Elçin Aslangil İradə Aytelə dedi ki…

73399922_549038649226206_8136318867958923264_n“Azərbaycan ədəbiyyatı isə hələ də intriqanın və müxtəlif bazlıqların əlində əsirdir. Ümumiyyətlə, bizim şairlər çox bazdır: iİçkibaz, qızbaz, tərifbaz, dostbaz, zadbaz, şeybaz, heybaz, halbaz, malbaz və sairə…”

Elçin Aslangil

 

“Gənclərlə söhbət”in növbəti qonağı şair Elçin Aslangildir. Elçin Gəncədə doğulub, Ucarda böyüyüb, ali təhsillidir. Hal-hazırda İstanbulda yaşayır. Şeirləri oxuculara tanışdır və sevilən şairdir Elçin.

Gör nə qədər uzaqdadır yaxınlar,

Gör nə qədər qəribsəyib ağaclar.

Adamlar var, adamlar var adamlar,

Unutmaqçün yaşayarlar,

Unudarlar, unudarlar, unudarlar…

-         Şair, unudanlardansan?

-         Mən unutmağı unudulmamağa calağ edən adamam. Meyvəsi də sevgidi.

-         Dərə bilmisənmi o meyvəni?

-         O meyvə sarmaşığın meyvəsidir ki, içimə dolaşıb, bar bəhrəsindən, qidalanıram.

-         Elçin, təxəllüsünlə bağlı açıqlama istəyirəm, gah Aslangil olursan, gah da Tanrıgil. Bu təxəllüslər haradan qaynaqlanır və niyə Aslanla Tanrı bir aradadır?

-         Mənim əsil təxəllüsüm Aslangildir. Tanrıgili bir ara götürmüşdüm, sonra gördüm məni hamı Elçin Aslangil olaraq tanıyır, qəbul edir. Mən də elə Aslangil olaraq qalmağı münasib bildim.

-         Maraqlıdır, səninlə üz-üzə gəlməmişik, mənə elə gəlir ki, yanımda böyümüsən, gözümün qabağında misra-misra şair olmusan. İnsan necə şair olur?

-         Şair olmaq şeir yaza bilmək deyil. Mənim anamın atası Əlövsət Xasığlu Sovet dönəmində “Fəhlə Baba” təxəllüsü ilə yazan tanınmış el şairi idi. Uzun müddət Gəncədə tekstil fabriklərində müxtəlif vəzifələrdə çalışıb. Bir dönəm hətta “Göy-göl xalq çalğı alətləri ansamblı ilə el şənliklərində olub, masabəyi qismində.  Babam deyirdi ki, “əllərindən tutmuş ayaqlarına qədər adam şeir ola bilər, əgər o adam, adam olsa”. Vicdan haqqı, elə yaxşı şeir yazmayanlar var ki və elə yaxşı şairdirlər ki, əş-şüara! Marağa dedim, o Haldun canı, Sürəyya eşqi, Nazim sevgisi, Füzuli rindi-şeydası, dahası o qədər səbəb var ki  şair olmaq üçün. Eh, nə bilim..

-         Bir şeirində deyirsən ki, “mən göynədim şeir yazdım, sənzislikdən şair oldum”. Və bir söz də var; dərd ruhun cilasıdır. Sən də ruhu cilalılardansan. O dərddən danışaqmı bir az…

-         O dərdin məlalı, göynədi, göynəklədi, bir neçə köynək uzaq düşdü məndən. Danışıb nə edəsiyik? Yəqin Dilbəri deyirsən?.. Quduz it parçaladı, öldü, sonra çox şey oldu. Sonra o çox şeylər məni yaxşıca böyütdü.. Böyümüşəm!

-         Səni ilk Dilbər xanıma yazdığın şeirdə tanıdım, dəyərləndirdim, ürəyini gördüm, sevdim. Olarmı, o şeiri xatırlayaq?

-         Olar əlbəttə…

73482582_563670244391443_255072803424829440_n

Saçlarından ötrü darağın darıxdı,

Nəfəsin üçün güllər,

Eşitməyindən ötrü quşlar,

Çətrindən ötrü yağışlar darıxdı,

Bir o qədər də, mən darıxdım, qadınım !

Hər gün bir az sübh tezdən

paltarından ətrini almağım vardı,

Çantanda gəzdirdiyin güzgünə baxmağım vardı,

Bir də düm-ağ dikdaban başmağın vardı, yadındadı?

Dünən gördüm bir toyda,

Qonşu qızın ayağında-

Yasdan sonra, anam vermişdi ona…

Səndən ötrü başmaqların da darıxdı,

Bir o qədər də, mən darıxdım, qadınım !

Bu gecə göylərdən mələklər enməyəcək, bilirəm…

Birağızdan susacaq yağışlar,

Ayaqları qırılacaq sərçələrin,

boş qalacaq budaqlar,

Boş qalacaq budaqlarda yuvalar.

Səndən ötrü ağaclar da darıxdı,

Bir o qədər də, mən darıxdım, qadınım!

Siqaretimin tüstüsü qanad açdı küçədə bulud-bulud,

Hamı susdu adam-adam,

Bu gecə mən sənsizliyə yoxam,

Şeirlərim başını alıb gedib sənə,

Allahla təkəm yenə…

Səndən ötrü şeirlərim də darıxdı,

Bir o qədər də, mən darıxdım, qadınım!

Yarpaqlar ağaclardan,

Gəmilər limanlardan,

Adamlar da, adamlardan gedər..

Şeirin bir kibrit çöpü qədər yanmağı var kədərə,

Bu yanmaq da,

Bu şeir də sənsizliyə, qadınım…

-         Yeri Cənnət olsun! Qəlblərdə yaşayan insanlar ölmür, mələklərə qoşulub daim yaşayır! Dərdini misra-misra söylədin, əvvəl özünə, sonra Dilbər xanıma, sonra hamıya. Bu misralar nə qədər dəva oldu sənə?

-         Bu misralar dəva olmadı, misraları dəva etdim. Ümumiyyətlə yaxşı oğlanam, özü də xoşbəxtəm (Bu sözlər şairin özünətəskinlik hissi idi. İradə Ay).

-         Niyə xoşbəxtliyini ölkə dışında yaşayırsan?

-         Əslində xoşbəxtliyimi özümdən içəridə yaşayıram. Bundan böyük xoşbəxtlik? Ümumiyyətlə elə qəşəng yaxşıyam ki, ölkənin dışı da, içi də məni çox maraqlandırır. Eşitdim mitinq olub? Sonra nə olacaq?

74680751_874034192990809_2657307935461343232_n

-         Sonra nə oldusa, yadıma gəlmir,

Onu bilirəm ki, səhər açıldı.

Onu bilirəm ki, əlim səyridi,

Açıq pəncərədən baxdım səmaya

Tanrı bizə baxıb gülümsəyirdi…

Eldar Baxışın səhəri açılacaq sonra, ay Elçin!  Şair, görürsən, postmodernistəm deyib, əlinə qələm alanların bütün erotik poeziya çalarlarını ayaq altda qoyur bu şeir, bu sevişmək səhnəsi.Sən necə düşünürsən, erotikanı poeziyaya gətirmək nə dərəcədə məqbuldur?

-         Eldar Baxışın baxışından dünyaya baxsaydıq nə vardı, ay İradə xanım, elə bütün qızlar sərçə balası olardı. Erotika bir elimdir, ümumiyyətlə, cinsi əlaqə bir  dəryadı, anlayana. Çox uzağa getmə, seksual enerjinin Kundalini enerjisinə çevrilməsini düşün.

-         Sexual enerjinin Kundalini enerjisinə çevrilməsi o deməkdir ki, insan bədəniylə deyil, ruhuyla sevişir. Yəni, sən bədənin bir olmasını deyil, ruhun bir olmasını qəbul edənlərdənsən və həqiqətən də sevişənlərə Tanrı baxıb gülümsəyir?

-         Bu, əslində ana çakradan onurğa sütunu ilə beyinə enerji göndərilməsidir. Yəni, insan beyni ilə orqazm olsun. Mən beyni ilə orqazm olan adamam.

-         Onda sənə bədən də lazım deyil. Elə beynində səhnələşdir və seviş.

-         Deyəsən o qədər də deyil. Mən fikir və yaradıcılığa işarə etdim bunu. O ki qaldı erotikanın şeirə gətirilməsi, gör Nizami nə gözəl deyib: “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi”.

-         Elçin, səncə Həvva Adəmə xəyanət edibmi?73295640_691330684687636_7391151911937769472_n (1)

-         Həvva Adəmə xəyanət etməyib, yoldan çıxarıb, zillətli yola çıxarıb. Adəmin birinci arvadı çin qövmündən olan Lilit idi və o, daha orjinal qadın idi. Həvva isə mənə görə bəsit kənd qadınıdır.

-         Şəhər qadınları isə mürəkkəb olur də, Həvva şəhər qadını olsaydı, sadiq olmazdı deyirsən?

-         Həvva buyruq qadını idi, özgür deyildi. Bir dəfə öz ağlı ilə özgür olmaq istədi, onda da, ağ elədi, Adəmi zibilə saldı.

-         Bəs Təhminə necə? Təhminə fahişə idi?

-         Təhminə Anarın yatmaq istədiyi qadın idi, o qadını bəlkə də, Anar çox sonralar tapa bildi. Ümumiyyətlə İradə xanım, bir şeyə  inanıram ki, yazar yazdıqlarının taleyini yaşayır.

-         Şair, bir şeir de, qayıdaq özümüzə.

 74614053_412275346127918_4409918672588505088_n

Tanrı köçüm sənnən keçmiş, gördünmü?

Altmış tutam oxum uçmuş, gördünmü?

Yayım qalxmış, boyum biçmiş, gördünmü?

Üç dişləyib, bir öpdüyüm gedibdi,

Güləngilim başqasını sevibdi.

 

Köhlən atım baş götürüb qaçıbmı?

Buxunumu qara torpaq qucubmu?

Tanrı görən dərd “çölümə” (ruhuma) acıbmı?

Üç dişləyib, bir öpdüyüm gedibdi,

Güləngilim başqasını sevibdi.

 

Tərlanlarım mənsiz ova çıxıbmı?

Tazılarım baş çöndərib, azıbmı?

Tanrı evim yağmalanıb, uçubmu?

Üç dişləyib, bir öpdüyüm gedibdi,

Güləngilim başqasını sevibdi.

 

Tanrı köçüm sənnən keçmiş, gördünmü?

Altmış tutam oxum uçmuş, gördünmü?

Yayım qalxmış, boyum biçmiş, gördünmü?

Üç dişləyib, bir öpdüyüm gedibdi,

Güləngilim başqasını sevibdi.

 

-         Elçin, son zamanlar yaşlılarla gənclər arasında görünməyən uçurum yaranıb. Hətta bəzi gənc şairlər yaşlıların sevgi şeirləri yazmasına qarşı çıxır. Sevgi şeirlərinin yaş məhdudiyyəti varmı?

-         Sevginin yaş məhdudiyyəti yoxdu. Amma adam gərək saçından-saqqalından və ya qəlyanından utanıb, cavan qızlara padxod etməyə.

-         Azərbaycandan kənarda yaşayırsan  – İstanbulda. Ordan baxanda bura necə görünür, xüsusən də, Azərbaycan ədəbiyyatı…

-         Azərbaycan Aztv-yə  baxanda qəşəng görsənir. Di gəl ki, sosial şəbəkələrə baxanda, bərbad. Azərbaycan ədəbiyyatı isə hələ də intriqanın və müxtəlif bazlıqların əlində əsirdir. Ümumiyyətlə, bizim şairlər çox bazdır: iİçkibaz, qızbaz, tərifbaz, dostbaz, zadbaz, şeybaz, heybaz, halbaz, malbaz və sairə…

-         Heçmi yaxşısı yoxdu?

-         Arada var, ortada yoxdu.

-         Mən isə Azərbaycan ədəbiyyatının gələcəyinə çox güvənirəm və bu güvəncimdir ki “Gənclərlə söhbət”ə başladım. Bilirəm ki, siz gələcəkdə Ədəbiyyatın başsözçüləri olacaqsınız və onda məni də xatırlayacaqsınız.

-         Elə danışırsan ki, səni unutmaq olar?74394219_670361700152248_4017435979735367680_n

-         Can, minnətdaram! Deyirsən ki, “Azərbaycan Aztv-yə baxanda qəşəng görsənir. Di gəl ki, sosial şəbəkələrə baxanda, bərbad. Bəs, sən özün Vətən üçün nə etmisən? Ədəbiyyata xidmətin istisnadır.

-         Etmək istədiklərim o qədərdir ki…

-         Niyə etmirsən?

-         …

-         Əslində bunun cavabını bilirəm. Bağışla, yersiz sualım üçün.

-         Eyib etməz, ay İradə xanım…

-         Balalarından danışaq? Qız yükü duz yüküdürmü?

-         Qız Yükü duz yükü deyil, bal yüküdü. Elə qəşəngdirlər ki…

-         Allah saxlasın! Taleləri gözəl olsun! Onlara şeir yazmısan?

-         Yox yazmamışam düzü…

-         Onlar özləri şeirdi və sənin ən gözəl şeirlərin. İki qız atasısan eləmi?

-         Bəli, iki nazım, iki ulduzum var. İkisini də çox sevirəm. İkisi də şeirdən gözəldir.

-         Ataların övlad böyütmə və övladla bağlı bəzi baxışları ilə heç razı deyiləm. Məncə, bir çox adət-ənənələrimizə dəyişiklik etməliyik. Səncə, övladı necə tərbiyə etmək lazımdır?

-         Övladı tərbiyə etmək üçün gərək valideynin də müəyyən mənada tərbiyəsi olsun. Mən bu məsələyə irsi baxıram. Yəni tərbiyə də irsən keçməlidir.

-         Yoruldun deyəsən, istəyirsən sağollaşaq…

-         Yorğunam,  İradə xanım. Sağollaşmayaq, söhbətləşək. Səninlə danışmaq xoşdur…

-         Təşəkkür edirəm! Bir şeir də deyərsənmi?

-         Deyim, əziz İradə xanım, niyə deməyim ki? Məsələn deyim ki:

73513513_2175114559458300_5602753621809692672_n

Göy üzündə buludlar,

Yağışın duran şəkli.

Döş cibimdə gizlənən,

Qızın ağlağan şəkli.

Bir də gedib soruşam,

lap Allahın özündən–

Ay Allah necə olur,

darıxan adam şəkli?

 

-         Çox minnətdaram. Səndən sonra kiminlə söhbət etməyimi istərdin? Yalnız bir ad çək və adını söyləyəcəyin adama bir sual ünvanla.

-         Anar Gülümsoyla söhbətləşməyini istərdim. Ondan soruş görüm, niyə ağacı öpür? Səydi?

-          Anarı Çox sevirəm. Anar səmimiyyətin ta kəndisidir. Var ol! Təşəkkürlər sənə! Məmnuniyyətlə Anarla söhbət edəcəyəm və sualını ona çatdıracağam.

 

Yazıya 1133 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.