Sizə elçi gəldi, bizə ayrılıq
Qapınız döyüldü bir axşamçağı,
sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyyətini dəyişməmişdi,
köhnə libasında təzə ayrılıq.
Daha toy havası başında sənin,
yol gəldik şübhədən yalana qədər.
Ümidim hələ də can verməmişdi,
aşıqlar “vağzalı” çalana qədər.
Məni nə havada buraxıb getdin…
xar oldum obada, millət içində.
Mənim ciyərlərim alışınb- yandı,
sənin elçilərin şərbət içəndə.
Gəldi qapınıza gəlin maşını,
səni çöl çəkirdi, eşik çəkirdi.
Getdiyin yolların ayrıclarında,
mənim baxışlarım keşik çəkirdi.
Sənin getdiyin yol, uzaq yoldu ha…
günüm bahar görməz, işim qışladı.
Sən gəlin köçməyə hazırlaşanda,
mənim ümidimin köçü başladı.
… Daha xatirən də mənə uzaqdı,
gəlir qulağıma bir soraq kimi.
Gördüm bu “döyüşdə” məğlub
olmuşam,
əlimi qaldırdım “ağ bayraq” kimi.
Qapınız döyüldü bir axşamçağı,
sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyyətini dəyişməmişdi,
köhnə libasında təzə ayrılıq.
Bakının iyul gündəliyi
3 iyul…
Hava xəbərçisi
41 dərəcə isti elan edir Bakıda.
Bürküdən şəhərin nəfəsi təntiyib.
Qara qızıl axan damarlarında
tromblaşma yaranıb.
Ürəyi tıncıxır hərdən.
Rəngəbərəng maşınlar
həşərat kimi
daraşıb şəhərin canına.
Təkərlər sıxıb asfaltın
qanını çıxarır.
Maşınların üfürdüyü tüstüdə
şəhər boğulur.
Əli dəyənəkli yol polisləri
həşərat maşınları
şəhərin dadlı
nahiyəsindən qoruya bilmir.
Maşınlar şəhərin mərkəz
nöqtəsinə daşınır.
Yaxasına düymələnmiş
bəzəkli binaları
qoparıb dənizə
qaçmaq istəyir şəhər:
nəfəs dərməyə.
Ancaq sıx-sıx küçələrdən
keçə bilmir.
Hündür-hündür
binalarla şəhər mıxlanıb
torpağa.
İnsafsız adamlar
evlərindən çıxanda
qapılarını kilidləyirlər şəhərin
üstünə.
Özündən çıxammır şəhər.
Bir yandan da metro tunelləri
havasını ciyərlərinə çəkir Bakının.
Və zavodlar boru ağzından
od püskürür şəhərin üzünə
Xəzərin bir addımlığında
istidən yanır Bakı.
İnsanların əməlindən qupquru
canını götürüb dənizə qaça
bilmir.
Kənddə və şəhərdə darıxmağın əks bərabərliyi
Gülüzlüm, şəhərdə sənsiz
darıxmağa nə var ki,
burda zülmdü-
gül-çiçəkli dağ cığırında
adam ölür darıxmaqdan.
Burda otlar-çiçəklər,
arılar-kəpənəklər,
bənövşələr-böcəklər,
hər şey qoşulub adama
DARIXIR, darıxanda…
…Şəhər küçələrində nə var ki,
sənsiz darıxmağa…
olsa-olsa bir qəpiklik
hörməti olmayan
küçə itləri tək adam darıxar
şəhərdə
Bir də tinlərdə
veyillənən boş şirə qutuları tək…
və bir də dörd fəsli eyni donda
qarşılayan küknar ağacı kimi…
burda darıxmaq canlıdı:
çiçəklər,arılar, kəpənəklər
və bir də böcəklər kimi…
DARIXDIM…
Qoca şair
Qoca şair kürsüyə qalxdı,
şeir oxumaq üçün.
Sinə gərib kürsüyə
şeirin adını elan elədi: “VAXT”
İlk misranı söylədi: “Vaxt, artıq o vaxt deyil..”
Unutdu!
Udqundu!
Cibindən əlyazmasını çıxardı.
Eynəyini axtardı.
Əllərini sol cibinin, sağ cibinin
üstünə çırpdı:
özünü döyürmüş kimi.
Tapmadı.
“30-80” adlı vaxt arasında qalmışdı eynəyi.
Hər şeyə etiraz eləmək istədi,
qolları açılmadı.
Damarları “30-80” yaş arasında daralmışdı.
İlk dəfə 50 il əvvəl bu kürsüyə qalxmışdı,
30 yaşında: kağızsız, eynəksiz.
Yenə də “VAXT” adında şeir oxumaq üçün.
İlk misrası beləydi: “Vaxt, çox gözəl vaxtdı”.
Kürsüyə elə qalxdı, belə endi qoca şair.
…astadan tfu,
deyib vaxtın üzünə tüpürdü.
Mikrafon sirr saxlamadı,
səs salona yayıldı:
T F U U U…
Suriyadan son xəbərlər
l
Bu il də Suriyada
ağ göyərçinlər intihar elədi…
…Güllə səsindən qorxan
anaların bətni döl vermədi.
Adına “bəşər” deyilən
və nələr deyilən
adam süd dişini
nişan aldırdı ağzında körpələrin.
“A”, “B”… hərfləri güllələndi
uşaqların barmaqları arasında.
Mağaza vitrinlərindən
toz basmış uşaq
başmaqları yığışdırıldı.
…Dünən müasir
silahlar gətirildi Suriyaya.
Ağ göyərçinlərin
intiharı davam edir…
Yazıya 451 dəfə baxılıb