Görkəmli şair, tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Ayaz Vəfalı dünyasını dəyişib.
.
Bəzi insanlar var ki, illər keçsə də, xoş rəftarı, nəcibliyi və mənəvi zənginliyi ilə yaddaşlarda yaşayırlar. Onlarla bağlı xatirələr zamanın süzgəcindən keçərək daha da dəyər qazanır. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Ayaz Vəfalı da yaradıcılığı, ziyalılığı və insani keyfiyyətləri ilə yaddaşlarda iz qoyan şəxsiyyətlərdəndir. Onun vəfatı münasibətilə qələmə alınan bu sətirlər həm dəyərli bir ədibin ömür yoluna ehtiram, həm də illər öncə birlikdə yaşanmış unudulmaz günlərin səmimi xatirəsidir.
Ayaz Vəfalı 1937-ci il aprelin 1-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə “Ədəbiyyat və incəsənət” qəzetində başlayıb, burada müxtəlif vəzifələrdə çalışıb. 1976–1977-ci illərdə “Ulduz” jurnalında işləyib, sonralar yenidən “Ədəbiyyat və incəsənət” qəzetində fəaliyyətini davam etdirib. 1996–2014-cü illərdə “Ədəbiyyat qəzeti”nin baş redaktoru olub.
Filologiya elmləri namizədi olan Ayaz Vəfalı 1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. O, Azərbaycanın Əməkdar mədəniyyət işçisi və Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. “İllər və nəsillər”, “Ürək və od”, “Turacın mahnısı”, “Bəlkə onda öyrənmişik”, “Özü oda yana-yana”, “Füzuli öyrədir”, “Sənətkar və xalq” və “Füzuli xəlqiliyi” kimi əsərlərin müəllifidir. Əlişir Nəvainin “Leyli və Məcnun”, Taras Şevçenkonun “Kor qadın” poemalarını və digər əsərləri Azərbaycan dilinə tərcümə edib.
Ayaz Vəfalı ilə ilk tanışlığım 1988-ci ildə, Azərbaycan Nəşriyyatında baş tutdu. Görkəmli şair Məmməd İsmayılla birlikdə olduğumuz həmin görüş yaddaşımda xoş təəssüratlarla qalıb. O günün səmimi ədəbi-mədəni söhbətləri, Ayaz Vəfalının ziyalı təmkini, incə davranışı və söhbətinə xas olan təbiilik onun şəxsiyyətinə olan hörmətimi daha da artırdı.
Onunla daha yaxından ünsiyyətimiz isə 1990-cı ilin oktyabr-noyabr aylarında Sovet İttifaqının tərkibindəki səkkiz respublikanın nümayəndələrinin iştirak etdiyi, Yaponiyaya təşkil olunmuş bir aylıq rəsmi səfər zamanı yaranıb.
Həmin səfərdə mən qrupun sinif rəhbəri idim. Qrup rəhbərimiz Zəki bəy idi. Nümayəndə heyətində Azərbaycan SSR-in tanınmış dövlət və elm xadimləri, vəzifəli şəxslər iştirak edirdilər. Onların arasında Azərbaycanın sabiq baş prokuroru, mərhum Murad Babayev, ticarət naziri Rizvan Hüseynov, “Azəriqaz” Dövlət Şirkətinin baş direktoru, Tariyel Hüseynov və digər nüfuzlu şəxslər vardı. Riyaziyyatçı professor Fərəməz Maqsudov da SSRİ alimlərindən ibarət paralel qrupda iştirak edirdi. O, Yaponiyada nüfuzlu universitetlərin birində triqonometriyadan mühazirə oxudu və elmi biliyinə, peşəkarlığına verilən yüksək qiymətin göstəricisi olaraq, böyük məbləğdə qonorar aldı.
Səfərlə bağlı yaddaşımdan silinməyən maraqlı hadisələrdən biri də Vladivostokda baş verdi. Keçid zamanı Ayaz Vəfalı mənə bir neçə kitab verdi ki, onları gömrükdən keçirim. Kitablar Mirzə Fətəli Axundovun əsərlərindəın ibarət idi. O, həmin kitabları Axundovun nəvəsi Pərrux xanıma çatdırmaq istədiyini bildirdi. Səfərimizin son üç günü Tokioda keçdi. Ayaz müəllimdə ünvan olduğu üçün axtarış nəticəsində Axundovun doğmaları ilə əlaqə yaratmaq mümkün oldu. Onlar bizim qaldığımız gəmiyə gəldilər. Görüşdə Pərrux xanımın həyat yoldaşı Aqaye Rac (fars əsilli) və yapon bir xanım iştirak edirdi. Görüş üçün bizə gəminin kapitan otağında icazə verilmişdi və orada səmimi söhbətimiz oldu.
Gələn yapon xanım Nizami Gəncəvinin yaradıcılığını araşdıran tədqiqatçı idi. O, özü ilə Nizaminin “Xəmsə”sindən “Yeddi gözəl” poemasını da gətirmişdi. Bu görüş bir daha göstərirdi ki, ədəbiyyat və mədəniyyət xalqları bir-birinə yaxınlaşdıran, müxtəlif ölkələr arasında mənəvi körpü yaradan mühüm vasitədir.
Yaponiya səfəri zamanı qrup üzvləri arasında maraqlı alış-veriş edənlər də vardı. Ayaz Vəfalı isə bir ədəd diktofon almışdı. Əslən Gəncədən olan, çox dəyərli və hörmətli bir insan kimi yaddaşımda qalan Həmid müəllim qızına cehiz üçün əşyalar almışdı.
Bu gün Ayaz Vəfalının vəfatı xəbərini eşidərkən həmin günlər, onun sakit davranışı, mədəniyyəti, insanlarla səmimi münasibəti gözlərim önündə canlandı. Aradan uzun illər keçsə də, insan yaddaşında yaxşılığı, nəzakəti və xoş rəftarı ilə iz qoyan şəxslər unudulmur.
Ayaz Vəfalının xatirəsi onu tanıyanların qəlbində yaşayacaq. Onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələr, elmi və bədii yaradıcılığı daim ehtiramla xatırlanacaq.
Allah rəhmət eləsin! Məkanı cənnət olsun!
Öz adımdan, eləcə də Tovuz Xeyriyyə Cəmiyyəti adından, ağsaqqallarımız Qəzənfər Paşayevin və Məhərrəm Qasımlının adından mərhumun doğmalarına, yaxınlarına və Azərbaycan ədəbi ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm.
Çingiz Abbasov
Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini
Yazıya 11 dəfə baxılıb










