AKİF ABBASOV – ŞƏMKİR SƏFƏRİ (hekayə)

akif abbasovGəncədə Şəmkir müəllimin oğlu Şakirin toyu idi. Asif müəllim qatara – SV –yə biletini Şəmkirə aldı. Dəlilər stansiyasında düşəcək, kürəkəni onu qarşılayacaqdı. Asif müəllim “həm ticarət həm ziyarəti” xülyası ilə yola hazırlaşmışdı. Gəncədə toy mərasimi sabah saat 18-dən başlayacaqdı. Bu gün axşam reysi ilə çıxanda səhər tezdən Şəmkirdə olacaqdı. Qızıgil Şəmkirdə yaşayırdılar. Qızının yoldaşı hərbi həkim idi. Şəmkirdəki hərbi hissənin xəstəxanasında işləyirdi. Şəmkirə getməklə Asif müəllim həm uşaqlara Allahın verdiyindən pay aparacaq, həm qızını, həm kürəkənini, nəvəsi Banunu görəcək, nəvəsi ilə oynayacaq, axşamüstü taksi, yaxud marşrut mikroavtobusla Gəncəyə yola düşəcəkdi. Gəncə ilə Şəmkir arasındakı məsafə 20-25 dəqiqə ancaq olardı.

Bakıya biletini də qabaqcadan almışdı. Gəldiyi qatarla da qayıdacaqdı.

Zəng edib kürəkənə, qızına da hansı qatarla çıxacağını demişdi. Vaqon 11, yer 9. Xoşbəxtlikdən Şəmkirə də, Bakıya da bilet eyni vaqona, eyni kupeyə idi.

Qatar 9-a iyirmi dəqiqə işləmiş yola düşürdü. Evdə nə qədər çalışdılarsa pay çantasını bir yox iki oldu. Asifə ağır yük qaldırmaq da olmazdı. Odur ki, aparacağı ərzaq və hədiyyələri iki çantaya yerləşdirdilər.

Mətbəxdən səs gəldi.

–  Yol gedəcəksən, bir şey ye.

Asif müəllim:

–  İştaham yoxdur, amma yüngülvari nəsə yeyim, dedi. -Bir də gecə vaxtı kupedə qurt-quran açmayım, yeməyə oturmayım.

–  Nə gətirim?

Asif müəllim paltarını geyinə-geyinə:

–  İki-üç İveriya sosiskası qaynadıb gətir, bir iki tikə də çörək. Salat istəmirəm, -dedi.

Dedi və oturub gözləməyə başladı. Ortaya yemək qoyuldu. Elə sosiskanın birini yarıya çatdırmışdı ki, mobil telefon səsləndi. Qızı idi:

–  Eşidirəm, qızım.

–  Ata haradasan?

–  Evdəyəm, bala, dedim yüngülvari qəlyanaltı edim…

Qızın həyəcanlı səsi eşidildi:

–  Ata, nə danışırsan, sənin qatarın tərpənib. Zəng elədim ki, görüm, yola düşdün?

Asif müəllim yerindən dik atıldı, bir divardakı saata baxdı, bir də dərhal döş cibindən çıxartdığı biletə.

–  Vay. Doğrudan…

Asif müəllim tək özü, ya da həyat yoldaşı və oğlu ilə ara-sıra Şəmkirə gedər, uşaqlara baş çəkərdi. Həmişə də saat 23-ə işləyəndə yola düşən Bakı-Qazax qatarına bilet alardı. Bu dəfə bileti ondan əvvəlki reysə götürmüş və vaxtını unutmuşdu. Fikirləşmişdi ki, taksi çağırtdırıb yarım saat, 40 dəqiqə qalmış Dəmiryolu vağzalına gedər.

Telefondan səs gəldi:

–  Ata, hansı reyslə gələcəyini özün mənə xəbər vermişdin. Bəs necə olur ki,…

Asif müəllim tez:

–  Qızım, narahat olma, taksini Biləcəriyə sürdürüb qatara orada əyləşərəm.

Yaxşı ki, əvvəlcədən geyinib oturmuşdu. Tez çantaları götürdü və özünü mənzildən çölə atdı. Mənzil yaxşı ki, ikinci mərtəbədə idi, bina da küçəyə baxırdı. Gedə-gedə taksi sürücüsü Samiti yığıb:

–  Haradasan? Uzaqda deyilsən ki? Onda tez özünü çatdır, Biləcəriyə gedəcəyik. Qatara gecikmişəm.

Samit həmişə boş olanda bir tin aralıda, Azad Azərbaycan Televiziyasının yanında dayanıb müştəri gözləyirdi.

Asif müəllim yola çıxdı. Qarşıdan taksi gəlirdi. Samiti gözləməyə səbri çatmadığından əlini qaldırıb taksiyə əyləşdi:

–  Biləcəri dəmiryolu vağzalına sür.

Sonra Samitə zəng etdi:

–  Samit, bağışla, gözləyə bilmədim. Taksi düşdü, mən getməli oldum. Sən də işində ol.

Taksi “İnşaatçılar” metrosuna qədər maneəsiz getdi, 20 yanvar stansiyasına qədər arada tıxac oldu. Amma çox ləngimədilər. Biləcəriyə çata-çatda tıxaclar başladı, nə başladı?!

Biləcəri dəmiryolu vağzalına çatmağa lap az qalmış taksi dayanıb durdu.

Evdən, Şəmkirdən zənglər gəlirdi:

–  Haradasan, qatara çata bildin?

Nə desin? Onları sakitləşdirsə də, özü sakitləşmək bilmirdi. Qatar da ötüb keçdi. Bir istədi evə qayıdıb səhər tezdən yol maşını ilə Şəmkirə getsin. Lakin fikrini dəyişdi. Maşın nə vaxt düşəcəkdi, Şəmkirdə nə zaman olacaqdı? Yox, bir də bu çantaları evə daşı, səhəri gün özünə yük elə…

Üzünü sürücüyə tutaraq:

–  Avtovağzala sür, – dedi.

Gəlib mərkəzi avtovağzalda düşdü. 15 manat sürücüyə verdi. Bir nəfər dayanıb:

–  Gəncəyə, Şəmkirə! – deyə müştəri axtarırdı. Axşam saat 21.45 idi. Sürücüyə yaxınlaşıb

–  Neçə nəfərin var?

–  Adam yoxdur. Çox gözləməyəcəyəm. Bir-iki adam olsa, tərpənəcəyəm.

–  Şəmkirə neçəyə aparırsan?

–  25 manata.

Asif müəllim hesabladı: SV vaqonun biletinə haradasa 23 manat vermişdi. Bayaqkı taksi sürücüsü də 15 manat aldı. Bu da 25 manat istəyir. Daha fikirləşməyin yeri yox idi.

–  Mən gedirəm. Amma maşını asta sürərsən. Gecə vaxtıdır, tələsən yerimiz də yox.

–  Oldu.

Sürücü başladı çağırmağa:

–  Gəncə, Şəmkir…

Az sonra bir nəfər cavan oğlan yaxınlaşdı:

–  Gəncəyə gedəcəyəm.

–  Əyləş.

O, qiymətini soruşdu, sürücü dedi.

Maşın tərpəndi. Cavan oğlan qabaq, Asif arxa oturacaqda əyləşmişdi. Cavan oğlan sürücüyə sarı dönüb:

–  Tələsirəm, bacardığın qədər bərk sür.

Asif müəllim dilxor oldu: “Mən nə deyirəm, bu nə deyir? Bu cavanlar lap qəribə və dözülməz olublar. Öz bildiklərini yeridirlər. Gör bir ağsaqqaldan soruşurlar ki, asta sürsün, ya bərk? Hökm edir ki, sürəti artır. Ha de, ha nəsihət ver. Söz deyərsən üzünə qayıdar”.

Zənglər gəlməkdə idi. Həyat yoldaşı:

–  Gecə vaxtı maşınla getmə, Qaradağda düşüb, qatara minərsən, – deyirdi.

Qızı da:

–  Qatara biletin var, Hacıqabulda minərsən.

Hacıqabul məsələsi Asifin ağlına batdı.

Həm də maşınla gecə yarısı Şəmkirə çatması heç onun öz ürəyincə də deyildi. Gecənin bir aləmi evdəkiləri narahat etmək istəmirdi. Onda gərək vağzalın gözləmə salonunda oturub səhərin açılmasını gözləyəydi.

Birdən üzünü sürücüyə tutaraq:

–  Mən Hacıqabulda düşməli oldum, – dedi.

Sürücü bunu gözləmirdi. Odur ki, əyləci basıb maşını saxladı. Təəccüblə Asif müəllimə baxdı:

–  Biz elə danışmadıq axı…

Asif müəllim mehriban:

–  Narahat olma, – dedi. -Söz danışıqdan keçər. Şəmkir pulunu verəcəyəm sənə. Amma evdəkilər də razı deyil, elə mən özüm də. Gecə vaxtı maşınla yol getmək istəmirəm. Qatara oturacağam. Biletim var.

Başına gələnləri müxtəsər onlara anlatdı. Sürücü maşını Hacıqabul dəmiryol vağzalına sürdü. Asif müəllimin çantalarına da kömək etdi.

Asif müəllim gözləmə zalına keçdi. Qatarın gəlməsinə saat yarım, 2 saat vardı. Qatarı qabaqlamışdı: “Bu, yaxşı oldu. Yorulmuşam, kupedə yatıb dincimi alaram. Tezdən olaram Şəmkirdə”.

Nəhayət, qatar gəlib dayandı. Asif müəllim çantalarını götürüb 11-ci vaqona sarı getdi. Çatıb biletini çıxardı. Bələdçi:

–  Neçənci yerdir? – deyə soruşdu.

–  9-cu.

–  Ola bilməz.

Asif müəllim artıq vaqona minmişdi. Çantaları yerə qoyub:

–  Necə ola bilməz? Budur, baxın, 11-ci vaqon, 9-cu yer.

Kişi udqundu:

–  Gördüm, gəl səni birinci kupedə yerləşdirim.

–  Xeyr. Öz yerimdə.

–  Bağışlayın, gördüm gəlib çıxmırsınız,. Mən də o yeri başqasına verdim. İndi yəqin yatıb.

Asifin baxdığını görüb:

-Əlacsızıq. Arada imkan düşəndə çax-çux edirik.

Asif inadla:

–  Xahiş edirəm, mənim yerimi boşaldın, – dedi.

Asif müəllim əllərində çantalar kupeyə yaxınlaşdı. Bələdçi kupenin qapısını açdı. İki nəfərlik kupenin işıqları sönmüşdü. Sakinlər yatırdılar.

Asif müəllim insafdan bilmədi ki, onun yerini tutan adamı gecənin bu vaxtı oyatsın. Odur ki, dedi:

–  Yaxşı, qoy yatsın. Mənim də yerimi göstər uzanım. Başıma iş gəlib, lap əldən düşmüşəm.

Bələdçi ona yer verdi. Asif müəllim çay istədi. Çayını içəndə bələdçi gəlib oturdu:

–  Bağışla, üzr istəyirəm. Maraq mənə güc gəlib. Bakıdan bilet almısan, amma Hacıqabulda mindin. Yəqin burada işin var imiş.

Asif müəllimi gülmək tutdu. Başına gələnləri danışdı. Bu dəfə bələdçi özünü saxlaya bilməyib güldü:

–  Mən də gördüm yer boş qalıb. Fikirləşdim, kimdirsə, işi çıxıb, gedə bilməyib, biletini qaytarıb. Dedim bir nəfər götürüm, siqaret pulu olar, heç olmasa.

Asif müəllim davam etdi:

–  Sabah axşam, elə bu qatarla Bakıya qayıdacağam. Bu vaqonda – 9-cu yer mənimdir.   Daha o səhvi eləmərəm. Toyda iştirak edib, yarım saat, 1 saat vaxta qalmış Gəncə dəmiryolu vağzala gələrəm. Gəncədən minəcəyəm. Bu gün başıma gələnlər mənə dərs oldu. Gecəniz xeyrə qalsın…

–  Xeyrə qarşı. Yatın, yatın.

Asif müəllimin kürəkəni Şəmkirdə qarşısına çıxmışdı. Maşına əyləşib qızıgilə getdi…

Axşam saat 21 olardı. Toyda yaxşı yeyib içmiş, qol götürüb oynamışdılar. Qatarın Gəncə dəmiryol vağzalına gəlməyinə xeyli vardı. Bir taksiyə oturub gedəcəkdi. Dostlardan professor Fərhad müəllim də toyda idi. Yanaşı oturmuşdular. Fərhad müəllim Bakıdan axşamüstü gəlmişdi, o da iştirak edib qayıdacaqdı. O, birdən saatına baxıb:

–  Mən getmək istəyirəm. Üç saatdır oturmuşuq. Bəs edər. Getmirsən?

Asif müəllim cavabında dedi:

–  Mənim qatarım saat 24 də işləyəndə gələcək. İndi çıxıb nə edim, burada bir az ləngiyib, çay içib vaxtı öldürəcək, sonra taksi çağıracağam.

–  Qatar nəyinə lazımdı? Biletin var?

–  Var.

–  Mən maşınla gəlmişəm. Sürücüm buralardadır. Onsuz da tək qayıdıram. Birlikdə gedək.

–  Maşınla yola çıxmaq istəmirəm. Qatar rahatdır, başını at, yat, oyananda görürsən çatmısan.

–  İndi saat 22-yə işləyir. Çıxsaq, uzağı saat 1-ə, 2-yə işləmiş Bakıdayıq. Qatar isə, gecikməsə, sabah səhər saat 10-da Bakıya çatacaq. Biletini qaytararıq.

–  Biletə görə demirəm. Sürücün yorğundur. Bu uzunluqda yol gəlib. İndi də 4-5 saat maşın sürəcək.

–  Sürücü sarıdan narahat olma, yanında oturub söhbətə tutacağam. Hünəri var, yatsın. Nə deyirsən, tərpənək?

Asif müəllim onun haqlı olduğunu görüb ayağa qalxdı

Zəng gəldi. Qızı idi:

–  Ata, haradasan? Toyda? Qatarın yola düşmə vaxtını unutmamısan ki?

–  Yox, qızım. Amma Fərhad müəllim öz maşını ilədir. Deyir mənimlə gedək.

Qız etirazını bildirdi:

–  Ata, qatara biletin var. Qatar ən yaxşı nəqliyyatdır. Rahat, təhlükəsiz… Yoldur-irzdir, yüz cür hadisə olur. Qurban olum, dəmiryolu vağzalına get.

–  Yaxşı, yaxşı, görürəm, narahat olursan.

Az sonra yenə zəng gəldi:

–  Asif, qatara min ha.

Həyat yoldaşı idi.

Fərhad müəllim maşının yanında dayanıb onu gözləyirdi. Siqaret çəkib “Mersedes”ə əyləşdilər. Kürdəmirdə maşını saxlayıb çayxanada oturdular. Haradasa bir saat burada ləngiyib, mürəbbəli çay içib söhbət etdilər. Əslində ləngimələrinin səbəbi bu idi ki, sürücü gözünün acısını alsın.

Arada zənglər oldu. Asif müəllim qızı ilə həyat yoldaşını əmin elədi ki, Bakıya qatarla qayıdır.

Haradasa saat 2-nin yarısında Asif müəllim qapının zəngini basıb, mənzilə daxil oldu. Həyat yoldaşı təəccüblə ona baxıb:

–  Maşınla gəldin? – deyə təəccüb və qınaq ilə soruşdu. Amma onun sağ-salamat gəldiyini görüb, təbii ki, sevindi.

Qatar artıq yola düşmək üzrə idi. 11-ci vaqonun kupesindəki 9–cu yerin sahibi gəlib çıxmamışdı. Bələdçi çox boylandı Asif müəllim görünmürdü. Bələdçi başını bulayıb vaqonun qapısını bağladı:

–  Bu nə qəribə adamdır? “Görəsən indi harada – Ucarda, Kürdəmirdə, yoxsa Hacıqabulda minəcək”.

Gəncədən Bakıya “Mersedes”də qayıdanda Asif müəllim də qatar bələdçisini yadına salaraq düşünürdü: “Telefon nömrəsini də götürmədim ki, zəng edim deyim ki, maşınla getməli oldum. Yerimə bir nəfər götür, yenə çörək pulun olar”.

Onun öz-özünə güldüyünü görən Fərhad müəllim çevrilib ona baxdı. Asif müəllim:

–  Bilirsən nəyə gülürəm? – deyə soruşdu.

Başladı əhvalatı dostuna danışmağa, sonra əlavə etdi:

–  İndi bu bələdçi Allah bilir mənim barəmdə nə fikirləşir. Yəqin əhli-kef adam olduğumu düşünür. Qatar hər stansiyada dayananda gözləyir ki, nə zaman gəlib kupemə keçəcəyəm. Daha bilmir ki, bu dəfə qatara heç minməli olmadım. Amma ona təəssüflənirəm ki, gərək bələdçinin telefon nömrəsini götürəydim.

–  Zəng edib deyərdim yerimi kimə isə verər.

Bakı şəhəri, 2005-ci il

 

Yazıya 507 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.