Akif ABBASOV – “KƏND TOYUĞU, KƏND YUMURTASI”

akif abbasovBu toyuqlar, bu yumurtalar barədə çox söz-söhbət  gedir.  Kombinatdan  gətirilən yumurtanın adı yumurtadır. Yeməsən – ondan yaxşıdır. Arada söz-söhbət gəzir ki, Çində süni yumurta istehsal edirlər. Deyirlər ölkəmizə də gətirirlər onları, ya da gətirilə bilər buralara da.

Brolyer toyuqları barədə şayiələr daha çoxdur. Bir dəfə And Amanov avtobusla  rayondan Bakıya gəlirdi. Brolyer toyuğundan söz açılmışdı. And Amanov söhbətə qoşuldu:

-Ayaqlarım tutulmuşdu. Yeriyə bilmirdim.  Yataq xəstəsi olmuşdum. Dava-dərman aciz idi.  Oğlum Miriş dostunun köməyilə məni qucaqlarında pilləkənlərdən düşürərək birtəhər maşına oturdub həkimin, professorun qəbuluna apardı. Yaşlı professor məni müayinə edib soruşdu:

-Toyuq əti yeyirsən?

And Amanov tez:

-Yeyirəm, – dedi, -özü də soyutmasını da, qızardılmışını da, bozbaşını da, kababını da… Tez həzmə gedəndir. Dişi olmayan adamın malıdır. Yupyumşaq…

Professor başını bulayıb üz-gözünü turşutdu. Mürişə müraciətlə:

-Atan başına daş salıb, – dedi. -O brolyer toyuqlarından bol-bol yeyib düşüb  bəlaya.

And Amanovun danışdıqlarını eşidən sərnişinlərdə maraq oyandı:

-Professor elə niyə deyirmiş? Toyuğun nə günahı? Toyuq əti yüngül yeməkdir… Brolyer toyuğunu biz də alırıq.

Cavabında And Amanov dedi:

-Sən demə, brolyer toyuğuna yaxın düşməli deyilmiş?

Sərnişinləri dodaq büzdülər:

-Bu millət bütün günü brolyer toyuğu yeyir. Restoranda, toyda kababını verirlər… Sənin professorun da söz tapmayıb danışmağa. İndi hamı çalışır nəsə qeyri-adi şey desin, başqalarını təəccübləndirsin, gündəmdə qalsın.

And Amanov başladı and eləməyə:

-Yox, ay millət, vallah elə  deyil. Professorun sözlərində həqiqət var. Sizin hərənizin ağzından bir avaz gəlir, amma soruşan yoxdur ki, indi necə oldu özün təkbaşına, öz  ayağınla gəlib rahatca oturdun avtobusda, rəngin-ruhun da yaxşıdır. Axı tirrənmişdim, addım ata bilmirdim, yatağa düşmüşdüm.

-Aaa,..  doğrudan ey…

-Professor nə elədi, nəyi məsləhət gördü ki, qıçların açıldı?

And Amanov özündən razı halda:

-Həə.., – dedi. –Dedi ki, xətrin toyuq əti istəyəndə brolyer toyuğu yox, get kənd toyuğu al, nuş canlıqla ye. Kənd toyuğu bahadır, amma etibarlıdır. Canının sağ olmağını istəyirsənsə, ərzaq məhsulunun bahalığına fikir vermə, az al, faydalısını al. Yeməyinə fikir ver. Pul tapılandır, sağlamlıq isə yox. Həə, həkimin sözlərini qulağımda sırğa elədim.  Keçdim kənd toyuğuna, brolyer toyuğundan kiçikdir, çəkisi azdır, bahadır, amma həkim demişkən, pul canından artıq deyil ki…

Kim isə söz atdı:

-Elə bilirsən kənd toyuğu tapılandır?

-Niyə tapılmır ki, hər yer doludur…

-Rəhmətliyin oğlu, çox vaxt brolyer toyuğunu kənd toyuğu adına satırlar.

And Amanov:

-Mən kənd adamıyam, brolyer toyuğu ilə kənd toyuğunu bir-birindən ayıra bilirəm.

Sərnişinlərdən Açıq Aşkarov söhbətə qarışdı:

 -Brolyer toyuğu ağ rəngdə, kənd toyuğu sarımtıl olur.

Açıq Saçıqov şaqqanaq çəkdi:

-O gün televizorda göstərirdilər. Bir dəstə işbazı yaxalamışdılar. Sən demə, bunların bir sexi varmış. Brolyer toyuqları alıb, burada onların üzərinə sarı  rəng çəkib kənd toyuğu adına sırıyırlarmış camaata. Bir görürsünüz, haram pul qazanmaq üçün hansı əməllərə əl atırlar!  3 manatdan brolyer toyuğu alıb sarımtıl rəngə boyayıb 6-8 manata satırlar.  Həm də məlum olub ki, həmin sarı rəng qida üçün yarasız olan texniki rəng imiş.

And Amanov əllərini bir-birinə vurub:

-Beləsinin dərisini soyasan! – dedi. -Boyayıb buraxasan qoyun-quzunun arasına!

-Beləsini yox, belələrini.

Bunu da  Ah Ufov dedi.

And Amanov:

-Kənd toyuğunu rayondan, kənddən gətirtmək lazımdır, – dedi.

-Rayonda, kənddə də gərək tanışın ola, atmayalar sənə. Xam adama onlar da “paçka” basırlar.

Həmin söhbətdən bir həftə keçmişdi. And Amanov doğulub boya-başa çatdığı Söyüdlü rayonuna gəlmişdi. İndi rayon mərkəzi bazarında idi.

Əvvəlcə kənd yumurtası aldı. Qış aylarında Bakıda kənd yumurtasının bir dənəsi 30-35 qəpiyə olur. Rayon bazarında 27 qəpik idi.

İndi yay aylarıydı. Bakıda yumurta 20-25 qəpiyə satılırdı. Rayonlarda 17 qəpiyə.

And Amanov yumurtanı almamışdan:

-Eşitdiyimə görə, gedib brolyer yumurtaları alır, kənd yumurtası adına satırlar. Bax, halallıq olsun. Qarğış yiyəsi olmayasan. 

Yumurta satan özünü yeyib-tökdü:

-Yox, yox, vallah, elə  şey olmaz. Biz halal adamıq.

And Amanov xəbərdarlıq etməkdə idi:

-Deyirlər, yumurtanın xırdalarını və sarıya çalanlarını seçirlər ki, elə bilsinlər kənd yumurtasıdır.

Alıcının sorğu-sualından və çoxbilmişliyindən təngə gəlmiş yumurtasatan bir istədi ona ağır cavab versin, bir təhər özünü ələ alıb:

-Aparıb yoxla, xoşuna gəlməsə, gətirib qaytararsan. Bizim yumurtaların sarısı boz-bulanlıq, açıq rəngli deyil, tünd sarıdır.

And Amanov dil-boğaza qoymurdu:

-Deyilənə görə, quşçuluq kombinatında brolyer toyuqlarının yeməyinə sarı rəngli maddə qatırlar, ona görə də yumurtanın sarısı sən deyən şəkildə tünd sarı rəngdə olur.

Yumurtasatan:

-Nə qəribə adamsan! Heç yumurta alana da oxşamırsan. Hey söylənirsən. Adamı danışdırırsan. Mən nə deyirəmsə, axtarıb bir şey tapır, dediyimin qabağına qoyursan.

And Amanovu gülmək tutdu. Doğrudan da, onun özünü də bu qədər sorğu-suala tutsaydılar, cin atına minərdi.

Yumurta satan:

-Adama nə qədər sual verərlərmiş?! Mən malıma cavabdehəm. Qırdı-qaçdı deyilik ki. Həmişə burada, bazardayam. Adam aldatmaqla deyil ki…

And Amanov gülərək əlini onun çiyninə qoydu:

-O tərifli yumurtandan 60 ədəd alacağam. Özü də 15 qəpikdən.

-Hamı 17 qəpiyə satır, insafın olsun, heç olmasa, 16 qəpikdən götür.

-Yaxşı, 16 qəpikdən 60 ədəd…

Yumurtaları səliqə ilə ayaqqabı qutusuna qoydular, yan-yörəsinə də kağız-kuğuz düzdülər ki, yumurtalar sınmasın. Qutu iplə sarındı və tutacaq da düzəltdilər. And Amanov qutunu götürüb dedi:

-İndi qaldı kənd toyuğu məsələsini həll etməyim. Bazarın o başında kəsilmiş toyuqlar satılır. Bayaq soruşdum. Bir dənəsini 5 manata verirdi. Deyir kənd toyuğudur. Amma əmin olmaq istəyirəm. Sən bütün günü bazardasan. Kimin kim olduğunu, nə satdığını da yaxşı bilirsən. O toyuqlardan almağa dəyərmi? Alsam, aldatmazlar ki?

Yumurtasatan nə “hə” dedi, nə də “yox”. İşarə ilə And Amanovu yanına çağırdı. O, yaxın gəldi. Yumurtasatan   pıçıltı ilə:

-Bazardan çıxan kimi meydança görəcəksən. Orada diri kənd  toyuqları satırlar. Ən yaxşı halda, dirisini al. Həm də gör nə alırsan. Bir-iki manat artıq versən, toyuğu kəsib, təmizləyib, tüklərini yolub, ütüb gətirib verəcəklər sənə. Ən yaxşı variant budur!

Onun sözləri And Amanovun ağlına batdı. Yumurtasatanla xudahafizləşib gəldi toyuqsatanların yanına:

-Toyuq neçəyədir?

          Nəsibə adlı toyuqsatan dedi:

-Cütü 15 manata.

-Orada kənd toyuğunun birini 5 manata satırlar.

          Nəsibə:

         -5 manata satırlarsa, daha buraya niyə gəlmisən? – deyə özünü o yerə qoymadı.  -Get, 5 manatlığını al.

– Üç cüt alacağam. Xalacan, gəlin söz güləşdirməyək. Bir az aşağı düş.

Nəsibə: razılaşdı:

 

-Yaxşı, güləşdirməyək, – dedi. -Cütü 14 manata.

And Amanov razılaşdı:

-Amma kəsdirin, tükləri yolunsun, ütülsün…

-Əlavə 5 manat da verərsən.

And Amanov çıxarıb toyuqların da, onların kəsilib təmizlənməsinin də pulunu verdi.

Nəsibə mobil telefonu ilə zəng etdi:

 

-Gülbacı, altı toyuq göndərirəm. Kəsib, təmizlə. Həəə…pulunu da verib. Səliqəli olsun, Bakıya gedəcək.

Qadın toyuqları oğluna verib Gülbacıya  göndərdi. Oğlan gedəndə ona tapşırdı:

-Alış Veriş əminə deyərsən ki, toyuğum azalıb, satmağa on dənə kənd toyuğu  da göndərsin.

-Yaxşı, ana, deyərəm.

Sonra Nəsibə  üzünü And Amanova tutaraq:

-Yarım saata hazır olar toyuqlar, – dedi. -Belə məsəl var, deyirlər: uzaqdan baxana döyüş asan gəlir. Bu toyuğun kəsilməsi,  isti suya salınıb tüklərinin yolunması, qazın üstündə ütülməsi  az vaxt aparmır. Toyuq isti suya salınmasa, tüklərini yolmaq olmur. Deyirlər ki, burada çətin nə var ki? Vallah Gülbacının əllərini görsən, yazığın gələr ona. İsti suya salıb-çıxarmaqdan binəvanın əlləri pörtüb. Neyləsin, bir çətən külfəti var. Hər toyuğa bir manat pul istəyir. O da dolanmalıdır, ya yox? 

And Amanov uzağa getmədi. Elə toyuqsatanların yanında dayanıb yarım saatın keçməsini gözlədi. Hara gedəcəkdi ki, bu istidə?! Meydançada yalnız iki toyuqsatan vardı. Biri – Nəsibə, o biri isə, arıq cüssəli, balacaboy Tərgül. And Amanov istər-istəməz onların söhbətini eşidirdi.  Gəlib-gedən, diri kənd toyuğu soruşan  çox idi. Tərgülün  toyuqları xırda idi.  Ucuz deyilsə də, alınmırdı. Dünyanın qəribə işləri var. Malını ucuz satanda da şübhələnirlər.

And Amanovun yadına düşdü. Bakıda metro stansiyalarının birinin yanında qəssab dükanı var. Başqaları mal ətini 10-11 manata satdığı halda, bu qəssab 8 manat 50 qəpiyə, 9 manata təklif edirdi. And Amanov neçə dəfə istəyib əti ondan alsın, amma fikrindən daşınıb. Gedib o biri qəssabdan 11 manata alıb. Fikirləşib ki, birdən camış əti olar. Bir dəfə eləməyib tənbəllik həmin insaflı qəssabdan soruşdu:

-Sən bu mal ətini niyə ucuz satırsan?

O, cavabında dedi:

-Başqaları bir heyvan kəsib satır. Mən hər gün üç heyvan kəsdirirəm. Bir az ucuz satıram ki, ət qalmasın. Xeyrim də onlarınkından çox olur. Onlar baha satmaqla  birdən-birə varlanmaq istəyirlər.

Toyuqsatılan meydançada iki nəfər göründü.  Gənc idilər. Ər-arvada oxşayırdılar. Qol-qola girmişdilər. Nəsibə öz toyuqlarını piştaxtanın üstünə qoymuşdu. Tərgülün toyuqları az idi. Cəmi 4 toyuq idi. Toyuqları ayaqlarından iki-iki bağlayıb əlində tutmuşdu.

-Toyuq, kənd toyuğu. Cütü 10 manata.

Nəsibə də öz növbəsində:

-Xalis kənd toyuğu. Cütü 15 manata. Həyət-bacada göy otla, arpa ilə, quş dəni ilə  bəslənmiş, yağlı toyuqlar! Alan peşman olmaz. Gəlib beş-onunu da alar.

Gənc ər-arvad əvvəlcə balaca boylu, arıq cüssəli qadına – Tərgülə yaxınlaşdılar:

-Cütü 10 manata deyirsiniz?

Tərgül dedi:

-10 manata.

Gənc ər  dedi:

-Baxım.

Alıb baxdı. Onun qadını dilləndi:

-Arıqdır. Əti yoxdur. Sür-sümükdür. Ondan nə bişirəcəm? Sərçə boydadır.

Nəsibənin səsi gəldi. Gənc ər-arvada müraciətlə deyirdi:

-Cütünü 15 manata deyirdim, endirim edirəm. Cütü 14 manata.

And Amanovu göstərərək:

-Bu yoldaş 3 cüt aldı, -deyə bildirdi.

Sonra Tərgülə işarə edərək:

-O xanımın satdığı toyuqlar kənd toyuğu deyil, – dedi. -Görmürsünüz bəs?

Bunu eşidən gənc ər toyuğu Tərgülə qaytarıb, Nəsibəyə  sarı gəldi. Dalınca da arvadı.

-Bir az da aşağı olar?

-Yox. Cütü 14 manata. 2 manat düşdüm də.

-Yaxşı, bir cüt alırıq.

Bir cütün pulunu verib getdilər.

Bir-iki nəfər də toyuq satılan meydançaya gəldi. Kimisi toyuqların qiymətini soruşub sərf eləmədiyi üçün çıxıb gedir, kimisi Tərgülə yanaşıb çənə vurur,   amma axırda Nəsibə ilə sövdələşirdilər.

And Amanov dayanıb baxır, bu mənzərəni, alverin necə getdiyini seyr edirdi.

Tərgül onun alverinə pəl vurduğuna, gəlib-gedənə “O toyuqlar brolyer toyuqlarıdır, ona görə ucuz verir” deməsindən çox pərt olmuş, Nəsibəyə bərk acığı tutmuşdu. Artıq özünü saxlaya bilməyib And Amanov da eşitsin deyə,:

 -Niyə ağzına gələni tullayırsan? – bağırdı.  -Mənim toyuqlarım brolyer toyuğudur? Sənin kimi mənim də uşaqlarım var, onlar da yemək, geyinmək istəyir. Niyə qoymursan alverimi edim, çörək pulu qazanım? Sən düz adamsan? Sən bu camaatı aldatmırsan?  Sən özün brolyer toyuğu satmırsan? Ayaq-ayağa bağladığın toyuqların biri kənd toyuğudur, o biri brolyer toyuğu…

And Amanovun toyuqları gəlib çıxmışdı. O, əlində 3 cüt toyuq dayanıb gözləyirdi. Təəccüb içərisində idi. Matı-mutu qurumuşdu. “Bu da rayon yeri, bu da kənddən gələn toyuqlar!”.

Tərgül səsini başına atmışdı. Nəsibə qaçıb onu qucaqladı:

-Bacım, bəsdir. Açıb-ağartma. Məni rüsvayi-cahan eləmə. Çörəyimi kəsmə.

Tərgül dilləndi:

-Sən mənim çörəyimə bais olanda, yaxşı idi?

Tərgül üzünü And Amanova tutaraq:

-Dediyim həqiqətdir! Bu Nəsibə xanım da, o Gülbacı da fırıldaqçıdır.  Bayaq fikir verdinizmi? Nəsibə Gülbacıya zəng edəndə nə dedi? Dedi ki, 6 toyuq göndərirəm. Onları təmizlə. Bu onların bir-birinə işarəsi idi. Gülbacı bir xeyli brolyer toyuğunu evində kəsdirib, təmizləyib, ütüb hazır qoyur. Oğlu gedib həmin brolyer toyuqlarından gətirib müştərilərə verir. Sonra kənd toyuqları diri halda geri qayıdır, bazara gəlir. Kənd toyuğu göstərilib, brolyer toyuqları satılır.

And Amanov bir də onda gördü ki, əli boşaldı. Əlində tutduğu kəsilmiş, təmizlənmiş, ütülmüş toyuqlar olan torba yerə gəldi.

Yazıya 498 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.