Qalib Şəfahət (Bağırov Qalib Xanoy oğlu) — şair, nasir, publisist və həkim kimi tanınır, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Qalib Şəfahət 22 mart 1973- cü ildə Gədəbəy rayonunun Parakənd kəndində ziyalı ailəsində anadan olub. 1990- cı ildə həmin kənddə tam orta məktəbi bitirib. 1990-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnistituna daxil olub. Uşaqlıqdan həkim sənətinə böyük həvəsi olduğuna görə, bu İnstitutdan sənədlərini geri götürüb və 1991-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin 1-ci Müalicə–proflaktika fakultəsinə daxil olub, 1997-ci ildə Tibb Universitetini bitirib. 1999–2009-ci illərdə ordu sıralarında xidmət edib.
Ələt və Füzuli hərbi hospitallarında şöbə rəisi vəzifəsində çalışıb. Ehtiyatda olan tibb xidməti kapitanıdır. Hal–hazırda həkim–kardioloq vəzifəsində çalışır. Hələ orta məktəb illərindən ədəbiyyata böyük həvəsi olub. Gədəbəy rayonunun “Tərəqqi” qəzetində tez–tez şeir və məqalələri işıq üzü görüb.
Qalib Şəfaət tələbəlik illərində də yaradıcılığını çox uğurla davam etdirib. Şeirləri “Ədəbiyyat qəzeti”, “Təbib”, “Şəhriyar”, “Çağ” qəzetlərində, “Ulduz” və “Azərbaycan” jurnallarında davamlı olaraq çap olunur. Şeirləri və hekayələri oxucular tərəfindən sevilə-sevilə oxunur. Onun əsərləri Türkiyədə, Rusiyada nəşr olunub, İranda yeni kitabı çapa hazırlanır.
“Cəsarətli Qələm”, “İbn Sina” diplomlarına layiq görülüb. “Mənə ürək verin” (2010), “Əllərindəki göyüzü” (2013), “Kırık merdiven” (Türkiyə, 2017) və başqa kitabları işıq üzü görüb.
Qalib Şəfahətin “Sandıq” romanından bir parçanı nəsrsevər oxucular üçün yayımlayıram və xatırladıram ki, roman nəşrə hazırlanır. Əsərin bu hissəsində yaşlı erməni qadınınin daxili iztirabları verilmiş, körpə uşağı atası türk olduğuna görə oda atan ermənilərin vəhşiliyi təsvir olunmuşdur. Bu parçanı təqdim etməklə “Sandıq” romanının necə maraqlı süjet və kompozisiya üzərində qurulduğunu nəsrsevərlərə çatdırmaqdır.
***
–
Anuş xala axşamdan bəri özünə yer tapa bilmirdi, sanki rahatlığı əlindən alınmışdı. Özünü çox narahat hiss edirdi. Yuxusu gözündən qaçaq düşmüşdü. Yerındə səhərə kimi o yana, bu yana eşələnmişdi. Elə bil, yatağına qor dolmuşdu. Səhəri dirigözlü açmışdı. Beyni zoqquldayırdı. Canında küt ağrı hiss edirdi. Yerində qurcalanıb deyinməyə başladı:
– Bu nə bəla idi mən düşdüm, elə bil, bədənim qırılır. Canım sızım-sızım sızıldayır. Yerimdən durmağa belə taqətim qalmayıb.
Sinəsində çırpıntı hiss edirdi. Yerində oturub əlini sürətlə çırpınan sinəsinə sıxdı:
– Daha ürəyim də sözümə baxmaq istəmir, sanki, yerindən çırpınıb çıxacaq. Ufuldanıb dərindən nəfəs aldı: – Ehhh, görünür, mənim də qismətim belə imiş. Ömür boyu səksəkə içində çarpışıb vuruşdum, səksəkə içində də yaşadım. Heç vaxt özümdə bir rahatlıq, dinclik tapa bilmədim. Sonralar elə bildim hər şey yaxşılığa doğru gedəcək, sən demə, yenə də yanılmışam. Yel qanadlı gah illər böyür-başımda tufan qopardı, o tufandan qorunmaq üçün öz qara taleyimin əllərindən möhkəm-möhkəm yapışıb, bir təhər dözüb yerimdə qalmağa çalışdım, gah da illərin ölümcül sakitliyinin yanımdan çay kimi axıb getdiyini hiss etdim. Tufan olanda sakitliyə çəkilib daldeylənməyə çalışdım, sakitliyin içində darıxanda tufana tərəf can atırdım. Keşməkeşli həyat məni həmişə öz burulğanında atıb-tuturdu. Nədən belə olduğunun, niyə belə olduğunun fərqində belə ola bilmədim. Başım elə bir qatmaqarışıqlar içində oldu ki, heç nədən zövq almaq gücündə deyildim. Həyatda qazanıcımın-dirəncimin nə olduğunun fərqində ola bilmədim.
Yataqda oturub başını küsülü adam kimi önə əymişdi. Əlini sifətində gəzdirib alnını ovuşdururdu. Başını yelləyib dərindən köks ötürdü:
– Həəə, demək belə! Əvvəli yaxşı gətirməyənın, axırının da yaxşı olacağını düşünmək əbəs imiş… Onsuz da, mən əvvəldən bir gün-güzaran görmədim. Nə əvvəlim yaxşı oldu, nə də ki, axırım. Həmişə qaçaqaçda, qovhaqovda oldum. Özümdə heç cürə dinclik, rahatlıq tapa bilmədım. Keçmişin külündə eşələnmək mənə çox ağır gəldi. Ha çalışdım, ha vuruşdum, bu gərginliyin, bu ağrı-acınin içində itib-batmayım, onu da bacarmadım ki, bacarmadım… Keçmiş həmişə addımbaaddım məni təqib elədi, qarabaqara məni izlədi. Keçmişlə çarpışa-çarpışa, vuruşa-vuruşa gəlib bu yaşa çatdım. Bu vicdansız da son vaxtlar lap məni cızığımdan çıxarır. Adamda insaf yaxşı şeydir. Bir insafın, mürvətin olsun! Heç olmasa, sən imkan verəydin, bu qoca yaşımda öldüyüm yerdə öləydim.
Qəfildən dərin xəyaldan ayrıldı. Dediyi sözdən yuxu görürmüş kimi diksinıb sifətini turşutdu:
– Yox, yox, hələ ölüb-eləməyim. Söz yox, ölməkdən-zaddan qoruxmuram. Mənim qorxum başqa şeydi. Öləndə də gərək insan kimi öləsən. Deyəsən, o da mənə qismət olmayacaq. Ölənin yaxını, simsarı yanında olar, çətin vaxtında əlindən, ayağından tutar, amma mənim yanımda heç kəsim yoxdu. Elə sahibsiz kimi bir şeyəm. Ölüb-eləsəm, lap biabırçılıq olar, bilən də olmaz ki, mən ölmüşəm, ya sağam. Bu xaraba qalmış evdə indi özümdən başqa kimim var ki, mənim?.. Allah bilir, o da nə vaxt gələcək, ya gəlməyəcək. Bu əcəl də çox kəmfürsətdi, vaxt, vədə tanımır. Çağrılmamış qonaq kimi kefi istəyən vaxt gəlib adamın qapısını döyür, qılığına girir, ya da beyqəfil gəlib yaxasından yapışır. Çalış, yaxanı Əzrayılın əlinə vermə, elə ki, yaxandan yapışdı, daha əl çəkən deyil. Heç özünü toxtamağa macal verməyəcək…
Ona elə gəlirdi ağrıdan beyni bu andaca partlayıb paramparça olacaq, üzü üstə yerə sərələnəcək. Bədənində soyuq tər hiss etdi. Soyuqlamış adam kimi titim-titim titrəyirdi. Əlini alnında, sifətində gəzdirdi. Sağ ovcu ilə alnının tərini sildi. Yerindən durmaqdan qorxurdu. Qorxurdu ki, durub bircə addım atsa, ürəyi qəflətən dayanacaq, Allah bilir, ondan sonra aqibəti necə olacaq?
Gecə ha istəmişdi yatıb gözünün acısını alsın, bəlkə olub-keçənləri yadından çıxara, yata bilməmişdi. Gözlərini yummaqdan qorxmuşdu. Bir azca gözlərinə yuxu gedən kimi ananın fəryadı, ah-naləsi qulağının içində uğuldayırdı. Elə bil, beyni deşiləcəkdi, səs iti alət kimi beyninə işləyirdi. O anlar kino lentı kimi gözünün qarşısından canlanırdı.
Divarın küncünə qısılmış ana körpə qızcıqazı köksünə basıb, başını körpəyə tərəf əyib ilan dili çıxararaq yalvarırdı. Heç kim ananın yalvarışına məhəl qoymurdu. Ana yalvardıqca içəridə olan bir neçə nəfər – içkidən keflənmiş saqqallı adamlar qəh-qəh çəkib gülürdülər. Birisi səsinin tonunu qaldırıb deyirdi:
– Bunun murdar səsi beynimizi apardı. Səsini biryolluq batırmaq lazımdır. Daha biz nəyi gözləyirik?
Anuş xala diqqətini toplayıb sifətini turşutdu:
– Bu, o alçaq Vartanyanın səsidir. Elə biryolluq sənin səsin bataydı, mən də bu müsibətləri görməyəydim, – deyərək dodağının altında deyindi.
Başqa birisı hırıldaya-hırıldaya deyirdi:
– Ara, gərək düşmənın fəryadından, ah-naləsindən ləzzət ala biləsən. Qoy özü üçün nə qədər çığır-bağır salır salsın. Ha, hha, ha. Ara, onu da ona çox görürsən? Bilirsən, onun o eybəcər səsi mənim ruhumu necə sakitləşdirir, necə ləzzət alıram.
Dişlərini ağardıb hırıldayırdı:
– Haa, ha! Hardan biləsən ki? Gərək duyumun olsun ki, onu duyasan. Ara, bilirsən, necə zövqümü oxşayır o murdar səs. Həmişə türkün murdar səsini eşidəndə təlaş keçirib diksinirdim, bədənim ürpəşirdi, amma bu dəfə elə zövq alıram ki! Ən məlahətli, həzin musiqi səsi belə bu eybəcər səs qədər mənim ruhuma sakitlik gətirə bilməz. Off, necə ləzzət alıram! Dəymə! Dəymə! Qoy yalvarsın hələ! Görək bu yalvarıb yaxarmaq ona nə verəcək?
Anuş xala gözünü bir nöqtəyə zilləyəb kinoya baxırmış kimi deyindi: “Bu da o itsifət Mıkırtıçyandı, – dedi: – İt oğlu elə it sifətindədir. Onun hərəkətindən, oturuşundan-duruşundan murdarlıq yağır. O qədər murdar xasiyyəti var ki, adam axtarır bir yerindən it kimi qapsın. Onu yaxşı tanıyıram, bir neçə dəfə Zoriklə bizə də gəlmişdi. Onda da beləcə saqqalda idi. Deyəsən, elə bu həmişə saqqalda olur. Bəlkə də o murdar sifətini gizlətmək üçün saqqal saxlayır. Amma heç fərq eləmir, əksinə, saqqal onun o murdar sifətini bir az da eybəcərləşdirir. Ondan elə o vaxtdan zəhləm gedir. Özündən çox razı, yekəxana danışığı var idi. Həm də haraya qədər desən həyasızın biridi”.
Ana göynəyə-göynəyə yalvar-yaxar edir:
– Allahınız varsa, sizi and verirəm o bir olan Allaha, balamdan uzaq durun, balama toxunmayın! Məni öldürün, lap diri-diri odda yandırın, tikə-tikə doğrayın, necə istəyirsiniz, işgəncə verin, o körpədir, ona yazığınız gəlsin, bircə ona dəyməyin, toxunmayın!
Yazıq qızcığaz sanki ağlamaqdan da qorxurdu. Göz yaşını içində gizlətməyə çalışırdı. Anasının fəryadını, ah-naləsini eşitdikcə balaca qızcığaz kuklasını sinəsinə basıb özünü anasının köksünə sıxırdı. Sanki bununla təhlükədən qorunurmuş kimi həm özünü, həm də kuklasını gizlətməyə çalışırdı. Zorik:
– Daha bunu heyvan kimi mələtməyə ehtiyac yoxdu, – deyib içki stolunun arxasından durur, dişlərini ağarda-ağarda anaya yaxınlaşır: – Türkə aman vermək olmaz, türkün kökünü qazımaq lazımdır, – deyib ananın qucağındakı körpəni dartışdırır. Üzünü onlar tərəfə tutub dişini ağardaraq deyir:
– Gərək bu türk küçüyünü anasının gözünün qabağında diri-diri yandırasan ki, ağılları başlarına gəlsin.
Anuş xala yenə öz-özünə deyinməyə başladı: “Axı, bu körpənin nədir günahı? O, bu yaşda nə bilir düşmənçəlik nə olan şeydir? Sizin bədnam niyyətinizdən nə xəbəri var?! Nə bilsin ki, kim hansı niyyətlə yaşayır. Bu körpəcik hardan bilsin ki, Qarabağ kimin olub, indi kimin olmalıdır? Niyə, nə üçün müharibə edirlər?” – Ufuldanıb başını yellədi: – “Uşağın öz uşaqlıq dünyası var, onu paramparça edəni Allah da bağışlamaz”.
Xeyli vaxt idi ki, fikrə getmişdi. Başını bir azca qaldırıb deyindi:
– Bəlkə də elə ən böyük günah mənimkidir?! – deyib sifətini turşutdu: – Kaş ki, vaxtı, vədəni geri qaytarmaq mümkün olaydı. Çalışardım ki, çox şeyi yenidən qurub yaradım, amma təəssüf ki, çox-çox gecdir. Nə zamanı geri qayıtmaq mümkün deyil, nə də ki, buna ömür vəfa eləməz.
Bir vaxtlar türklərdən eşitdiyi misal yadına düşdü. Elə düz deyirlər, dedi: “İlan zəhəri kərtənkələdən alır, amma insanın bədəninə zəhəri ilan yeridir, kərtənkələ yox”. Heç nəyi gizlətməyə çalışmaq lazım deyil, hər şeyi etiraf etmək lazımdır. Burda mənim də günahım çoxdur. Elə bütün erməni analarının günahı böyükdür. Vaxtında düzgün tərbiyə versəydik, təbliğatı başqa cür aparsaydıq, bəlkə də bu faciələrə heç yol açılmazdı. Bunun kökündə biz erməni qadınların türk kişilərinə qarşı intiqam hissi dayanır. Amma məqsədimizi gizlətsək də, istəklərimizi həyata keçirə bilirik. Hələ başqaları bir yana, mən özüm boynuma alıram, amma neyləyim ki, açıb-ağarda bilmirəm. Bizim türk kişilərinə qarşı nifrətimizdən qaynaqlanır hər şey. Düzdü, əvvəlcə onlara qarşı sevgi hisslərimiz baş qaldırır, böyük eşq yaşayırıq. Aramızda nələr olmur, nələr baş vermir? Hansı duyğular içimizdə baş qaldırmır? Sonra da aramız pozulanda bu sevgi hissi bir andaca nifrətə çevrilir. Onu da düz deyiblər, “sevgi ilə nifrət arasında bir addım yol var”. Elə ki, aramızdakı körpü qırıldı, sənin ayaqların hansı tərəfdə – nifrət tərəfdəmi, sevgi tərəfdəmi qalıbsa, başlayırsan elə o tərəfdən addımlamağa. Nifrət tərəfdən başladınsa, böyüyüb-böyüyüb içində böyük bir dağ olcaq. Belə bir faciələrə, bəlalara gətirib çıxaracaq.
Uşaq ananın köksünə qısılır, başını ananın sinəsinə sıxır. Zorik onu ananın sinəsindən qoparmağa çalışır. Uşaq başını anasının köksündə gizlədib ayağının arxası ilə Zoriki itələyib ağlaya-ağlaya: – Get, get, dəymə mənə, – deyir. Zorik tərəfə baxmamağa çalışır.
Anuş xala yenə ofuldanıb deyinir:
– Yazıq, yazıq körpə, başını anasının köksünə sıxıb gizlənməklə elə bilir, bu qaniçənin əlindən qurtula biləcək. Neyləsin məsum körpə, güvənə biləcəyi başqa bir etiraz şəkli yoxdur, arxalanmağa arxası yoxdur. Bu məsum körpə qaniçənə qarşı başqa cür necə etiraz edə bilər? Etirazını ayağı ilə itələməklə bildirir.
Ana körpəni bir az da bağrına sıxır. O, körpəni zorla ananın sinəsindən qoparır. Körpə ucadan çığrıb-bağırır. Zorik körpənin kürəyindən yapışıb əlində sallaya-sallaya ocağın yanına gəlir. Üzünü anaya tərəf çevirib dişlərini ağarda-ağarda: – “Siz türk it uşağına hələ bu da azdır” deyib uşağı yanan ocağın içərisinə atır. Körpə qız uşağının çığır-bağırtısı ananın fəryadına qarışıb beynində uğuldayırdı, onu rahat buraxmırdı.
Yatağında oturub Zorikin qarasıyca deyindi:
– Gerçəkdən bunun içərisi şeytan xisləti ilə dopdolu imiş. Bunda insanlıq adından bir şey qalmayıb. Eşitmişdim, amma inana bilmirdim, deyirdilər, şeytan adamın içərisinə girib mələyi qovur. Ondan sonra həmin adam şeytanla təmas qurur. Şeytan həmişə çalışır ki, onu pis yola, pis əmələ çəksin. Şeytanın əməlinə uyan adam şeytandan da betər olur. Bunun bu bəd əməllərinin də şahidi oldum. Bəlkə də anası olduğum üçün bu bəd əməlləri oğluma yaraşdırmırdım, ona görə də inanmağım gəlmirdi. Daha inamım birə-beş artdı. O, nifrətə layiqdir. Belə olmasaydı, o, bu əməlləri törətməzdi.
–Bu nə müsubətdi! İnsan olan kəs bu qədər də qəddar, qaniçən olarmı? Vicdanı olan, qanında, canında bir balaca insanlıqdan payı olan bu vəhşiliyi törədə bilərmi?
Kaş o kitabı heç oxumayaydım. Heç bu müsibətdən xəbərim olmayaydı. Onun belə bir vəhşi olduğunu heç bilməyəydim. Bəlkə onda rahat olardım. Öləndə də rahat ölərdim. Bilmirəm, mən niyə o kitabı əlimə alıb oxudum, o kitab nədən məni özünə cəkdi, o kitab haradan əlimə keçdi! İndən sonra belə bir əməlin sahibi olan insanı mən necə bağışlaya bilərəm?…
Yazıya 574 dəfə baxılıb