İlahə Qəhrəman – Böyük adam…

                

PHOTO-2021-02-09-12-00-40 (1)İlahə Qəhrəman (Qəhrəmanova İlahə Həsən qızı) 1978-ci ildə Bakı şəhərində doğulub. Azərbaycan Texniki Universitetinin İnformasiya Texnologiyaları fakultəsini həm bakalavr, həm də magistr pillələri üzrə bitirib. Bir vaxtlar məzunu olduğu ali məktəbdə işləyir. Universitetdə oxuduğu illərdən ədəbi yaradıcılıqla məşğuldur. Uşaqlar üçün yazdığı hekayə, nağıl və əfsanələrin bir qismi mətbuatda işıq üzü görüb. 2018-ci ildə “Adiloğlu” nəşriyyatında “Əlahəzrət Zaman” adlı hekayələr kitabı həm böyklərin, həm də uşaqların böyük marağına səbəb olub. Xanım yazarın hal-hazırda uşaqlar üçün qələmə aldığı yeni kitabı çap prosesindədir.

İlahə xanımın özünün də dediyi kimi o, uşaq ədəbiyyatının inkişafı üçün çalışır və texniki mövzularda qələmə aldığı yeni nağıl və hekayələrin  uşaqların riyaziyyat və informatika fənnlərində çətinlik çəkə biləcəkləri mövzuları daha rahat qavramalarına kömək edəcəyini düşünür.

İsmayıl İmanzadə,  AYB-nin Mingəçevir bölməsinin sədri

      

 

BÖYÜK ADAM

Nərmingilin ailəsi böyük deyildi. Bacısı Nuranədən yeddi yaş, qardaşı Fikrətdən isə dörd yaş kiçik idi. Sonbeşik olduğu üçün evdə hamı onun nazını çəkir, qeydinə qalırdı. Amma Nərmin balaca olduğunu qəbul etmək istəmirdi. Fikirləri, arzuları o qədər böyük idi ki, ona balaca deyəndə əsəbləşirdi.

Nərmin ağ bənizli, sarışın, gur saçlı idi. Güləndə al dodaqlarının arasından cərgə ilə düzülən mirvari dişlərinin parıltısı yaşılımtıl gözlərindəki işıltıya qarışıb üzünü nura boyayırdı. Zərif qaməti, incə səsi ilə nağıllardakı pəricikləri xatırladırdı. Qardaşı Fikrət Nərmini çox istəyirdi, amma zarafatından da qalmırdı. İmkan tapan kimi “balaca” deyə qızı cırnadırdı. Anası Fikrətə dediyi sözə görə acıqlananda uzaqdan işarə barmağı ilə baş barmağını üç santimetrlik məsafədə tutub pıçıltı ilə “Bu boydasan” deyib, qızı özündən çıxarırdı. Hərdən bacısına uzaqdan baxıb altdan-altdan güləndə də “O mənə ürəyində “balacasan” deyir” qışqıran Nərmin böyükləri güldürürdü.

Uşaqların üçü də çalışqan idilər. Nərmin həkim olmaq istəyirdi., amma nə həkimi olacağına qərar verə bilmirdi. Hüquqşünas olmağı arzulayan bacısının da həkim olmasını istəyirdi.

İllər ötdü. Uşaqlar böyüyüb təhsil aldılar. Nüranə arzuladığı kimi hüquqşünas olmuşdu. Şəxsi hüquq məsləhətxanasını yaratmış, əsasən qadınların haqlarının qorunması uğrunda mübarizə aparırdı. Ailədə, cəmiyyətdə qadın zorakılığına qarşı çıxır, bütün qadınları xoşbəxt görmək istəyirdi. Çünki bilirdi, yalnız qadını təhsilli, azad, xoşbəxt olan xalq inkişaf edə bilər.

Fikrət jurnalist olmuşdu. Bütün dünyanı gəzir, məhşur insanlarla görüşür, məqalələr yazır, televiziya verilişləri hazırlayırdı. Müxtəlif sahələrdə çalışan xeyli sayda dostları var idi. Məktəb yaşlarından indiyə qədər dostluqları davam edən Eldar ilə bir kanalda çalışırdılar. Hər səhər görüşüb ya Fikrətin, ya da onun maşınında işə gəlirdilər.

Həftənin cümə günü idi. Fikrət saat 8:00-da efirə gedəcək verilişi hazırlamaq üçün sübh tezdən işə gəlmişdi. Dəhlizdəki səs-küyü eşidib, nə baş verdiyini öyrənmək üçün qapını açar-açmaz xəbərlərin aparıcısı qonur gözlü, sarışın qız olan Sevda:

-Eldarı maşın vurub-deyərək pilləkənlər tərəfə qaçdı. Bir anlıq donub qalan Fikrət Sevdanın arxasınca qaçıb çölə çıxdı. Eldar asfaltın üstündə huşsuz vəziyyərdə uzanmışdı. Gicgahından zədə aldığı aydın görünür, yaradan qan axırdı. Təcili yardım maşını gəldi. Eldarı ehtiyyatla xərəyə uzadıb, maşına qoydular. Fikrət veriliş üçün hazırladığı materialların yerini Sevdaya söyləyib maşına, Eldarın yanına qalxdı. Həkimin sözlərinə məhəl qoymayıb: “Neyrocərrahiyyəyə gedirik”-dedi. Yolda Fikrət mobil telefonla kiməsə zəng edib vəziyyəti danışdı. Xəstəxananın dəhlizində onları zərif, yaşıl gözlü, ağ bənizli gənc bir həkim qarşıladı. Xəstəni yerindəcə müayinə edib:

–         Əməliyyata hazırlayın-deyə, qətiyyətlə söylədi. Fikrət həkimi qolundan tutub saxladı:

–         Nərmin, yaşayacaq?

Qardaşının ümüd dolu gözlərinə baxıb heç nə söyləmədən əməliyyat otağına yollandı.

Altı saatdan sonra xəstəni reanimasiyaya aparanda əməliyyatın uğurlu keçdiyini, xəstənin vəziyyətinin normal olduğunu tibb bacısı Fikrətə söylədi.

–         Bəs Nərmin hanı?

–         Həkim dincəlir. Bir saatdan sonra növbəti əməliyyata girəcək.

Bu gün Nərminlə görüşə bilməyəcəyini anladı. Birdən Fikrətin yadına düşdü ki, Eldarın ailəsinə xəbər verməyib. Onlar işdə olduğunu,  axşam isə həmişəki vaxtda evə gələcəyini düşünürlər. Eldarın qardaşına zəng etmək qərarına gəldi, çünki anasına bu xəbəri qəfil söyləyə bilməzdi. Mobil telefonda Rasimin nömrəsini tapıb yığdı:

–  Salam.

– Əleykə salam. Səsini eşidək. Xeyir ola, Eldar olan yerdə məni yada salmısan?

Bir az ara verib:

-Kaş xeyir olaydı. Xəstəxanadayam. Gələ bilərsən?

-Nə olub ki?

-Olmuşdu. Şükür, ötdü, amma gəlsən yaxşıdı.

İyirmi dəqiqədən sonra Rasimin hündür qaməti dəhlizin o başında göründü. Fikrət hadisəni danışanda oğlanın rəngi ağardı.

-Özüm görmədim. İş yoldaşlarım söylədilər. Maşını dayanacaqda saxlayıb işə gələndə əlindəki buraxılış kartı yerində dayanmış bir “cip”in arxasında asfaltın üstünə düşüb. Əyilib kartı götürmək istəyəndə “cip” yerindən tərpənib. Sən demə, gecə növbəsindən çıxan Cavad müəllim maşının içində imiş. Arxada yerə əyilmiş Eldarı görməyib maşını üstünə sürüb. Gicgahına zərblə toxunan maşını yaxşı ki, anında saxlayıb. Yoxsa, Allah eləməsin, üstünə çıxa bilərdi. Bu böyük maşınların mənfi tərəfi budur da… Arxada kamera olmayanda yaxın məsafədə yerə əyilmiş adamı görmək olmur. Lap tank kimi. İçəridən qarşıdakı bir metrlik məsafəni görmək olmur. Müharibə vaxtı düşmən tankını partlatmaq üçün puskuda yaxınlaşmağını gözləyib məhz bu məsafədən içinə bomba ataraq məhv edə bilirdilər.

ikrət bütün bunları Rasimi sakitləşdirib vəziyyətdən çıxarmaq üçün uzun- uzadı söyləyirdi.

– Sən ürəyini sıxma! Bizim Nərmin heç kimə boşuna ümid verməz. “Yaşayacaq” dediyi adama zaval yoxdur. Rasim:

– Allah Nərmin bacının canını sağ eləsin.

Deyib, gözünün yaşını sildi.

Səhəri gün işdən imkan tapan kimi xəstəxanya gələn Fikrət birbaşa Nərminin otağına yollandı. Üstündə iri hərflərlə “neyrocərrah N. Mehdiyeva” yazılan qapını döyüb içəri keçdi. Üzəri kağız-kuğuzla dolu böyük masanın arxasında oturan Nərmin nə isə yazırdı. Fikrəti görən kimi gülümsədi.

-Dostun narkozdan ayılan kimi xaş istəyib. Deyəsən xaşın eşqinə düşündüyümdən də tez ayağa qalxacaq.

Bacı-qardaş xeyli güldülər. Sonra otağa sükut çökdü. Fikrət iri pəncərəyə yaxınlaşıb, Nərmini işarə ilə yanına çağırdı.

-Nərmin, bilirsən də nə boydasan?

-Fikrət, yenə başladın?

-O göydələni görürsən? Bax sən mənim üçün o boydasan. Deyib, bacısına sarıldı…

 

 

 

 

 

 

 

 

Yazıya 743 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.