Türk dünyasının böyük şairi, professor Məmməd İsmayılın 40 mərasimi onun doğulduğu Tovuz rayonunun Əsrik kəndində keçirildi.
Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən tanınmış ziyalılar – şairlərdən Məzahir Hüseynzadə, Musa Ələkbərli, İlham Zamanoğlu, Maarif Həsənoğlu, şair-tərcüməçi Qoca Xalid, yazıçılardan Nurəddin Ədiloğlu, İradə Aytel, Tovuz Xeyriyyə Cəmiyyətinin üzvləri və sədr müavini Çingiz Abbasov, Aşıq Camo, kənd sakinləri və Məmməd İsmayıl sevərlər iştirak edirdilər.
Mərasim iştirakçıları əvvəlcə şairin məzarına tər güllər düzdülər. Daha sonra Tovuz Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə hazırlanan xatirə lövhəsi məzar önündə ucaldıldı.
Ziyalılar çıxışlarında Məmməd İsmayılın ədəbi irsindən, şəxsiyyətindən və yaradıcılıq yolundan söz açdılar. Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, şair Barat Vüsal çıxışında Məmməd İsmayılın məşhur “Tovuzda” şeirindən bir misranı yada salaraq dedi:
“Məmməd İsmayıl yazırdı: “Bir Məmməd İsmayıl səfər eylədi, // Yüz Məmməd İsmayıl qaldı Tovuzda”. Amma bu gün biz deyirik ki, yüz Məmməd İsmayıl səfər eylədi, bir Məmməd İsmayıl qaldı Tovuzda. Və o bir Məmməd İsmayılın adı nəinki Tovuzda, bütün türk dünyasında əbədi yaşayacaq!”
Tədbirin sonunda şairin məzarı önündə saz havası səsləndi və Məmməd İsmayılın xatirəsi ehtiramla yad edildi.
40 mərasimi şairin ocağında düzənlənən ehsan süfrəsi ilə sona yetdi.
Yazıya 71 dəfə baxılıb