“Qələmli və qələmsiz” Rəşad Məcid portreti” təqdim olundu

Hər adamın sığınmağa

Bir qalası olsun gərək.

Bu qaynaşan pis gözlərdən

Bir xilası olsun gərək.

(Rəşad Məcid)

 

Noyabrın 23-də Gəncliyə Yardım Fondunun konfrans zalında Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Rəşad Məcid- 60” adlı tədbir və “Qələmli və qələmsiz” Rəşad Məcid portreti” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri, oxucular və jurnalistlər iştirak ediblər.

Tədbirin aparıcısı, gənc yazar Ayşən Rəhim mərasimi açaraq qonaqları salamlayıb və kitab haqqında məlumat verib. Bildirilib ki, kitab Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, “525-ci qəzet”in baş redaktoru yazıçı-publisist Rəşad Məcidin 60 illik yubileyinə həsr olunub.

Kitabın müəllifləri Dünya Gənc Türk Yazarlar Birliyinin(DGTYB) sədr müavini, AYB-nin Gənclər Şurasının katibi, Prezident təqaüdçüsü, yazıçı-publisist Şahanə Müşfiq, DGTYB-nin idarə heyətinin üzvü, AYB Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, yazıçı Şəfa Vəlidir.

DGTYB-nin təşəbbüsü, “Xan” nəşriyyatının dəstəyilə çap olunan kitabda R.Məcidin həyat və yaradıcılığından bəhs olunur.

DGTYB başqanı, şair-publisist, kitabın ön söz müəllifi İntiqam Yaşar çıxışında Rəşad Məcidi 60 illik yubileyi münasibəti ilə təbrik edib, bu nəşrin hər zaman gənc nəslə öz dəstəyilə seçilən Rəşad Məcidə gənclərin töhfəsi olduğunu vurğulayıb.

Tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı, Bakı Dövlət Universitetinin (BDU) Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar İncəsənət Xadimi, professor Əli Əmirli, millət vəkili, şair-publisist Elçin Mirzəbəyli, BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı, Hədəf Şirkətlər qrupunun qurucusu, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, “525-ci qəzet”in ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavini, tərcüməçi, ədəbiyyatşünas Seyfəddin Hüseynli, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova çıxış edərək Rəşad Məcid yaradıcılığı və şəxsiyyəti haqqındakı yüksək fikirlərini dilə gətirib, onu yubiley yaşı, müəllifləri isə yeni kitab münasibəti ilə təbrik ediblər.

Qiraətçi Müşfiqə Baləddin Rəşad Məcidin “Çiyələk qadın” şeirini səsləndirib.

Şair İlqar Türkoğlu Çukurova Ədəbiyyatçılar dərnəyinin təsis etdiyi “Atatürk” medalını, İntiqam Yaşar isə DGTYB-nin yubiley medalını Rəşad Məcidə təqdim ediblər.

Kitabın həmmüəllifləri Şahanə Müşfiq və Şəfa Vəli çıxış edərək kitabın yazılma prosesindən danışıblar. Bildirilib ki, kitabda oxucular Rəşad Məcidin yaradıcılığı və şəxsiyyəti haqda onun doğmaları – ailəsi, dostları, müəllimləri, iş yoldaşlarının ürək sözləri, eləcə də müəlliflərin məqalələri vasitəsilə dolğun məlumatlar alacaq, qəhrəmanımızı şair, jurnalist olmaqdan əlavə, oğul, tələbə, ata, dost kimi də tanıyacaqlar. Bir insan ziyasının ömürlərə işıq salacağı həqiqətinin anladılması da nəşrin əsas qayələrindəndir.

Sonda çıxış edən şair, publisist Rəşad Məcid “Qələmli və qələmsiz” Rəşad Məcid portreti” kitabını onun yubileyinə olan ən gözəl hədiyyələrdən biri kimi dəyərləndirib, müəlliflərə, nəşrin çapında əməyi olan hər kəsə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

 

“Ədəbiyyat və incəsənət”

Yazıya 7 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.