ŞƏHİDLƏRİ RAYONLARA BÖLMƏYƏK, yaxud dəm günümüzdən və ya gündəmimizdən kənar bir neçə söz

elşənəzim30Əslində anımızı, dəqiqəmizi, saatımızı, ən nəhayət günümüzü dəmə qoyub gündəm yaratmaq ən sevimli məşğuliyyətimizə çevrilib. Yanvarın 20-də dəm günümüzün və ya gündəmimizin əsas mövzusu Şəhidlər olacaq. Hamı pafos dolu statusların haləsində özünü vətənpərvər hiss edəcək. Olsun. Təki hamı vətənpərvər olsun! Vətən övladını manqurt olmağa yönəldən pişik başı bəzəyənlər də, vətən deyə öydüyümüz xəritəni kağız üzərində qoruyanlar da, bütöv ölkə dediyimiz yeri bölgə deyə anlayanlar da…

Fəqət bölgə də insaflı yanaşmadır, rayon deyilən, dilimizə yad olan ərazi bölgüsünün yanında. Rayon deyilən bölgü kolxoz quruculuğunu inkişaf etdirmək üçün Stalin ideologiyasının ortaya atdığı qarmaq idi. Bu qarmağa ən rahat keçən də biz Azərbaycanlılar olduq. Gəzdiyim keçmiş sovet respublikaları içərisində rayon bölgüsü ən çox bizim şüuraltı nüvəmizə qədər yerikləmişdir. Başqa yerlərdə mahal ,qəza vilayət kimi ərazi bölgələri el-obanın kulturoloji xəritəsini cızmaqdadır. Məsələn, mənim mənsub olduğum rayonun adı bölgənin inzibati vahidi müəyyən edilərkən həmin ərazini yönətəcək idarə və təşkilatların cəmləşdiyi kiçik bir kəndin adı ilə müəyyən edilib. Kəlbəcər kolxoz quruluşunun bir əl altında birləşdirilməsi üçün sovetlərin uydurduğu ərazidir. Bu səbəbdən bəlkə də düşmənlərimizin toponimlərə uydurduğu yozumlar bizdən daha uğurlu alınır. Çünki tarixin uzaq qatlarında həmin yer adlarına rast gəlinmir. (İndi bölgə düşüncəsinin yaratdığı bayağı təəssübkeşlik sınırından çıxmayanlar mənə “Kəlbəcər” sözünün tarixi, etimoloji, linqvistik mənalarından söz açacaq. Bunların hamısını bilirəm, mənə dərs keçməyə çalışmayın.) Əlqərəz, sözüm bunda deyil, bəlkə də bu, başqa bir söhbətin mövzusudur. Məni dəhşətə gətirən isə yurdumuzun azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların rayonlara bölünməsidir. Hansı rayonun məktəbinə daxil olursan, həmin rayonun adı ilə bağlı şəhidlər fotostenti qarşına çıxır. İşğal olunmayan bölgələrlə bağlı sual yaranır: “əcəba, Lənkəran, Bərdə, Mingəçevir, Şəki… Və s. da işğal olunubmu ki, onların ayrıca şəhidlər guşəsi var?” Və ya işğal olunmuş bölgələrə aid sual yaranır:” əcəba, Şuşanın, Ağdamın, Kəlbəcərin, Laçının, Füzulinin, Zəngilanın müdafiəsi uğrunda yalnız həmin bölgələrdə doğulub boya-başa çatmış insanlar vuruşub şəhid oldularmı ki, həmin rayonların sakini olan şəhidlər bu guşəlrdə yer alıb?” Görün bu nə dərəcədə ədalətsizlikdir. Bir astaralı gəlib Kəlbəcər uğrunda həlak olub, ancaq onun şəkli Kəlbəcər məktəbinin şəhidlər lövhəsində yoxdur. Bəlkə şəhidləri rayonlara bölməyək? Əgər bölürüksə həlak olduqları cəbhələr üzrə bölək?

 

Elşən Əzim

Yazıya 596 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.