Vədələşmişdilər. “Çanaqqala”restoranında görüşəcəkdilər. Teymur maşına yer eləyib düşdü. Sərdar onu qonaq çağırmışdı: “Çoxdandır bir-birimizi görmürük. Saat 6-da səni gözləyirəm. həm şam edərik, həm də dərdləşərik”.
Sərdar artıq burada idi. Görüşüb öpüşdülər. Teymurun kişi öpüşməsindən xoşu gəlməsə də, bu, artıq dəbə düşmüşdü. Dostlar, yoldaşlar, hər kim olursa-olsun görüşəndə bir-birlərinə əl verməklə kifayətlənməyib öpüşürdülər. Eləsi də olurdu ki, dodağını dodağına dirəyirdi. Sərxoş, dəm olanda hətta dostunun dodağını çeynəyən də tapılırdı.
Teymurdan olsaydı, heç əl verib görüşməzdi də. Salam verdin, qurtardı. Salam bunların hamısını əvəz edir. Amma bunu kimə deyəsən?!
Guya bərk-bərk bir-birinin əlini sıxmaq, qucaqlaşıb öpüşmək dostluğun, yoldaşlığın möhkəm olmasından xəbər verir? Dostluğun, yoldaşlığın öz qayda-qanunları var. Onlara sadiq qalmaq, onları yerinə yetirmək lazımdır. Eləsi də var ki, adını yoldaş qoyub, rastlaşanda, işi düşəndə sənin sir-sifətini yalayır, səndən ayrılandsan sonra dalınca danışır, yaxud da puçunu burur.
İndi qadınlar da kişilərin öpüş səhnələrinə qəribə baxır, öz aralarında onları qınayırdılar.
Əlqərəz kişi kişi ilə öpüşməz. Teymurun qənaəti belə idi, belə düşünürdü. Amma əlacsız qalmışdı, palaza bürünüb, ellə sürünürdü.
Sifariş verdilər. Soyuq yeməklər gəlməkdə idi ki, Sərdarın telefonuna zəng gəldi. Sərdar cavab verdi:
-Alo, hə, qardaş, yoldayam, gəlirəm.
Bu sözləri deyib telefonu qapadı. Teymurun sual dolu baxışlarını görüb məlumat verdi:
-Xırdalandandır. Bir dostum var. Onunla görüşməliydim.
-Saat neçədə?
-Saat 6-da.
Teymur təəccüblə ona, sonra saatına baxdı. Saat 7-yə 10 dəqiqə işləyirdi.
-Nə 6, artıq 7-yə işləyir. Burdan Xırdalana, özü də bu vaxtı – tıxacın tüğyan etdiyi vaxtda necə getmək olar?
Sərdarın dinmədiyini görüb ayağa qalxdı:
-Yemək sifariş vermişik, hələ heç sifarişimiz də gəlməyib. Söz danışıqdan keçər, tərpən.
Sərdar halını pozmadan:
-A kişi, hara tərpənim, otur, rahat yeməyimizi yeyək. Gözləyər.
Teymur əyləşdi. Kabablar, içkilər gəldi. Yeməyə başladılar. Yarım saat keçmişdi ki, Sərdarın telefonu səsləndi.
-Hə, Murad, yoldayam, tıxac var, ona görə ləngiyirəm.
Telefon qapandı. Teymur Sərdarın, Sərdar Teymurun sağlığına badə qaldırdılar. Teymurun oğlu, Sərdarın qızı ali məktəbə qəbul olunmuşdu. Onların sağlığına da içdilər.
Telefon aramsız səslənirdi. Sərdar:
-Qardaş, – dedi, – vallahi-billahi tıxacda qalmışam. Metr-metr irəliləyirik. Piyada yola düzəlsəydim, çoxdan çatmışdım. Təqsir səndədir. Bilmirsən bu vaxtlar Bakı-Sumqayıt yolunda aləm bir-birinə qarışır, maşın maşının üstünə çıxır. Gərək görüşü ya 6-dan əvvələ, ya da 6-dan sonraya salaydıq. İndi tıxacda ilişib qalmışam, geriyə də qayıda bilmirəm. Səbir elə. Allah kərimdir. Özün görürsən də necə tıxac var.
Sərdar telefonun səsini qaldırmışdı. Muradın səsi eşidilirdi:
-Hə, düz deyirsən. Tıxacdır.
Telefon qapandı. Sərdar:
-Bunu da içək ailəmizin sağlığına. Allah bizi onlara, onları bizə çox görməsin.
-Amin.
İçdilər.
Saat 8 idi. Zəng gəldi. Xırdalandan idi:
-Ay Sərdar, Sumqayıt yolu açılıb. Sən harada qaldın? İki saatdır gözləyirəm. Gözümün kökü saraldı, ayaq üstə durmaqdan ayaqlarımda tab qalmadı.
-Ay Allah saxlamış, ayaq üstə niyə dayanmısan ki? Bir oturacaq tapıb əyləşə bilmirdin?
Sərdarın kefi saz idi. Murad isə hiss olunurdu ki, artıq əsəbiləşib.
-Balam, gəl çıx da.
Muradın danışıq ahəngi Sərdara xoş gəlmədi. Odur ki, bozardı:
-Ay zalım oğlu, görürsən gəlmək istəmirəm, əl çək də.
Murad mat-məəttəl qaldı.
Teymur da onun kimi.
Sərdarın heç vecinə deyildi.
Bakı şəhəri, 09 sentyabr 2021-ci il
Yazıya 243 dəfə baxılıb