Moderator.az dünyanın tanınmış yazıçılarından olan qırğız Çingiz Aytmatovun bir neçə nadir fotolarını təqdim edəcək. Bu fotolarda böyük yazıçının ömür yolunun acılı-fərəhli dəqiqələri əks olunub. Adətən onu Nobel mükafatına layiq görülmədiyindən özünü tam olaraq tamamlamayan bir yazar kimi təqdim edirlər.
Onun uzun müddət Nobellə bağlı müxtəlif iddiaları oldu. Lakin çox təəssüflər olsun ki, bir zamanlar dünyanın ən çox oxunan ikinci yazıçısına çevrilən Çingiz Torekuloviçə bu nəsib olmur. Təqdim edəcəyimiz ilk foto da elə bu söhbətə qahmar çıxır. İki yazıçı-kolumbiyalı Qabriel Qarsiya Markes və Çingiz Aytmatov söhbət edirlər. Daha doğrusu, Çingiz diqqətlə Markesi dinləyir. Görünür, 1982-ci ildə ali ədəbi mükafatı qazanacaq Markes elə bu barədə həmkarına məsləhətlər verir.
İkinci fotoda türk dünyası ölkələrini yüzə yaxın dövlətdə tanıdan iki şəxs- azərbaycanlı Zeynəb Xanlarova və qırğız Çingiz Aytmatov əks olunub. Onları uzun müddət eyni missiya birləşdirib. Hər ikisi “Xalqlar həbsxanası” adlanan nəhənv dövlətin tərkibində öz qanlarını, millətlərini tanıtmağa cəhd edən nadir insanlar idilər.
Üçüncü foto isə özündə təəssüf doğurur. 2008-ci ilin yayı. Almaniyada xəstəxanada vəfat edən Çingiz Aytmatovun cənazəsi artıq Bişkekə gətirilib. Dünyanın bir çox ölkələrindən olan yazıçılar, rəsmilər onun vida mərasiminə gediblər. Fotoda Azərbaycan nümayədə heyətinin üzvləri nazir Əbülfəs Qarayev, Xalq yazıçısı Anar və onun AYB-də müavini Nazim İbrahimov böyük yazıçı ilə vidalaşır.
Qeyd : Fotolar AYB-in Çingiz Aytmatova həsr etdiyi “Mən manas oğluyam” kitabından götürülüb)
Yazıya 599 dəfə baxılıb