Uitni Hyustonu cəsarətlə dünya musiqi tarixinin ən sevilən və yaddaqalan ifaçılarından biri adlandırmaq olar. Albomları 170 milyon nüsxə ilə satılan müğənni qazandığı mükafat və titulların sayına görə çoxdan Ginnesin Rekordlar kitabına düşüb. “Rollinq Stoun” jurnalının hazırladığı “100 böyük ifaçı” siyahısında onun da adı var. Hyustonun bəstələdiyi və öz ecazkar səsi ilə “bəzədiyi” mahnıların əksəriyyəti zövq etalonuna çevrilib. Yəqin ki, onun ifasını, “I Will Always Love You” (Səni həmişə sevəcəyəm) xitini, heç olmasa, bircə dəfə dinləməyən insan tapmaq çətindir.
Hyuston ailəsi
Uitni Hyuston 1963-cü il avqustun 9-da Nyu-Cersi ştatının Nyu-Ark şəhərində anadan olub. Üçuşaqlı ailənin sonbeşiyi olan Uitni həmişə sevgi və qayğı ilə əhatə olunub. Valideynləri Con və Sissi Hyuston baptist kilsəsinin nümayəndələri olduqları üçün kilsə musiqisi hələ erkən yaşlarından onun həyatının ayrılmaz hissəsinə çevrilib.
Balaca Uitni kilsə xorunda oxuyub, şəhərin ən yaxşı müəllimlərindən musiqi dərsi alıb. Anası Sisi və xalası qızı Dayon Uorvik şəhərin qaradərili sakinlərinin üstünlük təşkil elədiyi məhəllələrində əsl caz ulduzu idilər. Belə bir mühit balaca qızın dünyagörüşü və arzularına təsirsiz ötüşə bilməzdi. On bir yaşında ikən balaca Hyuston Nyu-Arkdakı “Yeni ümid” baptist kilsəsinin xorunda aparıcı sosilstlərdən biri olub. Anası ilə qastrol səfərlərinə yollanan Uitni onunla birlikdə səhnəyə də çıxıb.
Bir müddət sonra Hyuston məşhur ifaçı Çaki Xanın vokalçısı kimi çalışmağa başlayıb. Böyük səhnəyə addım-addım irəliləyən Uitni gecə klublarında çıxış edib, fotomodel kimi fəaliyyət göstərib. 1980-ci ilin əvvəllərində Hyuston model biznesində əsl inqilab edib. O, “Glamour» «Cosmopolitan” kimi dünyaca məşhur jurnalların üz qabığına rəngli fotolar çəkdirən ilk fotomodellərdən olub.
İlk albom
Hyustona ilk albom təklifi 13 yaşında gəlsə də, anası etiraz edib və qızının məktəbi yarımçıq qoymayacağını deyib. Səsyazma studiyaları ilə əməkdaşlıq edən Hyuston 1983-cü ildə ilk böyük uğuruna imza atıb.
Gecə klublarından birində anası ilə çıxış edən Uitnini dinləyən prodüsserlər studiya rəhbəri Klayv Devisə xəbər verirlər. Həmin ildə Uitni “Arista Records” studiyası ilə müqavilə bağlayıb və solo albomu üzərində işləməyə başlayıb.
“Uitni Hyuston” adlı ilk albomu 1985-ci ildə işıq üzü görüb. İlk işbirliyi kifayət qədər uğurlu alındığından, ifaçının səsi radiostansiyalardan eşidilib. Buna görə də, iki il sonra musiqi mağazalarında yeni – “Uitni” albomu peyda olub. Məhz bundan sonra Hyustonun karyerası yüksələn xətlə inkişaf etməyə başlayıb. Müğənnini əvvəllər qaradərili ifaçıların üzünə bağlı olan məşhur televiziya proqramlarına dəvət etməyə başlayıblar..
1986-cı ildə Hyustonun birinci albomu ən nüfuzlu musiqi çartlarında, “Billboard 200”də ilk pillədə qərarlaşıb. Təkcə Birləşmiş Ştatlarda 13 milyon nüsxə ilə satılan albom müğənninin uğur talismanına çevrilib.
Onun ikinci albomu– “Uitni” də böyük səs-küyə səbəb olub. 20 milyon nüsxə ilə satılan albom “Beatles”in rekordunu təzələyib.
1988-ci ildə ikinci “Qremmi” mükafatını almış sənətçi elə həmin il Seulda keçirilən Yay Olimpiya oyunlarının himnini ifa edib.
Dünya ulduzu statusunu qazanandan sonra Hyuston daha beş albom buraxıb. Onlardan sonuncusu 2009-cu ildə işıq üzü görən “I look to you” (Mən sənə baxıram) rekorda imza atmasa da, uğurlu alınıb.
“Cangüdən”lə gələn uğur
Uğur onu bütün sahələrdə müşayiət edirdi. Hyuston beş populyar və yüksək gəlirli filmdə, bir neçə serialda rol alıb. Kino prodüseri kimi də çıxış edən Uitni, bu sahədə də yaddaqalan işlərə imza atıb.
1992-ci ilin noyabrında Hyuston “Cangüdən” filmində aktrisa kimi debüt edib. Kevin Kostnerlə tərəf müqabili olan ifaçı film üçün altı mahnı bəstələyib. Film müğənniyə aktyor kimi də dünya şöhrəti gətirib. Bu gün də çoxları Hyustonu “Cangüdən” filmindəki qız” kimi xatırlayır.
Prodüserlər “I Will Always Love You” (?) kompozisiyasının uğuruna şübhəylə yanaşsalar da, mahnı 14 həftə hit-paradların birinci pilləsindən düşməyib. 43 milyon nüsxə ilə satılan albom Hyustona üç “Qremmi” və “İlin albomu” mükafatını qazandırıb. Hyustonun “Cangüdən” filmi üçün yazdığı mahnılardan ibarət albom XX əsrin ən çox satılan 50 albomundan biridir. Bu siyahıda “Titanik” və “Kral şir” filmlərində səslənən musiqiləri də var.
Ailə qalmaqalı
Otaqda sakitlikdi. Döşəmədə uzanmış qadının pıçıltısı sükutu pozur: “Sevincdə və kədərdə, xəstəlikdə və sağlıqda…”. Dodağından qan damcılayır. Dilində qanın acı dadını hiss edir. “Ölüm bizi ayırana qədər…” -pıçıldaya-pıçıldaya dizləri üstə qalxır. Açıq qapıdan ərinin maşına necə mindiyini görür. Uitni çətinliklə də olsa, ayağa qalxır, üzünə soyuq kompres qoymaq üçün vanna otağına keçir. Axı sabah konsertdir, elə etmək lazımdır ki, sabaha qədər üzündəki bu şişkinlik azalsın.
“Niyə boşanmırsan, Uitni?” – bu sualı rəfiqələri ona tez-tez verirdilər. Bu sualların qarşılığında Hyuston dərindən nəfəs alır, sakit səs tonu ilə həmişə eyni cavabı verirdi: “Ailə quranda bir-birimizin gözlərinə baxıb and içmişik. Kədərdə və sevincdə, xəstəlikdə və sağlıqda…”.
1989-cu illərdə Uitni həmkarı, “New Edition” qrupunun solisti Bobbi Braunla tanış olub. Üç il sonra, 1992-ci ilin iyulunda cütlük ailə həyatı qurub. 1994-cü ildə Hyuston çoxdan arzuladığı övladını, Kristinanı dünyaya gətirib. Polislə problemlər yaşayan Bob Braunun narkotik vasitələrdən asılılığı mətbuat üçün sirr deyildi. 2000-ci ilin əvvəllərində isə qəzetlər Uitninin də narkotik aludəçisi olduğunu yazıb.
2006-cı ildə uzun sürən mübahisə və münaqişələrdən sonra içki və narkotik asılılığından əziyyət çəkən Hyuston boşanmaq qərarına gəlir. Müğənni evlilik andını pozmağa məcbur olur.
Büt dağılır
1990-cı illərdə Hyustonun imici ciddi şəkildə zədələnib. Müsahibələrə, fotosessiya və məşqlərə gecikən müğənni prodüserlərin etimadını doğrultmayıb. 2000-ci ilin yayında istirahətdən qayıdan müğənninin çantasında marixuana aşkarlanıb. 4,2 min dollar məbləğində cərimə olunan Uitni “Oskar” mükafatının təqdimetmə mərasiminə buraxılmayıb.
Maykl Ceksonun 30 yaşı münasibətilə keçirilən konsert zamanı səhnəyə çıxan Hyustonun səhhətində ciddi problemlər olduğu aşkar görünüb. Bir neçə dəfə müğənninin ölümü barədə yalan məlumatlar yayılıb.
İki il narkotik asılılıqdan müalicə alan müğənni 2005-ci ildə reabilitasiya kursunu uğurla başa vurub. Amma səhhətindəki problemlər ucbatından müğənni 2010-cu il dünya turnesini təxirə salıb.
Şübhəli ölüm
Uitni bu yolda təkbaşına irəliləmiş, çoxlarının arzu etdiyi uğuru qazanmışdı. Amma dağılan ailə həyatı, şəxsi problemlər onu rahat buraxmırdı. Yenidən spirtli içkilərə və narkotikə meyllənən Uitni artıq səhnədən uzaqlaşmışdı.
Bütün bu hadisələr, keçirdiyi stress Uitnini sıxır, üzürdü. Buna görə də, “Qara mirvari” ləqəbli ifaçı cəmi 48 yaşında ömür yolunun sonuna gəlir. 2012-ci il fevralın 12-də Hyuston Los-Ancelesin “Beverly Hilton” otelinin dördüncü mərtəbəsindəki nömrəsinin hamam otağında ölü tapılır.
Müğənninin ölümü ilə bağlı yüzlərlə versiya irəli sürülür. Bəziləri onun sakitləşdirici həb, digərləri narkotik qəbul etdikdən sonra vannada yuxuladığını və buna görə suda boğulduğunu yazır. “The Sun” qəzetinin iddiasına görə, məşhur müğənni 2 gün davam edən bir ziyafətdə olub. Həmkarı Kelli Praysın təşkil etdiyi ziyafət zamanı Uitni 31 yaşlı sevgilisi müğənni Rey Ceyin digər ifaçı Steysi Frensislə mehribancasına söhbətləşdiyini görüb. Hyuston bərk qəzəblənib və onların üstünə qışqırıb. Dostları onu sakitləşdirərək, sədəcə, söhbət etdiklərini bildiriblər. Bundan sonra dayanmadan spirtli içki qəbul edən Uitni oradan çıxıb, qaldığı otelə gəlib. Sakitləşdirici həb qəbul edib və vanna otağına keçib.
Polis ifaçının bədənində heç bir zorakılıq əlamətləri olmadığını bildirib. Masanın üzərindən tapılan dərman preparatlarına gəlincə isə, yaxınları onun tez-tez sakitləşdirici həblər qəbul etdiyini təsdiqləyiblər.
Bütün bu versiya və “ssenarilər” nəticəni – Hyustonun faciəvi sonluğunu dəyişmədi. Qeyri-adi və ecazkar səsə malik qaradərili müğənni yaradıcılığının ən məhsuldar və maraqlı çağında dünyaya “əlvida” dedi.
Leyla ƏLİYEVA
Yazıya 1159 dəfə baxılıb