Xəlil Adıgözəl – “Mənim nəfəsim buzmuş, buz, Kimə “gülüm” dedim, soldu”

50223049_398389550934504_7683168890171424768_n
“Həyatın məcazi mənası”
 
Qarışıb yuxularım, itib xeyirim, şərim,
Halım qarışıb yenə, məndəki hal hal deyil.
Div ağzına atmağa qurbanıq, əzizlərim,
Havayı aldığımız nəfəs də halal deyil.
 
“Tanrı minlər içindən niyə məni seçibdir?”
Yuxuda görürəm ki, özümə su verirəm.
Barmağım yarıyacan gicgahıma keçibdir,
Durub üzü qibləyə, gözümə su verirəm.
 
Biri sinəmdən basır, biri başımı əyir,
Hanı mənim bir gözüm, niyə qolum yoxdur ki?
Tanrı məni çağırır, dəli şeytan qal deyir,
Niyə mənim getməyə başqa yolum yoxdur ki?
 
Əqrəblər yorğun düşüb, taqəti qalmayıbdır,
Azad olmaq qulluqdan, iş işdən asılıdır.
Məndə də o səbirdən heç, qəti qalmayıbdır,
Məni də qınamayın, vərdişdən asılıdır.
 
Eşşək damğalayıram, hamı iyə dayanıb,
Gözüm dikilib qalıb “şeytanlıq döyməsi”nə.
Dünya niyə fırlanmır, zaman niyə dayanıb,
Kimin barmağı dəyib pauza düyməsinə?
 
Şəhadət barmağımdır gicgahımın silahı,
Bütün günü yollarda quru can daşıyırıq.
Gözümüzü sıxanda su çıxırsa, İlahi,
Niyə damarımızda su yox, qan daşıyırıq?
 
Deyirlər o dünyada qaynar qazan qaynayır,
Qorxudan saralmışıq, bıçaq vursan, qan çıxmaz.
Bir neçə “dəcəl uşaq” mərcə oyun oynayır:
“Görək, kim kimi yıxar, görək, kim kimi yıxmaz”
 
Qızğın bir oyun gedir, “Ya Qaralar, Ya Ağlar”
Çirmələyib qolunu bir neçə “igid”, “qoçaq”
Yenə yuxu görmüşəm, sizə bəd xəbərim var:
İçimdən bir səs deyir: “Qaralar uduzacaq!”
 
“Xoşbəxt ol”
 
İstəyirsən bir də sına,
Qəlb ki şüşə deyil sına,
Ürəyimin qapısına
Bir top atdın, dedim: qoldu!
 
Bu top düşməz hər ayağa,
Düşər bəxtəvər ayağa,
Durdum birtəhər ayağa,
“Bir şey olmaz”-dedim, yoldu…
 
Olanlar mənə olmuşdu,
Başımı duman almışdı,
Ümidim sənə qalmışdı,
“Səbr et” -dedin, dedim: oldu!
 
Bu nə top idi qovurdum?
Mən ki sadəcə sevirdim,
Üzümü göyə çevirdim,
“Nə baş verir”-dedim, noldu?!
 
Elə “eşq” də söz imiş, söz,
Deyilənlər düz imiş, düz,
Mənim nəfəsim buzmuş, buz,
Kimə “gülüm” dedim, soldu.
 
Bu nə yoldu, nə cığırdı?
Deyim “Xoşbəxt ol?” Axırdı!
Mənim nəfəsim ağırdı,
Bir də gördün dedim, oldu!
 

Yazıya 418 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.