Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Paşinyan arasında imzalanan saziş iki ölkə arasında münasibətlərin normallaşmasına əhəmiyyətli təsir göstərəcək. Tərəflər bundan sonra güc vasitəsilə hədələmə ritorikasından öhdəliklərin yerinə yetirilməsi təşəbbüsünə üstünlük verəcəklər. Xüsusilə, “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlandırılan Zəngəzur dəhlizinin açılması üçün daha əzmkar və sürətli işlər görüləcək. Nəzərə almaq lazımdır ki, istənilən sahədə Azərbaycan-Ermənistan münasibətlərində anlaşılmazlığın ortaya çıxması və böyüdülməsi Rusiya üçün yaxşı fürsət ola bilər.
Rusiya Vaşinqton razılaşması ilə bağlı hisslərini gizlədərək nə qədər diplomatik münasibət sərgiləsə də M.Zaxarovanın “iki ölkə arasında barışıq regional kontekstdə inteqrasiya olunmalı və maraqlar balansına və tərəflərin və qonşu dövlətlərin prioritetlərinə qeyd-şərtsiz hörmətə əsaslanmalıdır” açıqlaması onun bütün niyyətlərini ortaya qoyur. 8 noyabr 2020-ci il üçtərəfli razılaşmaya zidd olaraq Zəngəzur dəhlizinə nəzarətin ABŞ-a verilməsi əslində rəsmi Moskvanın oyundan kənarda qoyulmasıdır. Doğrudur, Azərbaycanın addımları yalnız özünün milli maraqlarına söykənir və nə Rusiya əleyhinə, nə də başqa bir ölkəyə qarşı yönəlməyib. Ona görə də rəsmi Moskvanın Bakıdan inciməyə haqqı yoxdur. Sadəcə olaraq Rusiya mövcud potensialına və normal qonşuluq prinsiplərinə adekvat olmayan daha çox şey istədyinin fərqinə varmalıdır. Rusiya öz qonşularına, xüsusilə, keçmiş sovet respublikalarına yuxarıdan aşağı baxdığına görə, “dost”ları fürsət düşdükcə onu tərk edirlər.
Vaşinqton anlaşması ilk vaxtlar regionda müəyyən silkələnmələr yaratsa da, uzunmüddətli dövrdə bölgəyə sülh gətirəcək. Etiraf etmək lazımdır ki, bu anlaşma dünyanın dəyişən və inkişaf edən ruhuna çevik reaksiyadır. Həm də böyük cəsarətin nəticəsidir.
Azərbaycan 35 ildən çoxdur ki, davam edən bir konfliktə dünyanın super gücü ABŞ-nin vasitəçiliyi ilə son qoydu. Hansı ki, bu ölkə Ermənistanı dəstəkləyərək vaxtaşırı olaraq Azərbaycana təzyiqlər edirdi və hələ də tamamilə ləğv edilməmiş 907-ci düzəliş qüvvədədir. İndi isə Azərbaycan illərdir ona ittiham kimi yapışdırılan demokratik dəyərlərdən uzaqlaşma ittihamlarının üstündən xətt çəkərək, Qərbə inteqarasiya prosesinə start vermiş oldu. Bundan sonra ABŞ və Qərbin Azərbaycana münasibətində də ciddi dəyişiklik baş verəcək. Təbii ki, ölkə daxilində demokratik islahatlar da Vaşinqton razılaşmasına ciddi dəstək kimi çıxış edə bilər.
Yazıya 16 dəfə baxılıb