Ziya Alar – Sirli diplomat

ziya alar (hekayə)

Dözülməz ağrıları bu dəfə  ölüm müjdəsin gətirmişdi.  Vəsiyyətini pıçıldayırdı:

-Həyatının sonuna qədər əlləşib-vuruşmaqla qazana  bilməyəcəyin qədər sərvət var bu diplomatda -Ata oğluna deyirdi. – Bütün sərvətimi bu diplomatda sənə miras qoyuram.-Sonra əli əsə-əsə diplomatın kağıza yazdığı şifrəsini həyat yoldaşına uzatdı və qorumasını tapşırdı:

-Oğlum, sən bu diplomatı açmaq istəyirsənsə gərək bir şərtimi yerinə yetirəsən.Oğlanın təbəssümünə qonan  təccüb dolu baxış atadan həmin şərtin nə olduğunu soruşurdu:

-Diplomatdakı sərvətə yiyələnmək üçün əvvəlcə univeristet bitirməlisən.Yalnız fərqlənmə ilə diplom aldıqdan sonra ordakı sərvətə sahib ola bilərsən.

 

Atası sağ olanda dərslərini əla oxuyardı. O vaxta qədər ki, hələ eşq nədi dadmamışdı. Aşiq olduğu gündən oxumağa marağı azalmış, cavabsız sevginin intizarından çaşqınlığa yuvarlanmışdı. Sonuna hicran yazılmış məhəbbətinin depresiya dövrünü yaşayanda son zəng çalınmaq üzrəydi. Yeni həyat gözləyirdi onu…

 

On səkkiz ay da dözdü. Ümid eləyirdi ki, yəqin anasının ona rəhmi gələcək, əsgərliyi bitirəndən sonra mirasını özünə verəcək. Lakin anası ərinin vəsiyyətinə heç vaxt zidd getməyəcəyini bilirdi. Odur ki, diplomatı acaçağı günə olan ümidi azaldı.

Bir müddət muzdla çalışmalı oldu. Hər gün işdən sonra, əzələləri gəriləndə, sümükləri dillənəndə, yorulub əldən düşəndə atasının vəsiyyətini xatırlayırdı. Qiymətli daş-qaşla dolu olduğunu güman elədiyi diplomatdan məhrum qaldığına görə özünü qınayırdı. Çıxış yolu axtarırdı. Ən asan yolu seçdi və ayağa qalxdı. “Gecdir oxumaq”.  Barmaqlarının ucunda zirzəmiyə endi. Anasından gizlin diplomatın kilidini sındırıb itizarına son verəcəkdi.Diplomatı tapdığında qulaqlarında anasının tənbehedici səsi cingildədi. Onun səsinin əks-sədası zirzəmini başına almışdı:

-Utanmırsan?! Utan, ay atasının sözündən çıxan, dönük övlad!

Başını aşağı sallayıb qaçdı. Otağına çəkilərək həmin gün bayıra çıxmadı. Oğurluq üstündə tutulmuş günahkar kimi anasıyla qarşılaşmaqdan utanırdı. Yalnız sabah-oxumaq üçün hazırlıq planı tutduqdan sonra otağından çıxdı.

Məqsədli şəkildə oxudu-gecəsini gündüzünə qatdı. Elə həmin il universitetetə qəbul oldu. “Bir halda ki,diplomatda ömrüm boyu işləməklə qazanacağımdan artıq sərvət var, deməli yaxşı oxumağa dəyər”.  Hələ oxumağa yeni-yeni başlarkən belə deyirdi. Universitet tələbəsi olanda da bu cür düşünürdü: “Hərgah fərqlənmə diplomu alan kimi diplomatdakı sərvətlə zəngin olacam, oxumaqdan yaxam onsuz da birdəfəlik qurtaracaq.”

 

Diplomunu alan kimi birbaşa evə qaçdı. Anası diplomatın şifrəsini ona sanki mükafat kimi verdi.

O, zirzəminin pilləkənlərini sürətlə enirdi.Əslində yürüdüyünün fərqində deyil, xəyalında şəhərin mərkəzində şəxsi otelinin lifti ilə yuxarı mərtəbəyə qalxırdı.Diplomatı  açıdı. Boş idi. Nitqi tutuldu, lift dayandı. Onu oradan üzü üstə -otelin həyətindəki hovuzun Günəş altında qaynayan isti suyuna tulladılar. İslanmış köynəyinin düymələrini açdı. Tər damcı-damcı sinəsindən göbəyinə sarı sürüşürdü.

Köynəyi ilə üzünuün və sinəsininin tərini silir, atasının onu aldatdığını düşünür,  ona qəzəblənirdi. Acığını diplomata və əziyyətlə qazandığı diploma tökmək gəlirdi əlindən. Diplomatı götürüb bağa gəldi. Böyük tonqal çatdı. Diplomu da diplomata qoyub  hər ikisini odun içinə atdı. Diplomat çırtaçırtla yanır o isə cibindəki mobil telefonuna ard-arda gələn çağrıların fərqinə varmadan hey fikirləşirdi:

-Görən, atam hansı xəzinədən danışırmış elə?

Fikirdən anasının şən cikkiltisinə ayıldı.

– Aç telefonu.

Bu çağrı bir ay əvvəl univeristeti bitirdiyini təstiq eləyən arayışla dövlət qulluğuna verdiyi imtahanın nəticəsi idi. Təkrar çağrı gəldi mobil telefonuna  və o,cəld telefonu cibindən çıxarıb barmağnı ekranda sürüşdürdü.

-Sabah gəlin. Diplomunuzu da… – Seçdiyi vakansiyanı qazanmışdı.

Dİplomunun xilasından ötrü bir an belə tərəddüd eləmədən özünü alova vurdu.

Yazıya 882 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.