Vahid Əziz – QƏRİBƏ TALELİ ŞƏHƏRDİ ŞUŞA… (şeirlər

xalq sairi vahid eziz (1)QƏRİBƏ TALEYLİ ŞƏHƏRDİ ŞUŞA…

 

Qəribə taleyli şəhərdi Şuşa,

Səkkizi getmişdi,Səkkizi gəldi,

Coşdu “Xarı bülbül” laləylə qoşa,

Süsəni,sünbülü,nərgizi gəldi.

 

Hər daşı,çiçəyi nəğmə-şeirdi,

Sınağa çəkəni”xeyirlə”,”şərdi”,

Qürbətdə lal olub qəribsəyirdi,

Özünə bülbülün nəğməsi gəldi.

 

Qiyamət gününün vaxtı yetişdi,

Hər əsgər düşmənlə şirtək döyüşdü,

Yürda son baharın ayağı düşdü,

Zəfər nəğməsinin nəfəsi gəldi.

 

Şiş qaya üstündə Xan şəhəridi,

Yurdun incisidi,can şəhəridi,

Xalqın alın təri,qan şəhəridi;

Şuşa silinməyən xatirələrdi.

 

Şuşamız əbədi bizə qalacaq,

Hələ çox qisaslar Vətən alacaq,

Dünya çöhrəsinə heyran olacaq,

İlhamlı yeni bir əsərdi Şuşa,

Qəribə taleyli şəhərdi Şuşa…

 

 

Noyabrın Onu gəlir

 

Bundan sonra hər payızda

bayram-bayrama qarışar,

kimi toyda,kimi Vətən şənliyində;

aşıq-aşıqnan yarışar.

 

Bundan sonra payız fəsli

ilk bahartək şən olacaq,

Şuşa, Laçın, Kəlbəcərli

zirvələr gülşən olacaq.

 

Bundan sonra son baharın

sevinci aşıb-daşacaq,

məğrur payız Zəfərinə

könüllər nəğmə qoşacaq.

 

Noyabrın Onu gəlir,

aşıq,köklə telli sazl,

Azərbaycan gözəlidir

İki Min İyirminin payızı…

 

İKİ FATEHİ VAR İNDİ DÜNYANIN…

 

Rədifin kim pozar Tanrı yazanın?

Hər sözdə cəsarət, mərhəmət,inam,

İki fatehi var indi dünyanın ;

Birisi – Ərdoğan, birisi – İlham.

 

Sevdim həm keçmişi, həm gələcəyi,

Suyundan çəkiblər Dədə Qorquda,

Oldular bir canın iki ürəyi,

O da Türk övladı, Türk oğlu bu da!

 

Onlar elə igid, o cürə sirdaş –

Türklərdən, bax, belə ərlər doğulur,

İlhamla – Ərdoğan əbədi qardaş,

Azadlıq torpaqla – qannan yoğrulur.

 

Elə qucaqlaşdı bu iki nəhəng-

Tanrı gülümsədi göyün üzündə,

Düşmən nəkaradı? – dağ da yenəcək,

Kişi dayananda Kişi sözündə!

 

 

Bitdi Qələbəylə hicranın sonu,

Xəbərdən bülbüllər gəldilər cuşa,

Gənclik illərində görmüşdü onu –

Səsindən tanıdı İlhamı Şuşa.

 

Əlini çiyninə qoyub oğlunun,

Öndər danışırdı – hər sözü almaz!

Mən canlı şahidi olmuşdum bunun:

“Şuşanı qorusan – Vətən basılmaz”!

 

Ellər yaşadacaq xatirələrdə –

Dastanlar yazdırar xilaskar oğlu;

İlhamı kövrəldən sevinc qəhəri,

Hamıda qürurlu göz yaşı oldu…

 

09.11.2020

 

 

AHA, BU DA PAYIZ…

 

Aha ,bu da payız… gəldi, yetişdi,

Qızılla aldadar bağlar başını,

Zirvəyə ilk şaxta qırovu düşdü,

Çalmayla bağladı dağlar başını,

 

Atı,arabası olanlar cumub

Qəmli meşələrdən odun çəkəcək,

Soyuq sobalara kəndli od vurub,

Tayanın nəmlənən otun çəkəcək,

 

Bulud çisəkləyib isladar damı,

Şaxtalar düşüncə bu hökmü sürər,

İçi,mən qarışıq,şəhər adamı

Payız heyrətini ekrandan görər,

 

İçi,mən qarışıq,şəhər adamı,

(Dünyadan bixəbər nəsil dəyişir),

Gün döyür,qar tutur qırlanmış damı,

Başa düşürük ki,fəsil dəyişir…

 

 

 

DÖZƏK…

 

Əzəl gündən gidi günya

yaxşılıqlı,yamanlıdı;

bəxtəvərmiş şahlar güya?,

onlar da bəd gümanlıdı,

 

Xəlbirdir boşalıb-dolan,

zaylardı dibində qalan,

dünən mənə aydın olan,

bu gün çiskin-dumanlıdı.

 

Haqq gəzirdim könül verəm,

düşünürdüm–yerbəyerəm,

“Can”-deyənnən gen gəzərəm-

hamı canı dərmanlıdı.

 

Dözək,bəlkə taleh gülər,

tutan sünbül dən gətirər,

hər kəs bir cür ömrü bölər,

hər kəs bir cür imkanlıdı…

 

Vahid ƏZİZ,

Azərbaycan Respublikasının Xalq şairi,

Fərdi Prezident təqaüdçüsü.

 

Mənbə: http://edebiyyat-az.com

Yazıya 382 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.