Dekabrın 23-də Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin (ANAİB) ümumi yığıncağı və hesabat tədbiri keçirilib.
Kultur.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə deputatlar, jurnalistlər, yazıçı və şairlər, eləcə də ANAİB-in üzvü olan nəşriyyatların direktorları və nümayəndələri iştirak ediblər.
Tədbirin ilk hissəsində assosiasiyanın fəaliyyətini əks etdirən videoçarx və təqdimat izlənilib. Daha sonra ANAİB-in idarə heyəti sədri Şəmil Sadiq illik fəaliyyət haqqında hesabat xarakterli çıxış edib, görülən işlər barədə məlumat verib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, deputat Ceyhun Məmmədov, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini Əkbər Qoşalı, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsi Nəşriyyatlarla iş sektorunun əməkdaşı Xəyal Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis, Əməkdar jurnalist Qulu Məhərrəmli, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, yazıçı Rövşən Abdullaoğlu, sosioloq Orxan Şahbaz, “İnci” şirkətlər qrupunun direktoru Mikayıl Yusif kitabçılığın problemlərindən, müsbət və mənfi məqamlardan söhbət açıb, ANAİB-in üç ildə göstərdiyi fəaliyyəti təqdir ediblər.
Daha sonra ANAİB-in tədbirlərində fəal iştiraka görə Xəyal Məmmədov, Səlim Babullaoğlu, Qulu Məhərrəmli, Aqil Camal, və Orxan Şahbaza təşəkkürnamə təqdim olunub. Onlar da öz növbələrində ANAİB-in fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər.
Tədbirin ikinci hissəsində növbəti iki il ərzində fəaliyyət göstərəcək idarə heyəti üzvləri və sədrin seçkisi baş tutub. Seçki komissiyasının sədri, “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, üzvləri isə DGTYB-nin sədri İntiqam Yaşar və ANAİB-in koordinatoru Fizzə Məmmədova seçiliblər.
Gizli səsvermə əsasında:
– Əsəd Süleymanov;
– Fatimə Alxaz;
– Nurman Tariq;
– Rafiq İsmayılov;
– Səbuhi Şahmursoy;
– Seymur Tağıyev;
– Şəmil Sadiq;
– Şöhlət İxtiyaroğlu;
– Veysəl Məmmədov
idarə heyətinin üzvü olublar.
Yeni idarə heyəti öz namizədlərini ümumi yığıncağa təqdim edib. Ümumi yığıncaq yekdilliklə Şəmil Sadiqi növbəti iki il üçün sədr seçib.
Bundan başqa birliyə yeni üzv olan nəşriyyatların rəhbərlərinə Səbinə Əliyeva (“Səbat”), Mübariz Həsənov (“Alfacin”), – ANAİB döş nişanı təqdim olunub.
Sonda Şəmil Sadiq ümumi yığıncağın qərarına əsasən yaxın günlərdə birlik üzvlərinin Ali Baş Komandan İlham Əliyevi növbədənkənar prezident seçkilərində yekdilliklə dəstəklədikləri ilə bağlı bəyanat yayımlayacaqlarını bildirib.
Yazıya 9 dəfə baxılıb