı çağırışlar edirmiş. Onun “Əmr et, torpaqlarımızı geri alaq, cənab Ali Baş Komandan” sözləri Vətənə olan sevgisinin və döyüş əzminin ifadəsi idi.

Aqilin ən böyük arzularından biri müddətli hərbi xidmətdə olan əkiz qardaşı Azadla çiyin-çiyinə döyüşmək olub. Qardaşlar eyni cəbhədə xidmət etsələr də, Aqilin ömrü çox qısa olub.

Şəhid olmamışdan əvvəl ailəsinə zəng edən Aqil yaxınları ilə halallaşıb. Anası Hicran Məcidovanın sözlərinə görə, oğlunun son söhbətlərindən biri “Ağlamayın, başınızı dik tutub, məğrur dayanın” sözləri olub.

22 yaşında şəhidlik zirvəsinə ucalan leytenant Aqil Məcidov Vətən uğrunda canından keçərək adını Azərbaycan tarixinin şanlı səhifələrinə yazıb.

Şəhid leytenant Aqil Məcidovun həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılması məqsədilə yazıçı İradə Aytel onun şərəfli ömür yoluna həsr olunmuş “Leytenant Məcidov” kitabını qələmə alıb.

Kitabda Aqil Məcidovun uşaqlıq və gənclik illəri, hərbçi olmaq arzusu, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsili, hərbi xidməti, Vətən müharibəsində iştirakı, Füzuli istiqamətində göstərdiyi qəhrəmanlıq, ailəsi və doğmalarının xatirələri öz əksini tapıb.

“Leytenant Məcidov” kitabı şəhidin həyat yolunun, Vətən sevgisinin və qəhrəmanlığının yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Məcidov ölümündən sonra “Vətən uğrunda”,  “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif edilib.

Leytenant Aqil Məcidovun şəhid olduğu gündə onun əziz xatirəsini dərin ehtiramla yad edir, ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Aqil Məcidov kimi Vətən uğrunda canından keçən qəhrəmanların adı və əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Yazıya 7 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.