RÜSTƏM KAMAL – “EVİNİ AXTARAN SƏSİN SÖZÜ”.

Rüstəm_Kamal

EVİNİ AXTARAN SƏSİN SÖZÜ

 

Şairlə tanışlığın konkret, dəqiq,  tarixi olmamalıdır – o, sənin həyatına ilğım kimi daxil olur. Azərbaycanın görkəmli şairi İsmayıl İmanzadə ilə tanışlığım Mehdi Hüseynin onun “Şimşək” adlı  bir şeirini tərifindən başlayır-mən hələ də İsmayıl müəllimin şeirlərinə böyük yazıçının gözü ilə baxıram. Vaxt vardı, ömrünü ata yurduna bağlamışdı, eli ilə xeyir-şərdə, əkində-biçində bir yerdə idi. Ermənilərin quldurluğu başlayanda əlində silah özünümüdafiə dəstəsində kəndini qoruyurdu. Şöhrət, ad-san havası onu şəhərə çəkmirdi…

Sonra onun şair taleyinə qəriblik, didərginlik səhifəsi yazıldı. Ömrün salnaməsi Mingəçevirə etibar etdiyi və sınmadığı illərin hekayətidir, tez-tez anasını, qohum-qardaşlarını yoxladığı günlərin yaddaşında açdığı dərin şırımlardı. Yadımdadır, Mingəçevirə gələn kimi tədricən bu “ruslaşmış” Sovet şəhərini  necə şeir məkanına çevirməyə başladı. Yerli yazarlarla bərabər, üzü Yevlaxdan, Ağdaşdan, Şəkidən belə, Mingəçevirdə məskunlaşmış qaçqın-köçkünlər içindən ilhamı-təbi olanları da axtarıb tapdı, başına yığdı, ədəbi törənlər keçirdi.

İsmayıl İmanzadə ilin mövsümlərinin, fəsillərin dəyişməsini torpaq kimi, ağac kimi duyur. Təbiətdə fəsillərin dəyişməsi, bir-birini əvəz etməsi ömrünün havasını bilmək üçün işarətdir, yəni ilin fəsilləri ömrün fəsilləri kimi düşünülür. Harda qar yağırsa, şimşək çaxırsa, bulud qaralırsa, onun ömründə əks-səda verir.

 

Fəsillər ömrünü sona yetirmir,

Bürüyür meşəni yanıq qoxusu.

Yaralı ağaclar pöhrə bitirmir,

Qaralır çəmənin, çölün yaxası.

 

Peyzaj şeiri əslində ruhun təbiətə, təbiətin ruhumuza doğru hərəkətidir. Məni İsmayıl İmanzadənin peyzaj lirikasında sevdirən cəhət onun “naturadan çəkməsi” deyil, içinin landşaft-peyzaj yaşantılarını sözə çevirməsidir. Cəbrayılın təbiəti İsmayıl müəllimin ən munis xatirəsidir. Bəlkə ona görə bu şeirləri belə saf və gözəl danışır! Ruhunun tarixçəsini peyzaj şeirlərindən oxumaq olur. Rəssam dəqiqliyi və zənginliyi elə tapdığı təşbehlərə inanırsan.

 

Cığırlar uşaq kimi

İməkləyir yamacda.

Yaxud

Gölməçələr quzu kimi

Dizlərini yerə qoyub

Damlaları əmir yenə.

 

Onun təbiəti qavrayışında bir tərəkəmə insanın duyğusallığı var. İsmayıl İmanzadənin düşüncə təcrübəsində təbiətdə bütün canlılar munislik, mərhəmlik duyğusuna, bir-birinə sığınmaq instiktinə malikdir. “Sığınmaq” feili nəvazişin, sevginin, doğmalığın başqa bir adıdır.

Qırov düşər, ana torpaq

Sığınar qızıl payıza.

Ya da

Qısılar qayanın daş sinəsinə,

Zirvədən dərəyə enən şəlalə.

 

İnsan qərib olanda yad ellərə, yad evlərə sığınır. Şair qərib olanda isə sözə sığınır. İsmayıl müəllim həm Allaha, həm sözə sığındı…

Yuxarıdakı örnəklərdən də göründüyü kimi, onun yaradıcılığının əsas ünsürü “su”dur. Şəlalə, dağ çayı, Araz, leysan sevdiyi poetik obrazlardır. Təsis etdiyi jurnalın adını “Mingəçevir leysanı”  (ədəbi dərgi otuzuncu sayından sonra “Bənövşə” adı ilə nəşr olunur) sonrakı adı qoyması məni təəccübləndirmədi.

Onun şeirlərinin məsamələrində, havasında bir kişi xeyirxahlığı var. Təəssüf ki, xeyirxahlıq müasir poeziyamızda nadir keyfiyyətlərdən biridir. Bəlkə, yeni nəslin dünyaya, təbiətə, insanlara praqmatik, nihilist-ironik baxışı zamanın tələbidir. Amma İsmayıl müəllimin poeziyasında xeyirxahlıq nə sosial situasiyalardan, nə də fələyin gərdişindən asılı olaraq dəyişməyib. Bu gün də üstünə gələni əliboş qaytarmır. Başqasının işi üçün heç bir təmənnası olmadan qabağa düşüb qapılar açdığını  gördüm. Bunu onun uşaq şeirlərində də görmək olar. İçində ota, daşa, yağışa sevgisi olan şair gözəl uşaq şeirləri yaza bilər.

Əlbəttə, bütün ciddi şairlər kimi, İsmayıl İmanzadə də varlığı, dünyanı bütöv şəkildə-faciəsi, nəşəsi, kədəri ilə, əyər-əskikliyi, mürəkkəbliyi ilə qavrayır. Didərginlik-köçkünlərin həyatı Qarabağ torpaqlarının işğal olunması, Xocalı faciəsi onun həyatına və poeziyasına bədbinlik notları gətirib…

 

Ömür muncuq düzümüdü,

Harda qırıla-qırıla.

 

Ömür fəlsəfi anlamda desək əsas metafizik substansiyadır, halallıq və günah məsələsidir.

Halallıq ver mənə barı

Günahımdan keç, ürəyim.

 

Təbiət və sevgi şeirləri ömrün mənasını anlamaq cəhdidir. İsmayıl İmanzadə üçün poeziya insan ömrünün miqyasını anlamaq imkanıdır. Hətta bircə detalla ömrün miqyasını verə bilir:

Qırx ildir ki, əllərini

Dizlərində daraqlayır

Yetər nənə…

 

İ.İmanzadə inanır ki, sevgi budaqdan qopub otların üstünə qonan yarpaqdır, gecələr pəncərə şüşəsinə yapışan ulduzların işığıdır. Cəbrayılda su başında çınarların yağışda yuyunmasıdır. Sevgi və peyzaj şeirləri şairin müdrikliyidir.

Ev İsmayıl İmanadənin genetik obrazlarından biri, yaddaşının ağrıyan yeridir, həmişə, hər yerdə evini xatırlayır. Hətta bu haqda o qədər danışıb və yazıb ki, artıq mən dəfələrlə onun evində “olmuşam”. O evin obrazını xəyalımda canlandırmışam. İndi Mingəçevirdə öz mənzili olsa da, yenə də ruh kimi “evsiz-eşiksiz” dolaşır. Cəbrayılda, Böyük Mərcanlıdakı evinin nisgilini yaşayır. Bəlkə gecələr yuxularında da oraya baş çəkir?

Qərib bir elin köçüyəm,

Soruşan yoxdur nəçiyəm.

Mən bir fağır kirəçiyəm,

Sən bir ötkəm ev yiyəsi.

 

Aşağıdakı misralarda amansız etirafı ancaq “evsiz” şairlər edə bilər:

 

Çiynimdə qalıb tabutum,

Harda qazımı gör evimi?

 

Bəlkə də onun şair ürəyinin kiçiyi böyütməsi də bu üzdəndir. Millətini, dostlarını böyütməkdən xoşu gəlir. Və bu “böyütmə” düşüncəsində qətiyyən şişirtməyə yer vermir. Məsələn:

 

Bir ömür sığındı ürəyimizə,

Bir beşik böyüdü gözlərimizdə…

 

Bütün qarabağlılar kimi, İsmayıl İmanzadə də söz ilk növbədə nitqin eşidilmək, səslənmək funksiyasına aiddir. (Təsadüf deyil ki, ünsiyyətdə, telefon danışığında belə “eşidirsən” replikasını çox işlədirlər). Onun üçün istənilən söz (xitab, sorğu-sual, xahiş..) ünvanına səs kimi çatmalıdır.. “Niyə səsin çıxmır, yurdun kişisi?”

 

Ya da

Səsim Tanrıya çatmadı,

Günah məndən yuxarıda.

 

Ya da yurduna xitabən deyir:

 

Karvanın yel azıbdı,

Ruhun sığala yatmır.

Niyə səsin, harayın

 

Hələ heç yana çatmır?..

 

Qürbət acılarını etnoqrafik düşüncəsindən gələn bir metafora ilə (“gündən-kündəm” qafiyələnməsi də öz yerində!) ifadə edir.

 

Qəribliyə düşən gündən

Özgə əlindədi kündəm…

 

Ona görə də ömrünün “didərginlik mövsümünü” pis yuxu kimi, tərsinə yozulan yuxu kimi qəbul edir.

 

Qoca dünya falçı imiş

Yozdu yuxumu tərsinə…

 

“Evsiz” şair hər axşam adını bilmədiyi, üzünü görmədiyi bir insanın, bir qonağın qəfil gəlişini gözləyir. “Kimsən, ay qapını döyən” şeirində sonacan vaxtsız qonağın (ehtiyac, sevgi, yoxsa ölüm) adını bilmir.

Qürbətdə şeir yazılmır, şeiri oxuyurlar. İsmayıl müəllimin ruhu oxuyur ki, səsi evinə çatsın.

05 aprel 2019-cu il

Yazıya 1096 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.