15 fevralda Opera Studiyasının səhnəsində Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq axşamı keçirildi. Ədəbi mühitin tanınmış simalarının, incəsənət və mədəniyyət xadimlərinin, eləcə də yazıçının çoxsaylı oxucularının qatıldığı görüş böyük maraq və izdihamla yadda qaldı.
Tədbiri giriş sözü ilə açan Çingiz Abdullayev qonaqları səmimi salamladı və belə görüşlərin ədəbiyyatla oxucu arasında canlı körpü rolunu oynadığını vurğuladı. O, çıxışında Azərbaycan ədəbiyyatının inkişaf mərhələlərindən, müasir ədəbi prosesdən və dünya ədəbiyyatı ilə müqayisəli məqamlardan danışdı. Yazıçı milli ədəbiyyatın beynəlxalq müstəvidə tanıdılmasının vacibliyini qeyd edərək, oxu mədəniyyətinin qorunmasının cəmiyyət üçün strateji əhəmiyyət daşıdığını bildirdi.
Görüş interaktiv formatda davam etdi. Oxucular Çingiz Abdullayevə həm yaradıcılığı, həm də şəxsi həyat təcrübəsi ilə bağlı suallar ünvanladılar. Əvvəlcədən 1 saat 30 dəqiqə nəzərdə tutulan tədbir oxucuların fəallığı səbəbindən 2 saat 30 dəqiqəyə qədər uzandı. Yazıçı tədbirin əvvəlindən sonuna qədər oxucularına ehtiram əlaməti olaraq ayaqüstə qaldı və hər bir suala ayrı-ayrılıqda, geniş və ətraflı cavab verdi. Bu məqam zalda xüsusi rəğbət və alqışla qarşılandı.
Tədbir çərçivəsində rəssam Aysel Bəylərbəyova özünün “Bakı motivləri” adlı rəsm əsərini Xalq yazıçısına təqdim etdi. Ç.Abdullayev hədiyyəyə görə təşəkkürünü bildirərək, paytaxtın ruhunu əks etdirən bu əsərin onun üçün xüsusi dəyər daşıdığını vurğuladı.
Sürəkli alqışlarla başa çatan yaradıcılıq axşamının sonunda Çingiz Abdullayev oxucularının kitablarını imzaladı, onlarla xatirə fotoları çəkdirdi. Səmimi və isti atmosferdə keçən görüş bir daha göstərdi ki, canlı ünsiyyət və ədəbiyyata sevgi müəlliflə oxucu arasında möhkəm bağ yaradır.
Beləliklə, Opera Studiyasının səhnəsində keçirilən yaradıcılıq axşamı təkcə bir ədəbi tədbir deyil, həm də sözə və sənətə ehtiramın təntənəsi kimi yadda qaldı.
Yazıya 18 dəfə baxılıb

















